Son günlər mətbuatda proporsional seçki sisteminin bərpa olunacağına dair məlumatlar yayılıb. Belə ki, bu ilin sonuna kimi ölkədə referendumun keçirələcəyi iddia olunur.
MSK-nın seçisi siyahılarının dəqiqləşdirilməsi ilə bağlı yaydığı açıqlama da bu ehtimalı artırıb. Bununla bağlı tezliklə yekun qərarın verilməsi gözlənilir.
Maraqlıdır, Azərbaycanın siyasi partiyaları mövcud Seçki Məcəlləsinin dəyişdirilməsi ilə razıdırlarmı? Dördpendirli pizza
Proporsional seçki sisteminin bərpa olunacağı təqdirdə Milli Məclisdə deputat yerlərinin sayı nə qədər olmalıdır?
Yenisabah.az-ın suallarını cavablandıran Ağ Partiya başqanı Tural Abbaslı proprosional seçki sisteminin yenidən tətbiq olunmasının tərəfdarıdır:
“Ümumiyyətlə, uzun müddətdir ki, Konstitusiya islahatlarının lazım olması ilə bağlı mövqelərimiz və bəyanatlarımız var. Təbii ki, bu, tək bizim partiyanın yox, eləcə də bir çox partiyaların açıqlamasında öz əksini tapıb.
Burada da bir çox maddələr var. Məsələn, son zamanlar edilmiş dəyişikliyə əsasən, Birinci vitse-prezidentlik və Baş nazirlik institutları yaradılıb və bunlar indi də qalır. Lakin bunlar arasında tənzimləmə aparılmalıdır və yaxud da ki, idarəetmə mexanizmində bəzi yüngül dəyişiklərin olmasına ehtiyac var”.
Müxalifətçi onu da vurğulayıb ki, burada deputatların sayının artırılması məsələsi də mövcuddur:
“Lakin ondan da vacibi o deputatların necə seçilmə məsələsidir. Bildiyiniz kimi, Azərbaycanda 2002-ci ilə qədər qarışıq seçki sistemi olub. Yəni 100 deputat majoritar seçki sistemi üzrə seçilirdisə, 25 deputat da proporsional seçki sistemi üzrə seçilirdi. Sonradan bu ləğv olundu və bütün hamısı majoritar seçki seçki sisteminə keçirildi. Təbii ki, majoritar seçki sistemi partiyaların zəifləməsinə, strukturlarının sıradan çıxmasına və siyasi institutların məhv olmasına gətirib çıxardı. Nəticədə baxsaq, görərik ki, Azərbaycanın siyasi səhnəsində, həm müxalifət, həm də iqtidar komandası təsadüfi insanlarla doludur və siyasət anlayışı, eləcə də dövlət idarəsi və biliyi olmayan insanlar burada yerləşiblər. Bunların da hamısı siyasi partiyaların sıradan çıxmasına gətirib çıxardı”.
T. Abbaslı əlavə edib:
“Təbii ki, baxsanız, görərsiniz ki, burada artıq YAP belə idarəçiliyə heç bir təsir edə bilmədi, çünki partiya sistemi sıradan çıxıb. İndi həm partiya sisteminin bərpası, həm siyasi səhnənin daha da peşəkarlaşdırılması, həm də dünyadakı siyasi çağırışlara, yəni dünya standartlarına cavab vermək üçün mütləq və mütləq proporsional seçki sistemi bərpa olunmalıdır.
Deputat sayına gəldikdə isə bu, 151-ə və yaxud 201-ə qaldırıla bilər. İndi bu, müzakirə olunacaq. Çünki biz 7 milyon olanda say 125 nəfər deputat vardı. İndi 10 milyonuq və yenə də 125 nəfərdir. Bu gün bir deputat faktiki olaraq haradasa 50 min seçici ilə işləməlidir. Lakin bu, indi mümkün deyil. Çünki nə qədər az seçici kütləsinə xitab etsələr, iş bir o qədər keyfiyyətli olar”.
“Ona görə də saydan daha çox hesab edirəm ki, proporsional seçki sistemi qaytarılmalıdır. Təbii ki, əgər proporsional seçki sistemi qaytarılsa, ola bilər ki, say 201-ə qaldırılsın. Məsələn, 100 majoritar, 101 proposrional və yaxud 151-ə qaldırıla bilər ki, bunun da 51-i proporsional, 100-ü majoritar ola bilər.
Hesab edirəm ki, gərək bu məsələlər birdən-birə sürpriz formasında cəmiyyətə təqdim edilməsin. Əvvəlcədən ictimai müzakirələr getsin, fikirlər alınsın, dəyirmi masalar keçirilsin, sonra da ortaya bir sənəd qoyulsun. Lakin ümumən bu məsələyə baxanda mən bunu müsbət qiymətləndirirəm. Çünki bu, çoxpartiyalı sistemin inkişafına xidmət edəcək dəyişikliklər olacaq”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız