Azərbaycanda bənna prezident təqaüdünə layiq görülüb

Azərbaycanda bənna prezident təqaüdünə layiq görülüb

Yazar Veb saytların hazırlanması

07 İyun 2019 14:20 2060


Bir şair unutmağı bundan daha gözəl necə ifa edə bilər ki? Onu tanımaq istədik və öyrəndik ki, Vasif Zöhraboğlu həm də bənnalıqla məşğuldur. O, ev tikir, təmir edir.

Onunla elə iş gördüyü ərazidə görüşdük. Əvvəlcə özündən, məktəb illərindən, sevgilərindən danışdı. Sonra şeirlərinin ərsəyə gəlməsindən.

Şair Vasif Zöhraboğlu əslən Şəkidəndir. Dediyinə görə, 6-cı sinifə qədər təhsil alıb. Müharibə, ehtiyaclar Vasifi məktəbdən uzaq salıb. Ailəsi ilə Bakıya gələrək, burada müxtəlif işlərdə çalışıb, ailəsinə dəstək olub: “Həmin dövrlər bizim üçün çox çətin idi. Çörək növbələri, müharibə… Atama kömək etməli idim. Ancaq mütaliələr edirdim”.

O, 2014-cü ildə Ağdamda ön cəbhədə hərbi xidmətini keçib. Deyir ki, həmin vaxtlar əsgər yoldaşları arasında meyxana deyənlər də olub. Elə şeir yazmağa həvəs də Vasifdə o zaman yaranıb.

“Bir cızma-qara etmişdim. Yazdığımı dostum İlkin Xaliqə göstərdim. Soruşdum, bundan şeir olarmı? Baxdı və dedi ki, “səndə Nüsrət Kəsəmənli ruhu var”. Ancaq şeirimi oxuyanların çoxu da deyirdi ki, “səndən şair olmaz”. Mən kişiyəm, kişi ruhu daşıyıram, bir qadını sevə bilərəm, ona şeirlər həsr edə bilərəm. 2010-cu ildən şeirlər yazmağa başladım. Ədəbi mühit məni qəbul edirdi. Tədbirlərə qatılır, Şəkini təmsil edirdim. Sonra özümə inam yarandı və yazmağa davam etdim” – deyə bənna-şair bildirir.

Onun ilk şeirlər kitabı – “Ömür bir günlük yuxudur” kitabı 2015-ci ildə işıq üzü görüb.

Vasif Zöhraboğlunu yazmağa vadar edən sevgi olub. Bütün şeirləri demək olar ki, bir xanıma ünvanlanıb: “Ətrafında çox sayda qadınlar olur, amma sən birinə bağlanırsan, birini sevirsən. 4-5 ildir şeirlərimi bir qadına həsr edirəm. Mənə deyirlər ki, şeirlərin bir-birinə bənzəyir. Bənzəyəcək də, axı hamısı bir qadına aiddir. Qadınlarda belə bir xüsusiyyət var: əvvəlcə gəlib səni dəli edər, sonra dəlixananın nömrəsini qoyub gedər, qalarsan yana-yana. Məndə də belə olub. İlk dəfə o yazmışdı, məni özünə bağlamışdı. Mən də ona şeirlər həsr edirdim. Amma zaman keçdi, gördüm heç nə alınmır. Sevdiyim qadın evli idi. Əvvəllər gənc idi, sevilmək istəyirdi. Sonra uşaqları böyüdü, daha danışa da bilmirdik. “Sən nə gözəl unudursan adamı” şeiri də o xanımla küsülü olanda yaranıb. Uzun zaman idi ki, danışmırdıq. Yazdım ki, gözəl unudursan adamı. Dedi haqlısan, gözəl unuduram. Sonra fikirləşdim ki, gözəl misralardır, şeirə çevrilsə, unudulmaz. Beləliklə, o şeir yarandı. Bəzən mənə deyirlər ki, “dəlisən sən, qadın səni tərk edir, sən isə yazırsan ki, nə gözəl unudursan adamı”.

Deyirəm, bəlkə günah elə məndədir. Necə olur, qadın yanımda olanda hamıdan yaxşı olur, uzaqlaşan kimi pis? Gözəl əvvəldən gözəldir. Getməyi də, qalmağı da, qayıtmağı da”.

V. Zöhraboğlu deyir ki, ona bütün şeirləri sevgi yazdırır. Sevdiyi qadından ayrıldıqdan sonra cəmi bir şeir yazıb.

“Şeir şairin sarsıntısı, oxucunun təsəllisidir. Bəzən sevdiyim qadından qisas almağı da düşünmüşəm. Sonra da özümü toparlamışam ki, olmaz. Kişi qadın üzərində gücünü sınamaz. Pis baxıram kişinin qadından qisas almasına. Amma bu insanın özündən asılı olmur. Son kitabım “Natamam Təklik”i ona həsr etmişdim. Yazdım ki, gəl sənə kitabımı verim. Dedi, “istəmirəm, istəsəm özüm alaram”. Bu söz mənə çox toxundu. Sən məni istəməyə bilərsən, amma bu şeirlər sənə həsr edilib. Sənindir, istəməlisən” – deyir şair.

Sonra o, işinin başına geri dönür. Suvağını qarışdırır, divarını hörür. Bir az da iş başında söhbət edirik. Dediyinə görə, prezident təqaüdünə layiq görülüb:

“Üç il əvvəl Azərbaycan Yazıçılar İttifaqına üzv olmuşdum. Sonra dedilər ki, sənədləri düzəlt, prezident təqaüdünə layiq görülmüsən. Hələ almasam da, məncə təqaüdün məbləği 200 manatdır”.

Vasif Zöhraboğlu bu günə qədər müxtəlif işlərdə çalışıb. Ən unudulmazı isə bazarda araba sürmək olub. Onun sözlərinə görə, araba sürmək çətin olmasa da, onu adətən ona ünvanlanan müraciət forması incidirmiş: “Hamı məni “araba” deyə çağırırdı. Bu da xətrimə dəyirdi. Hətta bir dəfə bir kişinin ayağını əzmişdim, o da mənə qışqırdı. Yanında qızı da vardı, atasını sakitləşdirməyə çalışırdı ki, o da insandır”.

Bir qadının şairə döndərdiyi bənna ilə sağollaşıb uzaqlaşırıq. O isə, siqaretini alışdırıb, daşın üstündə oturur. Yanılmırıqsa, biz yeganə qəhrəmanını şairin yadına salmışdıq…  (Sputnik Azərbaycan)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!