Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov 84 yaşında vəfat edib. Ona münasibət heç zaman birmənalı olmayıb. Ayaz Mütəllibov tarixdə necə qalacaq?
Yenisabah.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadənin fikrincə, eks-prezident qaragüruhun devirdiyi prezident kimi xatırlanacaq:
“Ayaz Mütəllibov tarixdə Kommunist Partiyasının sonuncu Birinci katibi və Azərbaycanın ilk Prezidenti kimi qalacaq. O, 20 il qürbətdə yaşayıb, sonra ölkəsinə qayıdıb. Dinc sakin kimi öz ölkəsində yaşayıb, elə öz ölkəsində də rəhmətə gedib. pizza
O, ağıldan kəm, təkamül və barış yolunu rədd edən, satqın qaragüruhun devirdiyi prezident kimi yaddaşlarda qalacaq. Ayaz Mütəllibov bir çox islahatlar təklif edib, qismən də həyata keçirib. Daim barış axtarıb, lakin qanmaz müxalifət tərəfindən anlaşılmayan prezident kimi qəbul olunub”.
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn isə Ayaz Mütəllibova Allahdan rəhmət diləyib:
“Ayaz Mütəllibov dünən vəfat edib. Hələ heç dəfn olunmayıb. Xalqımızın mənəvi dəyərlərinə uyğun olaraq, hər bir ölən şəxsə olduğu kimi, Ayaz Mütəllibova da Allahdan rəhmət diləyirik. Başqa şərhə ehtiyac yoxdur”.
Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) sədri Mirmahmud Mirəlioğlunun sözlərinə görə, Ayaz Mütəllibov necə idisə, yaddaşlarda da elə qalacaq:
“İlk olaraq ona Allahdan rəhmət, yaxınlarına başsağlığı, səbr diləyirəm. Ayaz Mütəllibov necə vardısa, necə idisə, yaddaşlarda da elə qalacaq. 20 Yanvardan sonra hakimiyyətə gəldi, Xocalı soyqırımından sonra hakimiyyətdən getdi”.
M.Mirəlioğlu qeyd edib ki, eks-prezidentin rejimi Azərbaycanın xeyrinə deyildi:
“Azərbaycanda bir sıra işlərin müəllifi oldu. İlk dəfə Kommunist Partiyasının qurultayında prezident seçildi. Sonra prezident seçkiləri oldu. Seçkilərdə də Azərbaycan ərazisinin seçiciləri tam iştirak etmədi.
Özünəməxsusluğu ilə yadda qaldı, tarix oldu. Bütün məziyyətləri ilə tarixdə qalacaq. Həm müsbət, həm də mənfi cəhətləri ilə. Bundan sonra hər birimiz onun haqqında hörmətlə danışmalıyıq”.
Nəzrin Vahid
Telegram kanalımız