Prezident İlham Əliyevin “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” Sərəncamına uyğun olaraq 2024-cü il fevralın 7-də ölkəmizdə prezident seçkiləri keçiriləcək. Qürurvericidir ki, müstəqillik tariximizdə ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək. Bu, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin qətiyyətinin, “Nəyi, necə və nə vaxt etmək lazımdır bilirəm” prinsipini atdığı addımlarda təsdiqinin, hər bir vədinin reallıqlarda ifadəsini tapmasının göstəricisidir.
Yenisabah.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə səsləndirib.
Vüqar Rəhimzadə qeyd edib ki, növbədənkənar seçkilərin keçirilməsi dünyada qəbul olunmuş siyasi təcrübədir. Növbəti seçkilər bəzi hallarda təxirə salınır, bəzi hallarda isə vaxtından əvvəl keçirilir. Azərbaycan bu təcrübəni ötən parlament seçkilərində də tətbiq etdi. Belə ki, ölkəmizdə bütün sahələrdə dərin islahatlar prosesi aparılır. Marqarita pizza
YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, seçkilər növbədənkənar keçirildiyindən vətəndaşlarımız siyasi iradələrini vaxtından əvvəl ifadə edəcəklər. Bu seçkilər qətiyyətli Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisidir.
V.Rəhimzadə qeyd edib ki, regionda tam müstəqil siyasət həyata keçirən bir ölkənin olması və Azərbaycanın Qələbəsini həzm edə bilməyən dövlətlərin təxribatlarının qarşısını almaq üçün siyasi sistemin daha da gücləndirilməsi strateji əhəmiyyət kəsb edir. Bu mühüm məqamı xüsusi qeyd etməliyik ki, siyasi sistemin təkmilləşdirilməsi dövlətimizin siyasətində əsas hədəflərdən biridir. Bu sırada “Siyasi partiyalar haqqında” yeni Qanunun qəbulunu, bütün siyasi partiyalara demokratik şəraitdə fəaliyyət göstərmələri üçün zəruri imkanların yaradıldığını qeyd edə bilərik. Seçki Məcəlləsinə əsasən bütün namizədlər bərabər hüquqa malikdirlər və bərabər öhdəliklər daşıyırlar.
“Onu da qeyd edim ki, növbədənkənar prezident seçkilərinin keçirilməsinə dair qərar ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından sonra qəbul olunub. Bununla da seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara imkan yaradılıb. Bu yanaşma ölkədə ədalətli rəqabət mühitinin təmin ediməsinin bariz nümunəsidir. Bu baxımdan seçkilərin keçirilməsi ilə bağlı istənilən narazılıq yalnız qərəzli mövqeyin və məhdud potensialın təcəssümü kimi dəyərləndirilir”, - deyən YAP Xətai rayon təşkilatının sədri belə bir ümumiləşdirməni aparıb ki, dövlətimizin başçısının növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı Sərəncamı “Heydər Əliyev İli”ndə görülən işlərin, bu günədək verilən vədlərin reallıqda təsdiqini tapmasının hesabatıdır. Uğurlarla, zəfərlərlə zəngin olan bu hesabat növbəti Qələbəmizin aydın mənzərəsini təqdim edir. Heç şübhə yoxdur ki, Azərbaycan demokratik inkişaf tarixinə daha bir uğur səhifəsini yazacaq.
Telegram kanalımız