Rusiya sülhməramlılarının Qarabağdakı ermənipərəst siyasəti Azərbaycan cəmiyyətində müəyyən qədər narazılıq yaradıb. Sülhməramlıların çox zaman öz mandatlarını unudaraq separatçıların hamisi rolunda çıxış etməsi onlara qarşı aqressiv münasibətin formalaşmasına səbəb olub.
Siyasi müşahidəçilər isə hesab edirlər ki, bu müvəqqəti haldır. Onların fikrincə, sülhməramlılar müqavilənin şərtlərinə uyğun olaraq beş il sonra Azərbaycandan çıxmasalar, yaxud özlərinin destruktiv fəaliyyətini davam etdirsələr, Azərbaycan B planına əl atacaq. B planı dedikdə isə Türkiyə və Pakistan əsgərlərinin sülhməramlılara 500 metr məsafədə yerləşdirilməsi nəzərdə tutulur.
Maraqlıdır, Qarabağda Türkiyə və Pakistan ordusuna məxsus silahlı birləşmələrin yerləşdirilməsi mümkündürmü? Toyuqlu pizza
Məsələni Yenisabah.az-a şərh edən ehtiyatda olan polkovnik Şair Ramaldanov rus sülhməramlılarının üçtərəfli razılaşmaya əsasən, Azərbaycan ərazisində yerləşdirildiyini və hazırda hər hansı pozucu fəaliyyətlə məşğul olmadığını bildirib:
“Bu haqda danışmaq üçün bir qədər tezdir. Çünki sülhməramlı qüvvələr məhz üçtərəfli bəyannaməyə əsasən, buradadır. Yəni bu həm Azərbaycan və Rusiya Prezidentinin, həm də Ermənistan Baş nazirinin razılığı ilə olub. Sənəddə üç dövlət idarəçisinin imzası var və sülhməramlılar hazırda öz fəaliyyətlərini qanuni şəkildə yerinə yetirirlər. Onların fəaliyyət çərçivəsi, nə ilə məşğul olmaları müəyyən reqlament sənədləri və təlimatlarla göstərilib. Digər tərəfdən, məlumdur ki, ərazimizdə Türkiyə-Rusiya monitorinq qrupu var və onlar məhz Rusiya sülhməramlı qüvvələri tərəfindən sülhün bərqərar edilməsi ilə bağlı monitorinq aparır. Yəni bütün məsələlər nəzarətdədir”.
Həmsöhbətimiz Prezidentin rus sülhməramlıları ilə bağlı çıxışına da diqqət çəkib:
“Prezident sülhməramlı qüvvələrin burada olması ilə bağlı öz fikrini bildirib, hansısa problem görülməyib. Ona görə də biz bu gün onların maraqlarımıza zidd heç bir addım atmadığını deyə bilərik. Hazırda dağıdıcı fəaliyyətlə bağlı yaranan söhbətlərin isə haradan qaynaqlandığını bilmirəm. Azərbaycan strukturlarının diqqətindən sülhməramlıların fəaliyyəti yayınmır. Əgər hansısa dağıdıcı fəaliyyət olarsa, bu məsələ ilk növbədə Azəbaycan və Rusiya dövlət başçılarının müzakirəsinə səbəb olar və onun nəticəsi digər addımların atılmasına gətirib çıxarar”.
Hərbi ekspert vurğulayıb ki, bölgədə Azərbaycan maraqlarını təmin edən Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri var:
“Türklər həmişə deyib ki, biz orada sanki Azərbaycan zabitləri kimi çıxış edirik və Azərbaycan maraqlarına zidd ola biləcək heç bir addımın atılmasına imkan verməyəcəyik. Əgər bu çıxışlara rəğmən elə bir şey olarsa, Türkiyə ilə Rusiya arasında da bu məsələlər müzakirə olunub həllini tapar. Bu günədək elə bir hal olmayıb ki, dövlətlərarası narazılığa səbəb olsun. Bəli, xırda-para yerlərdə bəzi icraçılar öz vəzifəsini layiqincə yerinə yetirməyib, bəlkə də, müəyyən şəkildə hansısa icraçılar ermənilərlə bir yerdə yaşayırlar, təbii ki, ruslara xas olan dostluq məsələlərini də biz bilirik, ona görə də dərinə getmək istəmirəm. Sadəcə bu psixoloji faktorları da nəzərə almaq lazımdır. Bunlar təbii haldır, ona görə də ilk növbədə biz orada Azərbaycan maraqlarına zidd olan hərəkətləri daim nəzarətdə saxlamalıyıq. Əvvəldə də qeyd etdiyim kimi, Azərbaycan maraqlarına zidd hansısa bir addım atılsa, bu başqa diplomatik addımların atılmasına səbəb olacaq. Bütün bunlar - nələrin maraqlarımıza zidd olduğu sülhməramlılar oraya yerləşdiriləndə təlimatlarda öz əksini tapıb”.
Sayad HƏSƏNLİ
Telegram kanalımız