“Yeni Sabah” erməni politoloq, ABŞ-ın Lehih universitetinin professoru Arman Qriqoryanın müsahibəsini təqdim edir:
- Hazırda Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesi hansı mərhələdədir? Yəqin ki, prosesi izləyirsiz?!
-Bəli, bəzi müsbət meylləri asanlıqla müəyyən edə bilərik. 2020-ci il müharibəsindən sonra cənab Ərdoğan və cənab Çavuşoğlunun nikbin və ciddi bəyanatları, o cümlədən Ermənistanı 3+3 formatının bir hissəsi olmağa dəvət etmələri vardı. Bu məsələlərlə bağlı xüsusi nümayəndələr təyin olundu, son olaraq Türkiyə prezidenti ilə Ermənistanın baş naziri arasında telefon danışığı baş tutdu ki, bu olduqca müsbət haldır. Nəhayət, sərhədin üçüncü ölkə vətəndaşları üçün açıldığı xəbəri gəldi ki, çoxları bunu sərhədin tam açılması istiqamətində ilk addım kimi qiymətləndirir. pizza
Bu müsbət siqnallara baxmayaraq, normallaşma prosesi hələ də baş tutmur. Səbəb isə həmişə olduğu kimidir: Türkiyə Ermənistanla münasibətlərin normallaşması üçün otuz il əvvəl Qarabağ münaqişəsinin yekun həllini ilkin şərt qoyub və bu siyasət dəyişməz olaraq qalır. Türkiyə liderləri müharibədən qısa müddət sonra daha heç bir maneənin olmadığını bildirəndə, görünür, atəşkəsin tezliklə sülh müqaviləsinə çevriləcəyini düşünürdülər. Lakin bu baş verməyib. Hələ də həllini tapmayan problemlər var. Ona görə də Türkiyənin ilk dövrlərdəki optimist münasibəti yerini ehtiyatlı davranışlarla dəyişdi. Türkiyə Ermənistanla normallaşma prosesinə yaşıl işıq yandırmaq üçün yekun qətnamə, Ermənistan-Azərbaycan arasında yaxın gələcəkdə sülh müqaviləsinin imzalanacağına dair təminat gözləyir. Amma iki ölkə arasında başqa mübahisəli mövzular da var. Bunlar normallaşma prosesini dayandıran əsas maneədir.
- Bu gün Azərbaycan və Ermənistan nümayəndə heyətləri görüşlər keçirir, telefon danışıqları aparır. Hamısı sülhə hesablanıb. Müharibədən xeyli vaxt keçib, lakin yekun sülh yoxdur. Azərbaycanla sülh sazişinin bağlanmasına mane olan səbəblər hansılardır?
- Problemlərin üç hissəyə ayrılır. Birinci sərhədin demarkasiyası, ikinci Ermənistanın cənubundan keçən rabitənin vəziyyəti, üçüncü isə Qarabağın statusu problemidir. Müəyyən ərazilər, eləcə də həmin ərazilərdən keçən yollarla bağlı çətinlik yaradan müxtəlif xəritələr və iddialar var. Bu istiqamətdə iki ölkə arasında danışıqlar aparılır. Ermənistanın cənubundan keçən rabitələrlə bağlı müzakirələr Ermənistanda kütləvi narahatlıq obyektidir.
Qarabağın statusuna gəlincə, Azərbaycan Qarabağ üçün xüsusi statusun olmayacağını vurğulayır, ermənilər isə fərqli fikirdədirlər. Yəni 2020-ci ildəki atəşkəs tərəflər arasında bəzi məsələləri həll etsə də, bütün problemlər aradan qaldırılmayıb. Ona görə də ortada sülh müqaviləsi yoxdur.
- Ermənistanla Azərbaycan arasındakı buzları qırmaq üçün hər iki ölkə hansı addımları atır və ya atmalıdır?
- Düşünürəm ki, hər iki ölkə mövcud ərazi statusunu qəbul etdiklərinə dair bir-birini əmin etmək üçün addımlar atmalıdır. Qarabağın statusu məsələsini təxirə salsınlar. Münasibətlər normallaşdıqdan və bir müddət yanaşı şəkildə dinc yaşadıqdan sonra bu məsələyə qayıda bilərlər.
Azərbaycanın bu məsələdəki mövqeyi o mənada real deyil ki, 30 illik müharibə və düşmənçilikdən sonra Qarabağ ermənilərinin Azərbaycan vətəndaşı olması, Azərbaycan qanunlarını qəbul etməsi çətin olacaq. Bu proses həyata keçirilərsə, ermənilər oradan qaçacaq. Azərbaycanda insanlar düşünə bilər ki, ermənilər müharibəni uduzdular, ona görə də Azərbaycan nə diktə etsə, onu qəbul etməlidirlər və Qarabağın statusu ilə bağlı heç bir tələb irəli sürmək iqtidarında deyillər. Amma bu mövqedən çıxış etsələr, sülh olmayacaq, sadəcə atəşkəslə yetinəcəklər.
Hesab edirəm ki, iki ölkənin hökumətləri və ən azı sülh istəyən insanlar bir-birinə qarşı münasibətləri dəyişmək üçün ciddi səy göstərməlidirlər. İntellektual tərksilah prosesi adlandırmağı xoşladığım şey haqqında ciddi düşünməlidirlər. Onlar öz ortaq tarixlərinə münasibəti yenidən nəzərdən keçirməli, digər məsələlərlə yanaşı, iki ölkədə tarixin tədrisi ilə bağlı islahatların aparılması üçün birgə səylər göstərməlidirlər. Hər iki tərəf bir-birinə qarşı öhdəlik götürməlidir. Düşünürəm ki, iqtisadi əməkdaşlıq düşmənçilik münasibətlərinin qarşısını almağa kömək edəcək.
- Türkiyə, Azərbaycan və Ermənistan əhalisinin dinc şəkildə yanaşı yaşamasını hansı hallarda real görürsünüz?
- Türklər və ermənilərin dünyanın digər xalqlarından heç bir fərqi yoxdur. Onların münaqişələri özünəməxsus deyil, üstəlik həll yolları da var. Düzdür, onlar çətin tarixi irslərlə, bir çox həll olunmamış problemlərlə, incikliklərlə üzləşməlidirlər. Amma əgər regionda tarazlıq yaradılsa, hər üç ölkənin əhalisi heç vaxt bir-birindən qurtula bilməyəcəyini başa düşsə, yanaşı yaşamaq əlbəttə mümkün olacaq.
Telegram kanalımız