Moskva Bəyannaməsinin imzalanması Rusiya və Azərbaycan arasındakı iqtisadi-siyasi əlaqələrin bundan sonrakı səviyyəsini bilavasitə müttəfiqlik çərçivəsinə gətirib çıxarır. Ölkələrimiz arasındakı davamlı inkişaf və bu inkişafın perspektivliyi zəminində imzalanan bu Bəyannamə onu sübut edir ki, Rusiya hər daim Azərbaycnaın ərazi bütövlüyünə sayğı ilə yanaşıb.
Sözsüz, qlobal dünyanın getdikcə müharibələrə və intriqalara qərq olduğu bir məqamda Şuşa Bəyannaməsindəns sonra Moskva Bəyannaməsi Azərbaycan üçün siyasi arenada böyük bir qarant təşkil edir.
Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib ki, Azərbaycan və Rusiya prezidentlərinin imzaladığı Moskva Bəyannaməsi Azərbaycan-Rusiya münasibətlərini müttəfiqlik səviyyəsinə qaldırmış oldu: Pepperoni pizza
Əvvəl tərəfdaş, indi müttəfiq
“Azərbaycan və Rusiya münasibətləri strateji tərəfdaşlıq münasibətləri idi, indi isə keyfiyyətcə ən yüksək mərhələyə qalxıb. Bizim üçün bunun əhəmiyyəti nədədir? Birinci növbədə,hazırda təkcə Cənubi Qafqaz regionunda deyil, bütünlükdə postsovet məkanında çox böyük qeyri-müəyyənlik var və beynəlxalq siyasətdə ən pis şey elə qeyri-müəyyənlikdir.
Xüsusilə də, Rusiya-Ukrayna münasibətlərinin gərginləşdiyi bir reallıqda, Rusiya-Qərb münasibətlərinin olduqca qəliz bir xarakter aldığı bir məqamda Azərbaycan və Rusiya münasibətlərinin yüksək səviyyəsinin təmin edilməsi, Azərbaycanın təhlükəsizlik nöqteyi-nəzərindən çox böyük əhəmiyyət kəsb edir. Bunu xüsusi vurğulamaq istəyirəm”.
Millət vəkili Bəhruz Məhərrəmov isə məsələyə bu cür yanaşıb: “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə imzalanıb və sənəddə ən diqqət çəkən məqamlardan biri beynəlxalq hüququn norma və prinsiplərinə israrlı istinad, o cümlədən sülh və təhlükəsizlik məsələlərində BMT-nin mərkəzi rolunun bəyan olunmasıdır”.
Millət vəkili Cavid Osmanov isə bildirib ki, Azərbaycan milli maraqlarına uyğun çoxşaxəli, müstəqil siyasət yürüdür:
“Əlbəttə ki, bu siyasətin əsas amillərindən biri qlobal həmrəyliyə və beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət vemrəklə həyata keçirilir. Bu gün artıq Azərbaycan Qoşulmama Hərəkatının sədrliyi dövründə bir çox təşəbbüslərlə çıxış etmiş və atdığı praktiki addımlarla, artıq Azərbaycanın dünya miqyasında qeyd olunan qlobal həmrəyliyə və ya beynəlxaql əməkdaşlığa öz sədaqətliyini nümayiş etdirmişdir.
Azərbaycan türk dövlətləri ilə əməkdaşlığa böyük önəm verən bir ölkədir. Eyni zamanda, Azərbaycan qonşu Gürcüstan və İranla da çox yüksək münasibətlər qurmuşdur”.
Azərbaycanın mövqeləri daha da güclənir
Elman Nəsirov onu da vurğulayıb ki, 43 bənddən ibarət olan bu Bəyannamənin elə birinci bəndində hər iki dövlət bir-birinin ərazi bütövlüyünü, suverenliyini, sərhədlərinin toxunulmazlığını qəbul edir, bir-birinin daxili işlərinə qarışmayacaqları ilə bağlı öhdəlik götürürlər: “Bu, bizim üçün olduqca böyük əhəmiyyətə malikdir. Bu öhdəliklərin Rusiya tərəfindən götürülməsi o deməkdir ki, sadalanan məsələlər üzrə Azərbaycanın mövqeləri daha da güclənmiş olur.
