“Əvvəla, aktiv hərbi əməliyyatların olması ehtimalı o qədər də inandırıcı deyil və real görünmür. Çünki İran ordusu, hətta SEPAH daxilində belə Azərbaycan türklərindən olan şəxslər var. Ona görə də İranın o riskə gedib Azərbaycanla hansısa formada hərbi əməliyyatlara girişməsi imkanı o qədər də geniş deyil”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin (BMDAM) sədri Samir Hümbətov deyib.
O, son günlər İranla Azərbaycan arasındakı münasibətlərin gərginləşən xətt üzrə irəliləməsinə münasibət bildirib: Pepperoni pizza
“Gərginliyi aradan qaldırmaq məsuliyyəti də İranın üzərinə düşür. Təcrübə də onu göstərir ki, bir qayda olaraq, belə proseslərdə təxribat başlayan tərəf gərginliyi aradan qaldırmazsa, həmin proseslər yenidən, növbəti dövrlərdə daha geniş və mütəşəkkil forma almağa başlayır.
Məncə, bu məsələlərdə ilk addımı İran atmalıdır. Hələ ki görünür, o, bir az özünə arxayınlıq hiss etməyə çalışır və “Azərbaycan kiçik dövlətdir, özümüz bilərik” və s. kimi eyforiyalara qapılır. Lakin görünən ondan ibarətdir ki, artıq Azərbaycan və İran arasındakı gərginlik özünün ən yüksək pilləsinə çatmaqdadır”.
S. Hümbətov düşünür ki, əgər İran tərəfi bu prosesin qarşısını almazsa, vəziyyət daha böhranlı ola bilər:
“Yəni bizim səfiri çağırıb “siz bunu edirsiniz, onu edirsiniz” kimi yox, sadəcə olaraq, “hə, oldu, tamam, aramızda bir gərginlik yaşandı, bu da bizdən başlandı, amma bu məsələni bitirmək lazımdır” kimi İran Xarici İşlər Nazirliyindən açıqlama gəlməsə, münasibətlər gərginləşən xətt üzrə davam edəcək”.
Politoloqa görə, yenə də Cənubi Azərbaycan faktoru ortaya çıxır:
“Fikrimcə, İran daxilindəki çaxnaşmanın daha geniş vüsət alması İranın parçalanması deməkdir. Ola bilər ki, yaxın gələcəkdə, əgər İran bu proseslər qarşısını ala bilməsə və daxili çaxnaşma artarsa, habelə nəticədə İranda Azərbaycan türklərinə qarşı hər hansı bir etnik ayrı-seçkilik siyasəti güclənərsə və assimilyasiya başlanarsa, eləcə də molla rejimi tərəfindən sürgünlər, qətllər və edamlar həyata keçirilərsə, Azərbaycan İrana müdaxilə etmək imkanını özündə saxlayır”.
“Həmçinin, Türkdilli Dövlətlər Təşkilatının Zirvə Toplantısında artıq Azərbaycan Prezidenti İlham Əliyev açıq mətnlə ifadə etdi. Yəni bunlar, əslində, İrana bir mesaj idi ki, çalış, çox üstümüzə gəlmə, gələcəksənsə, ölkənin daxilindəki proseslərə müdaxilə etmək imkanımız kifayət qədər var. Məncə, məsələyə bu prizmadan yanaşsaq, prosesləri daha aydın görmək olar”, – deyə müsahibimiz yekunlaşdırıb.
Rafi MÜSLÜMOV
Telegram kanalımız