Azərbaycan antiterror əməliyyatı keçirməyə məcbur olacaq? -  “Prosesin içində Rusiya da var”

Azərbaycan antiterror əməliyyatı keçirməyə məcbur olacaq? - “Prosesin içində Rusiya da var”

Siyasət

29 Noyabr 2022 12:41 1319


“Ermənistanın ilk məqsədi gərginlik yaratmaqla, Azərbaycanı təcavüzkar dövlət kimi göstərmək, əleyhimizə beynəlxalq koalisiya yaratmaqdır. Yəni Ukraynadakı modelinə bənzərini yaratmaq. Ancaq vəziyyət fərqlidir. Çünki Ukrayna Azərbaycan kimi işğala məruz qalan dövlətdir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Natiq Miri söyləyib.

O, rəsmi İrəvanın Azərbaycanı bölgədə antiterror əməliyyatı keçirməyə vadar etməsi ehtimalını şərh edib: 

“Guya Azərbaycan son əməliyyatlar zamanı Ermənistan ərazisini işğal edib. Azərbaycan və Türkiyəni dayandırmaq üçün beynəlxalq koalisiya yaratmaq istəyinə İrəvan hələlik nail ola bilmir.

Başqa bir məqam budur ki, Ermənistan Rusiya ilə Azərbaycanı üz-üzə qoymaq istəyir. Son günlərdə Qarabağda intensiv olaraq separatçı rejimin və erməni qoşunlarının Azərbaycanın mövqelərini atəşə tutması arxasında duran gizli niyyətlərdən biri də budur. Əlbəttə, bu prosesin içində Rusiya da var. Rusiya sülhməramlılarının uzun müddət Qarabağda qalmasına çalışır”.

N. Mirinin sözlərinə görə, üçüncü məqam İranla Azərbaycanın ehtimal edilən  toqquşmasıdır:

“Risk faktorlarını İran tərəfi də bilməmiş deyil. O, bir az ehtiyatlı davranır. Azərbaycan da prosesləri gərginlik müstəvisinə çıxarmamalıdır. Çünki bunun arxasında gizli niyyət var”.

“Aİ-ABŞ siyasi müstəvisində də ermənilərin istədikləri alınmadı. Onlar anladılar ki, regionda sülhün təminatı Azərbaycanla sövdələşmədən keçir. Yalnız Rusiyanın davranışı fərqlidir, Ermənistan isə məhz bu fərqli məqamlar üzərində oynamağa davam edir. Söhbət ondan gedir ki, Rusiya sülh müqaviləsinin imzalanmasını Qarabağ məsələsini kənarda saxlamaqla həyata keçirmək istəyir, – deyə siyasi şərhçi əlavə edib. – Nəhayət, dekabrın 7-də Brüsseldə keçirilməsi planlaşdırılan görüşlə bağlı təxribatı düşünün. Emmanuel Makronun iştirak şərti ilə prosesi sabotaj etdilər. Bəs bu kimin maraqlarına uyğun gəlir? Əlbəttə ki, Rusiyanın. Məhz bu təklif veriləndən sonra dərhal Rusiya prezidenti azərbaycanlı vəzifədaşına zəng edib və yenidən prosesi öz nəzarətinə keçirmək cəhdini ortaya qoyub”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!