Dövrümüzün aktual problemlərindən biri də sayı sürətlə artan boşanmalardır. Ailə qurmağın elə də asan olmadığı, gənclərin evlilikdən boyun qaçırdığı bir vaxtda boşanmaq demək olar ki, dəb halını alıb. Bir çoxları bunun səbəbini gənc qızların analarında görür. İddia olunur ki, analar indiki dövrdə qızlarına ev işlərini, yemək bişirməyi öyrətmir, ailədə, qayınana-qayınata yanında necə davranmaq lazım olduğunu, problemlərlə mübarizə aparmağın yollarını başa salmırlar.
Bəs görəsən, gəncləri boşanmağa vadar edən səbəblərin təməlində başqa hansı səbəblər dayanır?
"Vəfa" Sosial Problemlərin Həllinə Dəstək İctimai Birliyinin sədri, Fatimə Hacıbəyli “Yeni Sabah”a sözügedən məsələ barədə danışıb. Bildirib ki, son vaxtlar ictimaiyyətdə boşanmaların sayının artmasıyla bağlı şikayətlərə tez-tez rast gəlmək olur: Sezar pizza
“Şikayətlənən mühafizəkar qruplar iddia edirlər ki, boşanmaların sayının həddindən çox olması ailə institutuna zərbə vurur, milləti və milli adət-ənənələri deqradasiyaya uğradır. Boşanmaların statistik nəzərəçarpacaq dərəcədə artması iddia olunan kimi nəinki qorxulu prosesdir, əksinə, mühafizəkar toplumlar üçün hətta vacib sosial antidotdur. Ümumiyyətlə, ailə qurulduğu gündən hər bir insan öz kiçik "dövlətini" qorumağa çalışmalıdır.Ailə quran şəxslərin hamısı bu kiçik "dövləti" daim qoruya bilirmi? Çox təəssüf ki, bu heç də belə deyil. Ailənin möhkəm olub-olmamasının göstəricilərindən biri də boşanmalardır. Son illər bir çox dünya ölkələrində boşanmaların sayı getdikcə artmaqdadır. Məsələn, ABŞ-da evlənən hər iki ailədən biri ayrılmağa qərar verir. Buna oxşar vəziyyət Almaniyada da özünü göstərir. Son illərdə Türkiyədə də boşanmaların sayı artır. Azərbaycan hazırda boşanmaların sayının sürətlə artdığı ölkələr sırasında olmasa da, bu sahədə problemlər də özünü göstərməkdədir.
Ekspert qeyd edib ki, bu gün boşanmaların sayının artma səbəbləri ilə bağlı müxtəlif fikirlər səslənir:
“Azərbaycanda ailə milli adət-ənənələrə, dəyərlərə söykənib. Bir vaxtlar əsasən qohumluq bağı əsasında qurulan böyük ailələr mövcud idi. Hətta 10 nəfərdən çox insanın bir evdə yaşadığı ailələr vardı. Həmin ailələrdə müxtəlif səbəblərlə bağlı problemlər olanda belə, hər iki tərəf məhz ailənin dağılmaması üçün həmin problemləri qabartmazdılar. Eyni zamanda bu boşanmaya valideynlər icazə verməz, “ətrafda mənfi fikir formalaşar, yaxud övladları tək valideynlə qalacaq” kimi amilləri düşünərdilər. Hətta əvvəllər insanlar sanki boşanmaqdan belə utanardılar. Ancaq indi hardasa hər gün çoxlu sayda insan boşanır və artıq boşanmalar adi hala çevrilib. Bəlkə də bunlar həmin ailənin möhkəmliyini saxlayan dəyərlərin unudulmasından irəli gəlir. Bu da faktdır ki, evlilik qərarını verərkən düşünmək istəyən həmin insanlar boşanarkən heç çətinlik çəkmirlər. Sadəcə "bir-birimizi başa düşmürük" deyib ayrılırlar. Bəs evlənərkən fikirlərinin eyni olmadığının fərqinə varmamışdılarmı? Bir ömrü paylaşmağa hazır olduqları insanı bir andaca həyatlarından asanlıqla çıxarırlar. Evlənərkən gözəl bir ailəsinin olması ümidilə xəyallar quran bu insanlar ayrılarkən ailəni qorumağa cəhd göstərmirlər. Bu gün artıq evlənmək qədər boşanmaq da təbii sayılır. Bu mövzuda düşünməli olduğumuz ən mühüm məsələ isə heç şübhəsiz ki, dağılan ailələrin travma yaşatdığı uşaqlardır. Belə ki, həm psixoloji yükü, həm də yaşatdığı dəyişiklik uşaqların adaptasiyasına, həyata bağlanmasına, hətta təhsil həyatına və dostları ilə münasibətlərinə də təsir edir. Onu da qeyd edək ki, mövcud səbəbləri həll etməyə çalışmayıb, sadəcə ayrılmaqla onun həllinə qərar verərkən valideynlər düşünməlidirlər ki, bu boşanmalar yalnız onların ailəsinin dağılması ilə deyil, həmin ailədə böyüyən uşağa psixoloji təsirlə də nəticələnir. Gəlin ailələrimizi qoruyaq”.
Aytac Şahin
Telegram kanalımız