Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasından 6 il ötür

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasından 6 il ötür

Sosial

09 Fevral 2024 09:39 513


Azərbaycanda nüfuzlu ali təhsil müəssisələrindən olan Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) yaradılmasından 6 il ötür. 

Yenisabah.az xəbər verir ki, bununla bağlı Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov özünün sosial şəbəkə hesabında paylaşım edib. Rektor bildirib ki, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət-din siyasəti onun layiqli davamçısı – Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Ölkəmizdə bütün sahələrdə olduğu kimi, din təhsili istiqamətində də diqqət və qayğının bariz nümunəsi olaraq, cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabeliyində Azərbaycan İlahiyyat İnstitutunun  yaradılmasını göstərə bilərik.

Ötən 6 ildə İnstitut qarşısına qoyduğu hədəf və məqsədlərə nail olmaq üçün uğurlu məsafə qət etmişdir. Aİİ dövlətçilik prinsiplərinə sadiq qalan, ölkəmizin dini mühitini nəzərə alan, dünyəvilik, müasirlik təfəkkürünü özündə birləşdirən ali təhsil müəssisəsidir. İnstitutun məzunları, artıq ölkəmizin bir sıra bölgələrində dövlət qurumlarında, eləcə də məscidlərimizdə imam, imam müavini və dini ayinlərin icraçısı vəzifələrində çalışırlar.  Toyuqlu pizza

İlahiyyat sahəsindəki problemləri araşdıran, təhlil edən, elmi tədqiqatlar aparan və bu nümunələri çap etməyi əsas məqsədlərdən biri hesab edən Azərbaycan İlahiyyat İnstitutu keyfiyyətli nəşrləri ilə yerli və xarici elmi ictimaiyyətin daim diqqət mərkəzində olmağa çalışmışdır.

Ötən dövr ərzində İnstitut, ümumilikdə, 92 adda kitab çapını həyata keçirib. Bunlardan 13-ü baş tutmuş konfrans materialları, 45-i monoqrafiya və dərsliklərdir. Ali təhsil müəssisəsinin elmi fəaliyyətini əks etdirən Din Araşdırmaları Jurnalının 11,  Bülleteninin 8, “İlahiyyat” elmi-publisistik jurnalının 8 nömrəsi oxuculara təqdim olunub. 

Din araşdırmaları Jurnalına məqalə qəbulu, artıq rəsmi internet saytı vasitəsilə həyata keçirilir. Jurnal həm elektron formada yayımlanır, həm də nəşr edilir.

Azərbaycan İlahiyyat İnstitutu beynəlxalq əlaqələrin inkişafını daim diqqət mərkəzində saxlayır və  bu istiqamətdə fəal çalışır.

Azərbaycan xalqının din sahəsində yüksəkixtisaslı kadrlara olan ehtiyacını beynəlxalq standartlar əsasında təmin etmək kimi vacib və əhəmiyyətli missiyanı üzərinə götürən  İlahiyyat İnstitutu istər ölkə daxilində, istərsə də xaricdə müvafiq istiqamət üzrə fəaliyyət göstərən qabaqcıl ali təhsil müəssisələri və elmi mərkəzlərlə əlaqələr qurur, bu əməkdaşlığın uğurlu nəticələrinə böyük ümidlər bəsləyir.

İnstitut ötən 6 il ərzində xarici ölkələrin tanınmış ali təhsil müəssisələri və tədqiqat mərkəzləri ilə 30-a yaxın əməkdaşlıq protokolları və memorandumlar imzalamışdır.

Xarici universitetlərlə qurulmuş səmərəli əlaqələrin uğurlu nəticələrindən biri də Qazaxıstanda fəaliyyət göstərən “Nur-Mübarək” Misir İslam Mədəniyyəti Universiteti (MİMU) tələbələrinin və Özbəkistan Beynəlxalq İslam Akademiyası (ÖBİA) magistrantlarının təhsillərini müəyyən bir müddətdə Azərbaycan İlahiyyat İnstitutunda davam etdirmələridir. Eyni zamanda, Aİİ ikitərəfli əməkdaşlıq müqavilələri çərçivəsində öz tələbələrinin təhsillərini xarici ölkə universitetlərində davam etdirməsinə də şərait yaratmışdır. ÜOMG-si yüksək olan tələbələrimiz təhsillərini iki ildir yaz semestri ərzində Qazaxıstanda fəaliyyət göstərən “Nur-Mübarək” Misir İslam Mədəniyyəti və Türkiyənin 29 Mayıs universitetlərində davam etdirirlər.

Azərbaycan İlahiyyat İnstitutunda tələbələrin dil bacarıqlarının, dünyagörüşlərinin, intellektual səviyyələrinin, mənəvi dünyalarının zənginləşdirilməsi, elmi axtarışlara sövq edilməsi, vətənpərvərlik hisslərinin gücləndirilməsi, mütaliə və sosial məsuliyyət vərdişlərinin aşılanması, o cümlədən, fərdi özünüifadə bacarıqlarının inkişaf etdirilməsi istiqamətində əlavə kurslar, Yay və Qış məktəbləri təşkil olunur. 

İnstitut daim tələbələrin intellektual səviyyələrinin genişləndirilməsini diqqət mərkəzində saxlayır. Belə ki, ötən dövr ərzində ali təhsil müəssisəsində müxtəlif mövzularda yüzlərlə seminar və təlim, 12 yerli konfrans və habelə 4 beynəlxalq konfrans keçirilmişdir.

Bundan əlavə, ötən dövr ərzində Aİİ tədrislə yanaşı, cəmiyyətin dini maariflənməsi istiqamətində bir sıra layihələr həyata keçirib. Belə layihələrdən biri də İlahiyyat TV yutub (YouTube) kanalının fəaliyyətə başlamasıdır. Layihənin məqsədi dini maarifləndirmə istiqamətində doğru və düzgün məlumatlar vermək, eyni zamanda, sosial-psixoloji və aktual problemləri müzakirə etməkdir.

Azərbaycan İlahiyyat İnstitutunun uğuru bütün kollektivin nailiyyətidir. Kollektivimizin hər bir üzvünü Azərbaycan İlahiyyat İnstitutunun altıilliyi münasibətilə təbrik edirəm".

Rektor sonda başda sədr Mübariz Qurbanlı olmaqla Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə, Mənəvi Dəyərlərin Təbliği Fonduna, Qafqaz Müsəlmanları İdarəsinə, eləcə də onlara dəstək olan bütün qurumlara dərin minnətdarlığımı bildiririb. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!