Tehrandakı səfirliyimizə edilən silahlı hücumdan sonra ağıllara gələn suallardan biri də istintaq prosesinə Azərbaycan hüquq mühafizə orqanlarının cəlb edilib-edilməyəcəyi məsələsidir.
Nəzərə alsaq ki, səfirliyin yerləşdiyi ərazi hüquqi olaraq Azərbaycan Respublikasının ərazisi sayılır, belə olan halda Azərbaycan tərəfindən məlum məsələnin araşdırılması üçün bölgəyə hüquq-mühafizə orqanları əməkdaşlarının göndəriləcəyi də istisna edilmir.
Yenisabah.az-la söhbətində “Aydınlar” Partiyasının sədri, tanınmış hüquqşünas Qulamhüseyn Əlibəyli də hesab edir ki, Azərbaycanın istintaq orqanları, o cümlədən milli təhlükəsizlik, prokurorluq, yaxud daxili işlər orqanları bu araşdırmada iştirak edə bilərlər. pizza
Onun sözlərinə görə, bu, ikitərəfli razılaşma əsasında olmalıdır: “Yəni durub gedib orada araşdırma imkanına malik deyilik. Diplomatik yolla bu məsələ razılaşdırılmalıdır”.
Hüquqşünas əlavə edib ki, beynəlxalq təcrübədə belə hallar çox olub:
“O cümlədən Azərbaycan Xarici İşlər Nazirliyi də müvafiq olaraq bu sahədə fəaliyyət göstərməlidir”.
Müsahibimizin fikrincə, İranın son dövrlərdə Azərbaycana qarşı olan sərt siyasi ritorikası yekunda terror aktının olmasına gətirib çıxardı:
“Hər halda İranın hansısa dairələrinin burada əli olmasını birbaşa söyləyə bilmərəm, amma ehtimal etmək olar ki, bəzi qüvvələrin adı birbaşa həmin terror aktıyla bağlıdır. Ona görə də Azərbaycanın hüquq-mühafizə orqanları mütləq oradakı istintaq prosesində iştirak etməlidirlər”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız