Mayın 26-da Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik sərnişin qatarlarının fəaliyyəti bərpa olunacaq. Bu qərar Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin WUF13-lə əlaqədar Bakıya rəsmi səfəri çərçivəsində, Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən yüksəksəviyyəli görüşlərdə imzalanan ikitərəfli sazişlər əsasında rəsmiləşib.
Bəs Bakıdan Tbilisiyə və əks istiqamətə qatar biletləri hansı qiymətə olacaq? Biletlər nə zaman satışa çıxarılacaq?
“Azərbaycan Dəmir Yoları” QSC-dən “Yeni Sabah”a bildirilib ki, hər iki məsələ ilə bağlı dəqiqləşdirilmələr aparılır və bu barədə ictimaiyyətə məlumat veriləcək. Dördpendirli pizza
“Bakı-Tbilisi-Bakı marşrutu üzrə biletlər yaxın zamanda satışa təqdim olunacaq. Bu barədə rəsmi səhifəmizdə elan veriləcək”, - qurumdan qeyd olunub.
İqtisadçı Natiq Cəfərli isə hesab edir ki, biletlərin qiyməti 7 il əvvəl qatarların fəaliyyəti dayandırılanda olan qiymətlərdən fərqlənəcək:
“Əlbəttə, ötən 7 il ərzində baş verən inflyasiya, yeni nəqliyyat xərcləri nəzərə alınacaq və qiymətlər müəyyən dərəcədə dəyişəcək. Amma bu qiymətlər aviabiletlərdən ən azı 2-3 dəfə ucuz olmalıdır ki, sərnişinlər üçün sərfəli olsun”.
O bildirib ki, əks halda, Gürcüstanla dəmiryolunun açılması insanların marağına səbəb olmaz:
“Ona görə də, düşünürəm ki, qatar biletləri təyyarə biletlərindən ən az 3 dəfə ucuz olacaq. Məsələn, bu gün Bakı-Tbilisi təyyarə reysi üzrə bir gedişin qiyməti 168-170 manat arasında dəyişir. Bu qiyməti 3-ə bölsək, 55-56 manat edir. Belə təxmin etmək olar ki, yuxarı kateqoriyalı biletlər 80-90 manat, daha aşağı kateqriyalılar 60-70, sadə biletlər isə 40-50 manat civarında ola bilər. Ümumilikdə, Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik sərnişin qatarlarının fəaliyyətinin bərpa olunması çox yaxşı xəbərdir. Bu, turizmin və iqtisadiyyatın inkişafı baxımından olduqca müsbət təşəbbüsdür. Ümid edirəm ki, bunun ardınca quru sərhədlərin tamamilə açılması məsələsi öz həllini tapacaq”.
Xatırladaq ki, Azərbaycandan Gürcüstana sərnişin qatarlarının fəaliyyətinin dayandırılmasından əvvəl (köhnə tariflərlə) qiymətlər yerin konfiqurasiyasına (vaqon tipinə) görə təxminən belə dəyişirdi:
Plaskart (açıq kupe) bir nəfər üçün 24-26 manat, kupe 35-40 manat, SV (yataqlı) 57-60 manat.
Nazim Hacıyev
Telegram kanalımız