Azərbaycanda cəzalandırılan məmurların sayı açıqlandı

Azərbaycanda cəzalandırılan məmurların sayı açıqlandı

Xalqın səsi Veb saytların hazırlanması

08 Fevral 2019 13:08 1134


2018-ci il ərzində mərkəzi icra hakimiyyəti orqanlarının 315 kollegiya iclasında, yerli icra hakimiyyəti orqanlarının isə 379 şura iclasında, həmçinin bu orqanlarda keçirilən digər 2693 tədbirdə vətəndaş müraciətlərinə baxılması işi müzakirə olunub. 

“Yeni Sabah” xəbər verir ki, bunu Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov açıqlayıb. Bildirib ki, bu iclaslarda vətəndaş müraciətlərində qaldırılan ayrı-ayrı məsələlərin müzakirəsi ilə yanaşı, bir çox hallarda müraciətlərə baxılmasında nöqsanlara yol vermiş, yaxud vətəndaşları narahat edən problemlərin həllinə laqeyd yanaşmış, vəzifə öhdəliklərini vicdanla yerinə yetirməmiş vəzifəli şəxslər barədə intizam tənbehi tədbirləri də görülüb. Belə ki, 2018-ci ildə mərkəzi icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərindən 860 nəfərinə töhmət və ya şiddətli töhmət verilib, 79 nəfərin əmək müqaviləsinə xitam verilib, 53 nəfər barəsində digər intizam tənbehi tədbiri görülüb, 632 nəfərə xəbərdarlıq edilib.

Yerli icra hakimiyyəti orqanlarına gəlincə, ötən il burada 70 vəzifəli şəxs barəsində intizam tənbehi tədbiri görülüb. Onların 57 nəfərinə töhmət və ya şiddətli töhmət verilib, 13 nəfərin əmək müqaviləsinə xitam verilib, həmçinin 270 nəfərə xəbərdarlıq edilib.

Yerli icra hakimiyyəti orqanlarının Prezident Administrasiyasına təqdim etdikləri hesabatların təhlili göstərir ki, ötən il həmin orqanlara daxil olmuş müraciətlərin sayında artım var. Ən çox artım Bakının Binəqədi, Xəzər, Qaradağ rayonlarında, Gəncə, Yevlax şəhərlərində, Ağcabədi, Ağdam, Balakən, Beyləqan, Biləsuvar, Cəlilabad, Gədəbəy, Xızı, Qazax, Qəbələ, Qobustan, Lerik, Saatlı, Şabran, Şuşa, Tovuz, Yardımlı, Zaqatala, Zəngilan, digər şəhər və rayonlarda qeydə alınıb. 

Bununla belə, bəzi şəhər və rayon icra hakimiyyətlərinə daxil olan müraciətlərin sayı azalıb. Azalma daha çox Bakı şəhəri və onun Nizami, Pirallahı, Suraxanı, Yasamal rayonlarında, Naxçıvan Muxtar Respublikasının rayonlarında, Lənkəran, Mingəçevir, Sumqayıt, Şəki, Şirvan, Füzuli, Göyçay, Göygöl, Hacıqabul, Xocavənd, İmişli, Kəlbəcər, Kürdəmir, Qax, Quba, Qubadlı, Laçın, Masallı, Sabirabad, Samux, Ucar, Zərdab, digər şəhər və rayonlarda nəzərə çarpır.

Ümumilikdə, ötən il ərzində dövlət hakimiyyəti orqanlarına daxil olmuş vətəndaş müraciətlərinin 85 faizinə mərkəzi, 15 faizinə isə yerli icra hakimiyyəti orqanlarında baxılıb. Bu müraciətlərin növ etibarilə təhlili göstərir ki, onların 72,3 faizi ərizə, 27,2 faizi şikayət, 0,5 faizi isə təkliflərdən ibarətdir.

Mərkəzi icra hakimiyyəti orqanlarında və digər qurumlarda baxılmış müraciətlərin 32,3 faizi müsbət həll olunub, 3,1 faizi qismən təmin edilib, 10 faizi əsassız sayılıb, 36,6 faizində qaldırılan məsələlərə dair vətəndaşlara müvafiq izahat verilib. Müraciətlərin 12,7 faizi baxılmaq üçün aidiyyəti qurumlara göndərilmiş, 5,3 faizi icradadır.

Yerli icra hakimiyyətlərində müraciətlərin 32 faizi müsbət həll olunmuş, 2,8 faizi qismən təmin edilmiş, 4 faizi əsassız sayılmış, 49,2 faizi barədə müvafiq izahat verilmişdir. Müraciətlərin 8,6 faizi baxılmaq üçün aidiyyəti qurumlara göndərilmiş və 3,4 faizi icradadır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!