Bundan əlavə, sənədin imzalanması nəticəsində ikitərəfli münasibətlərdə həm siyasi, həm də ticari-iqtisadi, humanitar sferalarda bundan sonrakı daha yüksək tempə malik olacaq. Əslində, bu sənədi Azərbaycan-Rusiya münaisbətlərinin yol xəritəsi adlandırmaq olar”.
Rusiya sülhməramlı qüvvələri Azərbaycandan çıxarılmayacaq?
Elman Nəsirov əlavə edib: “Xüsusilə, bəzən bəzi skeptiklər söyləyirlər ki, bu sənədin imzalanması ilə guya Rusiya sülhməramlı qüvvələri Azərbaycandan çıxarılmayacaq. Onların müddəti uzadılacaq və s. Əvvəla, bunların hamısı yanlış yanaşmalardır. Bunun heç bir hüquqi əsası yoxdur. Məsələ ondadır ki, Rusiya sülhməramlı qüvvələrinin Qarabağ ərazisində mövcudluğu 2020-ci ilin 10 noyabr sənədi ilə müəyyən edilib və onların qalma müddəti də 5 il müddətinə göstərilib. Tərəflərdən biri etiraz edəcəyi təqdirdə, bu, 5 il daha uzadılmaya bilər.
İndiki bəyanatda isə göstərilir ki, tərəflər 10 noyabr 2020, 11 yanvar və 26 noyabr 2021-ci il razılaşmalarından irəli gələn məsələlərin həllində səylərini daha da gücləndirəcəklər. Yəni bu o deməkdir ki, 10 noyabr sənədi üzrə icra olunmayan məsələlər var. İlk növbədə, qanunsuz erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılması ilə bağlı məsələ. Deməli, bunların həlli imkanları daha da genişlənmiş olur”.

Cavid Osmanov bildirib ki, bundan bir neçə gün isə Azərbaycanın növbəti diplomatik qələbəsi və uğuru qeydə alındı: “Hətta bu tarixi bir hadisədir. Çünki Rusiya ilə ölkəmizin yüksək səviyyəli əlaəqləri var və iki ölkənin Prezidentləri arasında qarşılıqlı hörmət və etimad mövcuddur ki, bu da, eyni zamanda, hər iki ölkə arasında münasibətlərin ən üst səviyyəyə, yəni müttəfiqlik Bəyannaməsinin imzalanmasına gətirib çıxarmışdır.
Nəzərə almaq lazımdır ki, Rusiya dünyanın nəhəng ölkələrindən və BMT-nin 5 daimi üzvündən biridir. Tarixən, ümumilikdə, Azərbaycan Rusiya arasında çox sıx mədəni və iqtisadi əlaqələr mövcuddur ki, bu əlaqələri də daha da genişləndirmək imzalanmış starixi sənəddə öz əksini tapmışdır”.
Bəhruz Məhərrəmov düşünür ki, bu sənəd təktərəfli akt deyil: “Yəni Rusiyanın Azərbaycana münasibəti yox, qarşılıqlı fəaliyyəti əhatə edir. Təsadüfi deyil ki, 43 maddəlik bəyanatda milli maraqlara, bərabərhüquqlu əməkdaşlığa, BMT-nin mərkəzi rolunu qəbul etməklə beynəlxalq hüququn tanınmış prinsip və normalarına, xüsusən, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət prinsiplərinə riayət edilməsi 9 fərqli maddədə təkrarlanır”.
