“Azərbaycan yeni islahatlara “hamilədir”. İdarəetmədə çox ciddi struktur islahatları aparılacaq. Çünki Qarabağ və Şərqi Zəngəzur iqtisadi bölgələri elan olunandan sonra Azərbaycanın yeni idarəetmə sisteminə keçəcəyini gözləyirəm. O cümlədən bu, ən real variantdır. Onda avtomatik olaraq, Naxçıvan da bir iqtisadi rayon kimi ayrılacaq və onun muxtar qurum kimi qalmasına ehtiyac olmayacaq. Konstitusiyada bu, var, amma referendum yoluyla dəyişiklik ola bilər. Pərdəarxasında çox ciddi islahatların olacağına inanıram, daha doğrusu, bunu belə ehtimal edirəm. Bu da çox çəkməz və hər halda yaxın 2-3 ayda bu ehtimal özünü doğruldar”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin sabiq deputatı Cümşüd Nuriyev Azərbaycanda rəhbər strukturu boş qalan nazirliklər və qurumlar barəsində danışarkən deyib.
Onun sözlərinə görə əslində, həmin vəzifələr boş qalmayıb. Mədəniyyət Nazirliyində, DGK-da bu səlahiyyət birinci müavinə tapşırılıb. Ekspert Azərbaycan Konstitusiyasının buna imkan verdiyini vurğulayıb:
“Ola bilər ki, Mədəniyyət Nazirliyi ilə hansısa nazirlik birləşdirilsin. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri vəzifəsinə gəldikdə, hazırda orada birinci müavin var və hələlik işləri o aparır. Lakin Naxçıvan Ali Məclisinin statusu hələ ki dəyişmədiyinə görə, indiki fəaliyyətini davam etdirə bilər”.
Eks-millət vəkili Azərbaycandakı bəzi qurumlarım birləşdirilməsindən də söz açıb:
“Bizdə paralel strukturlar yenə də var. Məsələn, Kənd Təsərrüfatı Nazirliyi bu şəkildə olmamalıdır. Azərbaycan industrial ölkədir və kənd təsərrüfatı mənə yaxın bir sahədir. Amma Kənd Təsərrüfatı Nazirliyi dövlətin aqrar siyasətini həyata keçirirsə, bu nazirlik tam olmalıdır. Bu nazirliyin meliorasiya hissəsi bir yerdə idi, indi ayırdılar. Bu da özünü doğrultmur. Çünki kənd təsərrüfatının hansı torpaqları meliorasiya olmalıdır, hansı ərazilərdə nə kimi işlər aparılmalıdır, bu barədə siyasət olmalıdır. İkincisi, Azərbaycan Dövlət Qida Təhlükəsizliyi Agentliyi ayrı olmamalıdır. Onlar Kənd Təsərrüfatı Nazirliyininin tərkibində olmalı və nazirliyin adı da Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi olmalıdır”.
Müsahibimiz vurğulayıb ki, əgər bu nazirlik hazırda aqrar xidmət, aqrar sığorta, aqrar tədarük və aqrar bizneslə məşğuldursa, Avropa standartlarına keçmək lazımdır:
“Bir neçə qurumda olan rəhbərlik isə Kənd Təsərrüfatı Nazirliyini daha da geriyə aparır, nəinki irəli. Bunların hamısı birləşdirilməli və bir nazirlikdə cəmlənməlidir. Yəni bu qədər quruma ehtiyac yoxdur. Bunların hamısı 1 əldə cəmlənməlidir. Onda da dövlətin işi çox rahat gedəcək. Çünki bu, spesifik sahədir”.
O, əlavə edib: “Bir ölkədə həm Dövlət Sərhəd Xidməti var, həm də Dövlət Təhlükəsizlik Xidməti var. Axı bunlar ayrı-ayrı olmamalıdır? Bu qurumlar bir araya gəlməlidir. Əgər təhlükəsizliklə məşğul olurlarsa, bu, belə də olmalıdır.
Bunlar mənim fikrimdir. Lakin dünya təcrübəsində də görülür ki, eyni blokda olan qurumlar bir nazirliyə birləşdirilir. Hətta torpaqdan istifadə Kənd Təsərrüfatı Nazirliyində olmalıdır. İqtisadiyyat Nazirliyində reyestr xidməti isə torpaq nədir, onu bilmir. Biri var, torpağı paylayasan, bu, ayrı, amma torpaq nəyə qadirdir, sənə nə verə bilər, bunu İqtisadiyyat Nazirliyi yanındakı Reyestr Xidməti edə bilməyəcək. Ona görə də bu qurumların hamısı Kənd Təsərrüfatı Nazirliyinə gəlməlidir. Dövlətin bir aqrar siyasəti olmalıdır. Yoxsa hamı özü-özlüyündə ayrı-ayrı aparılır, bələdiyyələr torpaq paylamaqla məşğuldur, öz işini görmür. Ona görə də Azərbaycanın çox ciddi struktur islahatına ehtiyacı var. Bunu etməsək, yeni nailiyyətlərin qazanması Azərbaycan üçün həddən artıq çətinlik törədəcək”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız