Təbrizin “Traxtur” futbol komandasının son illərdə Azərbaycanda necə diqqətlə izləndiyini və sevildiyini bilirik. Azarkeşlərin şüarları, birlik sevdası hər birimizə məlumdur. Həmsöhbətimiz Ayaz İsmayılovun da “Traxtur”la, Təbrizlə bağlı xatirələri çoxdur. O, bu xatirələrdən “Yeni Sabah”a danışıb.
“Azarkeşliyə “Qarabağ”dan başladım. “Traxtur”un da oyunlarını izləyirdim. Stadiondakı şüarlar insana ruh verirdi. Ən əsası da Qarabağ, Azərbaycan və türkdilli şüarlar. “Youtube”da izləyərkən insanı ora çəkəcək nələrinsə olduğunu hiss edirdim...
İlk dəfə 2015-ci ildə Təbrizə oyuna baxmaq getmək mənə qismət oldu. İl boyu diqqətlə izlədiyim çempionatın son oyununa getməyi qərara aldım. Son oyunda “Traxtur” lider idi. 3:1 irəli olduğumuz zaman digər oyunda “Sebehan“ matçının bərabərə bitdiyi bildirildi. Bütün azarkeşlər və futbolçular sevinməyə başladı. Oyun 10 dəqiqə dayandı, 3:1 irəlidə olan komanda rahatlaşdı və hesab 3:3 oldu. Bu o deməkdir ki, artıq çempionuq. Pepperoni pizza
Stadionda bütün internet kəsilmişdi. Telefon danışığı mümkün deyildi və yalandan verilən anons bizim çempionluğumuzu əlimizdən aldı. Sonradan stadionda anons verildi ki, “Sebehan” son dəqiqələrdə 2:1 hesabı ilə qələbə qazanıb. Belə olanda halda çempion “Sebehan“ komandası oldu. “Traxtur” fars rejiminin qurbanı oldu.
Stadionda 90 min deyil, sanki, 40 milyon azərbaycanlı vardı. Həmin an o qədər insan elə bil, bir anda yox oldu, səslər kəsildi. Bir neçə dəqiqə öncə sevincdən meydana qaçan azarkeşlər əsəbi, ağlayaraq stadionda qaçırdılar. Azarkeşlər və polislər bir-birinə necə gəldi, vururdular. Maraqlısı onda idi ki, hər oyuna orta hesabla 30 min azarkeş gələrdi və 2 min polis olardı. Bu dəfə fars rejimi və İFF (Iran Futbol Federasiyası) stadiona 10 minə yaxın polis, bir o qədər də əsgər yığmışdı. Bu bir plan idi. Həmin gecə Təbrizin küçələrində olanları ancaq gözlə görmək lazım idi.
Təbrizin insanları çox mehribandır. Oyundan bir saat əvvəl stadionun qarşısında səhv etmirəmsə, “Heyvagülü” mahnısına oynayırdılar. Mən də cənublu qardaşlarımıza qoşuldum. Həmin an polis yaxınlaşıb mahnını kəsmək istədi. Azarkeşlər polisləri dövrəyə alıb ordan uzaqlaşdırdılar. Oyundan sonra yadımda azarkeşlərin dediyi söz qaldı: “Biz Azərbaycanlıyıq. Azərbaycanda yaşayanlar unutmayın, Qarabağ müharibəsi başlasa, biz köməyə gələcəyik, heç fars rejimi də saxlaya bilməyəcək”.
İrana gedərkən əlimdə çanta var idi. Sərhəddə saxladılar: “Çantanı açın, baxaq”. Açdım, sərhədçi çantadan formamı çıxartdı. Gördü ki, forma “Traxtur”a aiddir. Ən ağır günah işlədibmiş kimi dəfələrlə üzr istədi: “Sən bura “Traxtur”a görə gəlmisən, mən sənin çantanı yoxlayıram, günah elədim”.
Bir gün sonra Təbrizdə gəzəndə yemək yemək üçün bir kafeyə girdim. Əynimdə formam vardı. Ofisiant yaxınlaşdı, dedi, mən sənin başının üstündə dayanacam. Nəsə lazım olsa, əziyyət çəkib çağırma. De, istədiyini verək. Kafedəki aşpaz da Qarabağ müharibəsi başlasa, biz də buradan gələcəyik söylədi. Dükandan nəsə almağa girəndə soruşurdular ki, “sən də Bakıdan gəlmisən?” Bakıdan gəlmişəm deyəndə “hara getmək istəyirsiniz, nə qulluq edək” deyirdilər.
Son oyuna gedişim isə hardasa 10 gün əvvəl olub. Öz meydanımızda oynayırdıq, qələbəyə köklənmişdim. Stadion dağların arasında yerləşir, yol uzaq idi. Təbrizdə Musellaya məscidi var. Oradan oyuna getmək üçün taksiyə oturdum. Sürücü haralı olduğumu biləndən sonra söhbət eləməyə başladı, tək gəldiyimi öyrəndi. Kimlərəsə zəng elədi, mən orada düşəndə 10 nəfərdən çox adam yaxınlaşıb “Aya, gəl, birlikdə gedək, səni gözləyirdik elə” dedi. Adam kövrəlir. Uduzduq. Fars rejiminin qurbanı olduq yenə.
Mənə deyirdilər ki, gəlin, birləşək, qardaşlığımızı dünyaya sübut edək.
Bir maraqlı söhbət danışım. Orda bir oğlan nəsə satırdı, tüstü çıxırdı deyə, yaxınlaşıb soruşdum. Dedi, “çuğundu, bişiririk, min dərdə dərmandı. Əlacımız olsa, bundan hər gün Azərbaycana göndərərdik, xəstəlik, ağrı sizdən uzaq olardı. Siz bura həkimə gələn gördükcə, canımız yanır”.
Oteldə qaldığımı bilən dayı “bizə gedəcəksən, ölməmişik ki, sən oteldə qalasan” söylədi.
Gecə saatlarında bir dönərxana gördüm, içəri girəndə “ağa, bağlıdı” deyə cavab verdi. Bağışlayın, deyib gedəndə məni çağırdılar, Bakılı olub-olmadığımı soruşdular. Bəli cavabını verəndə “Gəl, sizin üzünüzə hər zaman açıqdır” söylədi. Geri qayıtmaq istədim, qoymadı. Baton çörəyin mənə verib nə yemək istəyirsən, yığ dedi. Öz seçdiyimdən əlavə, birini də o düzəltdi ki, “oteldə acanda yeyərsən. Pul almadı...”
Naibə Məmmədova
Telegram kanalımız