“Əslində, icbari tibbi sığorta ilə bağlı qərar çoxdan verilsə də bunun tətbiqi ilə bağlı uzun illərdir problemlər yaşanırdı. Səhv etmirəmsə, 2 il bundan öncə Mingəçevir və Bərdə pilot bölgələr kimi müəyyənləşdirildi. Bu pilot bölgələrdə icbari tibbi sığorta test edildi. Açığı nəticələr o qədər də ürəkaçan deyil”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, orada maaşların artımı, hər hansı formada göstərilən xidmətin keyfiyyəti ilə bağlı qarşıya qoyulan nəticələr əldə olunmayıb:
“Mənə elə gəlir ki, gələn il yanvarın 1-dən icbari tibbi sığortanın ölkə üzrə tətbiqi müxtəlif problemlərlə qarşılaşacaq. Çünki icbari tibbi sığortanın ən böyük üstünlüklərindən biri o olmalı idi ki, bütün ölkə əhalisi istər çalışanlar, istər çalışmayanlar tibbi sığorta ilə təmin edilsin. Vətəndaşa göstərilən tibbi xidmətin həcminə, keyfiyyəti və intensivliyinə görə, sığorta şirkətləri tərəfindən ödənişlər olunmalıdır. Bunun üçün dövlət tibb müəssisələri publik hüquqi şəxsə çevrilməlidir. Hələ də bu proses sona çatmayıb. pizza mizza
Publik hüquqi şəxsə çevrildikdən sonra onların maaş cədvəlləri artıq mərkəzləşdirilmiş olmamalıdır. İndi dövlət tibb müəssisələrində mərkəzləşdirilmiş maaş cədvəlləri var. Bunlar publik hüquqi şəxs olduqdan sonra həmin müəssisələrin rəhbərliyi tərəfindən maaş cədvəllərinin təsdiqi gözlənilir. Yəni belə bir addım olmalıdır ki, hansı həkimə daha çox müraciət olunur, hansı daha çox iş həcminə malikdirsə, əməliyyatlarda daha çox iştirak edirsə, icbari tibbi sığortadan daha çox ödənişlər etməli və həmin ödənişlərdən toplanan vəsait həkimlər arasında maaş şəklində bölünməlidir. Bunun üçün isə icbari tibbi sığortanın ödənişlərinin mexanizmləri işlənib hazırlanmalıdır”.
N.Cəfərli qeyd edib ki, hələ bu mexanizmlərin tam qaydada işləyəcəyi ilə bağlı fikir bildirmək olmur:
“Çünki icbari tibbi sığortanın bu günə qədər tətbiqi ilə bağlı mexanizmlərin elan olunmasına baxmayaraq, tətbiqi zamanı hansı çətinliklərlə qarşılaşacağı ölçülməyib. Belə bir test, hesablamalar olmalıdır. Yəni icbari tibbi sığorta tətbiq olunarkən hansı problemlərin olması məsələsi var. Çox təəssüf ki, bu da problemdir. Əhalinin rəsmi gəlirlərinin az olması sosial sığortaların, o cümlədən tibbi sığortanın ödənişində problem yaradacaq. Burada əmək haqqılar və qazanclar tam leqallaşmalıdır ki, bununla bağlı problem yaşanmasın. Bu da gələn il icbari tibbi sığorta ilə önə çıxacaq ən böyük problemlərdən biri olacaq. Çünki maaş, gəlirlərin leqallaşdırılması baş vermir”.
Ekspert standartlara uyğun fəaliyyət göstərən tibb müəssisələrinin Agentlik tərəfindən keyfiyyət indeksinə uyğun əlavə maliyyələşməsi haqda da danışıb:
“İlkin olaraq belə açıqlanmışdı ki, göstərilən xidmətin keyfiyyəti və kəmiyyəti ilə bağlı indeksləşmə aparılacaq, ölçü vahidləri qoyulacaq. Yəni hər hansı dövlət müəssisəsi publik hüquqi şəxsə çevrildikdən sonra onun işçilərinin, həkimlərinin göstərdiyi xidmətin həcmi və keyfiyyətinə görə, qiymətləndirmə aparılacaq. Qiymətləndirmə nəticədə həkimlərin və tibb işçilərinin maaşına təsir göstərəcək.
Bunlar hansı kriteriyalarla aparılacaq, obyektiv olacaqmı, həkimlər arasında bir narahatlığa səbəb olacaq, ya yox bu artıq özünü praktikada göstərəcək. Yanvarın 1-dən tətbiq olunacaq qaydalardan sonra boşluqlar müəyyənləşdiriləcək. Ona görə qeyd etdim ki, iki pilot bölgələrdə tətbiqi bir çox problemləri üzə çıxarsa da, o problemlərin həlli yolunda hələ ki, addımların şahidi olmuruq. Mənə elə gəlir ki, ertələmə var. Sanki hələ düşünürlər ki, may ayıdır, qarşıda təqribən 7 ay var, bu vaxt ərzində problemlər həll olunacaq. Əslində, isə dövlət qurumları çox gecikir. Bu indikatorlar çoxdan müəyyənləşdirilməli və test olunmalıydı. Ölçü istiqamətlərinin ədalətli olub-olmaması ilə bağlı araşdırmalar aparılmalıydı. Məsələ ilə bağlı elmi yanaşma ortalığa qoyulmalı idi. Amma çox təəssüf ki, hələ bu günə qədər dövlət qurumları tərəfindən bir elmi sənəd ortalığa qoyulmayıb. Hətta pilot bölgələrlə bağlı da bir sanballı sənəd ortaya qoyulmayıb ki, hansı problemlərlə qarşılaşıblar.
İcbari tibbi sığortanın tətbiqi pozitiv addımdır, bu çoxdan olmalıydı, amma yanvardan ölkə üzrə tətbiqindən sonra kifayət qədər problemlər ortaya çıxacaq. Bu problemlərin həlli zaman alacaq. Bu zaman kəsimində də göstərilən tibbi xidmətin kəmiyyəti, keyfiyyəti ilə bağlı problemlər yaşana bilər”.
Əsmər Qabil
Telegram kanalımız