Müstəqilliyimizi, suverenliyimizi təhdid edən heç bir maddə yoxdur
“Eyni zamanda, sənəddə beynəlxalq hüquqa zidd, müstəqilliyimizi, suverenliyimizi təhdid edən, Azərbaycanın digər dövlətlərlə ikitərəfli və çoxtərəfli əlaqələrinə müdaxilə edən, beynəlxalq təşkilatlara üzvlüyü ilə bağlı məhdudlaşdırma müəyyənləşdirən, yaxud Rusiyanın xarici siyasətini birmənalı dəstəkləmək öhdəliyi niyyəti güdən nəinki heç bir maddə, ümumiyyətlə, heç bir nüans yoxdur”, - deyə B. Məhərrəmov əlavə edib.
Elman Nəsirov Zəngəzur dəhlizi məsələsinə də toxunub: “Eyni zamanda, 10 noyabr sənədinin icra edilməsi məsələləri kontekstində Zəngəzur dəhlizinin işə salınacağı daha da tezləşmiş olur. Zəngəzur dəhlizi də, bildiyimiz kimi, həmin məlum sənədin 9-cu bəndində öz əksini tapır və bununla da Zəngəzur dəhlizinin də işə salınması reallaşmış olacaq.
Azərbaycanın Ukrayna ilə münasibətləri
“Belə fikirlər də var ki, bu addım guya Azərbaycanın Ukrayna ilə münasibətlərinə xələl gətirə bilər. Çünki Rusiya qondarma Donetsk və Luqansk “respublikaları”nın “müstəqilliyini” tanıyıb. Bu da yanlış anlayışdır. Əvvəla, Bəyannamə sırf Azərbaycan-Rusiya ikitərəfli münasibətlərini tənzimləyən bir sənəddir və orada üçüncü dövlətlərlə münasibətlərdə heç bir öhdəlik qeyd olunmayıb”.
“Azərbaycan-Rusiya münasibətləri müttəfiqlik səviyyəsinə qalxıb, amma biz indiyə qədər də dostluq münasibətlərində olan dövlət idik və bu dostluq münasibətləri heç bir halda Azərbaycanın Gürcüstanla belə münasibətlərinin korlanmasına gətirib çıxarmayıb. Biz Gürcüstanla da strateji tərəfdaşıq. Halbuki Rusiya qondarma Cənubi Osetiya və Abxaziya “respublikalarının” “müstəqilliyini” tanıyıb. Bu, bizim Gürcüstanla münasibətlərimizə mənfi təsri göstərməyib, əksinə, münasibətlərimiz daha da inkişaf edib”, - deyə Elman Nəsirov əlavə edib.
“Moskva Bəyannaməsi Rusiya-Azərbaycan əlaqələrini keyfiyyətcə daha yüksək bir mərhələyə çıxarır və BMT-nin Nizamnaməsinə və digər beynəlxalq norma və prinsiplərə uyğun hazırlanmış beynəlxalq bir sənəddir.

Bu sənədin hazırlanması, artıq uzun müddətdir ki, anons edilirdi və cənab Prezident İlham Əliyev tərəfindən də qeyd edilmişdir. Bəyannamədə, əsas vacib məqamlardan bir neçəsini qeyd edə bilərik. Burada iqtisadi, ticari, humanitar və digər həyatın sferalarında bir çox sahələrdə qaşrılıq əməkdaşlıq öz əksini tapmışdır. Eyni zamanda, Bəyannamədə qarşılıqlı olaraq müstəqillik, suverenlik və sərhədlərin toxunulmazlığı və s. öhdəliklər götürülmüşdür”, - deyə cavid Osmanov bildirib.
Millət vəkili B. Məhhərrəmovun sözlərinə görə, yaxın tarixə və elə son baş verənlər fonunda müqayisə etsək, bu hər şeydən əvvəl Azərbaycan liderinin Rusiya ilə balanslı siyasətinin uğuru kimi qiymətləndirilməlidir:
“Yəni cənab İlham Əliyev çox gərgin bir periodda Azərbaycanı Rusiya ətrafında cərayan edən təhlükəli tendensiyalardan ikitərəfli beynəlxlaq xarakterli razılaşma ilə sığortalayıb, bununla da Azərbaycan Qafqazda Moskva ilə münasibətlərdə bərabərhüquqlu münasibətlər qura bilən yeganə dövlət olduğunu bir daha nümayiş etdirib.
Beləliklə, Bəyannamə ilə artıq iki ölkənin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında yeni müttəfiqlik dövrü başlanır”.
Elman Nəsirov bir məsələyə də toxunub: “İmzalanmış sənəd, ilk növbədə, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı, ölkəmizdə sabitliyin təminatı, onun gücləndirilməsi kimi məsələlərdə bizim üçün olduqca əhəmiyyətlidir, çox böyük dəyərə malikdir.
Tarix onu göstərir ki, qonşular arasında münasibətlər yüksək səviyyədə olanda bundan həm bütün dövlətlər, həm də region xalqları qazanmış olur. Bu baxımdan, Moskva Bəyannaməsini yüksək qiymətləndirir və bir daha qeyd edirəm ki, bu sənəd heç bir halda üçüncü tərəfi hədəf almayıb, ona qarşı yönəlməyib. Bəyannamənin imzalanması ilə postmüharibə dövrünün həllini gözləyən məsələlərin tənzimlənməsi istiqamətində daha intensiv işlərin gedəcəyinə bir əminlik yaranıb”.
Azərbaycanın növbəti diplomatik qələbəsini həzm edə bilmirlər
Cavid Osmanov onu da bildirib ki, Bəyannamədə əks olunur ki, hər iki ölkə müstəqil siyasət yürüdür:
“Eyni zamanda, Bəyannamədə 10 noyabr 2020 eləcə də, 11 yanvar və 26 noyabr 2021 sənədləri də öz əksini tapmışdır ki, bunu da, Ermənistan üzərinə əlavə olaraq bir təzyiq forması kimi qiymətləndirmək olar ki, Ermənistan bu maddələri qeyri-şərtsiz və təcili icra etməlidir.
Bir daha qeyd etmək lazımdır ki, Bəyannamənin imzalanması tarixi bir hadisədir və müstəqil siyasət yürüdən Azərbaycan dövlətinin Preizent İlham Əliyevin rəhbərliyi ilə növbəti diplomatik qələbəsidir.
Eyni zamanda, bir məsələni də xüsusi vurğulamaq istəyirəm ki, bəzi qüvvələr, marginal qruplaşmalar bu Bəyannamənin mahiyyətini anlamırlar və yaxud da, bilərəkdən təhfir etməyə çalışırlar. Onlar çaşqınlıq yaratmağa çalışırlar ki, guya bu Bəyannamə Azərbaycanın müstəqilliyinə və milli maraqlarına təhdiddir. Amma Bəyannamənin bütün bəndlərini oxuduqda məlum olur ki, bu qruplaşmalar Azərbaycanın növbəti diplomatik qələbəsini həzm edə bilmirlər”.
Azərbaycan və Rusiyanı üz-üzə qoymaq
“Digər çox vacib bir məqam müasir silah və hərbi texnika ilə təchiz olunma, beynəlxalq-hüquqi öhdəliklər nəzərə almaqla hərbi yardım göstərilməsi formatında hərbi-siyasi əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəlinməsi, bəyan edilməsi, indiyədək Qafqazda Rusiya üçün birmənalı hərbi tərəfdaş olan Ermənistanı Azərbaycana qarşı "Rusiya" adlı təhdid amilindəm məhrum edir. Konkretləşdirsək, cənab İlham Əliyev 44 günlük müharibədə Ermənistanın hərbi potensialını sıradan çıxarmışdısa, bu sənədlə də İrəvan perspektivdə Azərbaycan və Rusiyanı üz-üzə qoymaq imkanını itirdi.
Həmçinin, Bəyannamə ilə atom enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlığın nəzərdə tutulması, bu günə qədər məhz Rusiyanın dəstəyi ilə Metsamor AES-in timsalında bu sahədə bölgədə təbii inhisarçı olan Ermənistanı mövcud statusdan məhrum edəcək”, - deyə Bəhruz Məhərrəmov yekunlaşdırıb.
Rafi MÜSLÜMOV
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır.

Telegram kanalımız