Azərbaycan bir çox dini icmaların və müxtəlif xalqların ortaq vətənidir. Ölkəmiz tarix boyu müsəlmanların, xristianların, yəhudilərin və digər dinlərə mənsub insanların birgə və mehriban yaşadığı məkan olub.
Belə icmalardan biri də xristianlardır. Azərbaycanda xristianlıq olduqca dərin köklərə və əhəmiyyətli sosial bazaya malikdir. Bu dinin ölkəmizdə yayılması hələ eramızın I əsrinə, Albaniya dövlətinin dövrünə gedib çıxır.
Hətta eramızın 313-cü ilində alban hökmdarı Urnayr xristianlığı dövlətin rəsmi dini elan etmişdi. Bu dövrlərdə Azərbaycan ərazisində xristianlıq olduqca geniş insan kütlələri tərəfindən qəbul edildi. Lakin sonrakı əsrlərdə İslam dininin Azərbaycanda geniş təşəkkül tapması və azərbaycanlıların bu dinə daha çox meyl göstərməsi xristianlığı müəyyən qisim insanların mənsub olduğu dinə çevirdi. pizza mizza
Hazırda ölkəmizdə bu dinin ən geniş yayılmış məzhəbi pravoslavlıqdır. Pravoslavlıq Azərbaycana XIX əsrin əvvəllərindən etibarən Çar Rusiyasının bölgədə tətbiq etdiyi "köçürmə siyasəti" çərçivəsində nüfuz etməyə başladı. Bakıda ilk pravoslav kilsəsi 1815-ci ildə fəaliyyətə başlayıb. Bundan əlavə olaraq, ölkəmizdə katolik və protestantların sayı da az deyil. Ümumən isə onların hər biri Azərbaycandakı multikultural və tolerant mühit altında öz dini ayinlərini və ibadətlərini tam sərbəst formada icra edə bilir.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Azərbaycanda Katolik Kilsəsinin mətbuat katibi Toral Ağayev bildirib ki, Azərbaycanda katolik icmasının dini ibadətləri üçün olduqca sərbəst və rahat şərait mövcuddur:

“Azərbaycan qanunvericiliyinin “Dini etiqad azadlığı haqqında” qanununa əsasən, biz tam sərbəst şəkildə öz fəaliyyətimizi yerinə yetiririk. Bizə hər hansı bir şəkildə heç bir maneə və yaxud təzyiq göstərilmir.
Azərbaycanın qanunvericiliyinə və Katolik kilsəsinin daxili qanunlarına əsasən, fəaliyyətimizi göstəririk. Ümumiyyətlə ölkəmizdə katoliklərin əsas yaşadığı yer paytaxt Bakıdır. Bu tarixən belə olub. XIX əsrin sonu, XX əsrin əvvəlində məhz Bakı şəhərində əsasən polyaklardan və almanlardan ibarət böyük bir katolik icması olub. Əsas böyük kilsə də Bakıda tikilmişdi.
Sovet dövründə, 1936-cı ildə həmin kilsə dağıdıldı. Bu dövrdə dinə və dini icmalara qarşı göstərilən təzyiq və dözümsüzlükdən katolik icması da təsirləndi. Katoliklər icma olaraq, demək olar ki, dağılmışdı. Amma Azərbaycan öz müstəqilliyini bərpa edəndən sonra elə ilk addımlardan biri də katolik icmasının bərpası oldu.
Əsasən, katoliklər Bakıda yaşayır. Ancaq ölkəmizdə nə qədər katolik olduğunu tam dəqiq deyə bilmərik. Çünki belə bir statistika aparmamışıq. Ola bilsin ki, hansısa rayonda və yaxud şəhərdə kimsə katolik dininə mənsubdur. Amma bizim əsas kilsəmiz olan Müqəddəs Məryəm Ana Kilsəsi Bakıda yerləşir. İkinci kiçik kilsəmiz Roma papasına həsr olunmuş Müqəddəs İkinci İohann Pavel kilsəsidir. İbadətlər də əsas olaraq Bakıda keçirilir”.
Toral Ağayevin sözlərinə görə, digər dini icmaların nümayəndələri də kilsəyə, ibadətlərə və dini mərasimlərə xeyli maraq duyur:

“Əlbəttə, bizim cəmiyyətimizin əksəriyyəti özünü İslam dininə mənsub hesab edir. İnsanlar tərəfindən kilsəyə və ibadətlərə maraq xeyli yüksəkdir. Həm məktəblərdən, həm də universitetlərdən şagird və tələbələr kilsəyə gəlirlər, onlarla xüsusi görüşlər keçiririk. Xristianlıq və katolik kilsəsi əsas prinsipləri və tarixi barədə danışırıq.
Eyni formada adi insanlar da kilsəyə gəlirlər. Çünki kilsə hamı üçündür. Bizim məbədlərimizin qapısı hamı üçün açıqdır. Milliyyətindən və dini mənsubiyyətindən asılı olmayaraq, hamı gəlib Allahın evində dua edə bilər. Ona görə də müxtəlif dinlərin mənsubları gəlib sərbəst şəkildə kilsəmizi ziyarət edir. Həm rəsmi səviyyədə, həm də dinlərarası formada qarşılıqlı hörmət və etimad var. Bəzi insanlar var ki, onlar mənəvi axtarışdadırlar.
Belə şəxslər Allahla ünsiyyət qurmaq üçün yollar axtarırlar. Əlbəttə, elə insanlar gəlirlər və maraqlanırlar. Bizdə katolik kilsəsinin qaydasına görə, katolik dinini qəbul etmək yəni vəftiz olmaq üçün ən azı 1 il yarım vaxt verilir. Bu zaman zərfində katolikliyin təlimi, əsas prinsipləri və əqidəsi öyrədilir”.
Nazim Hacıyev
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır.

Telegram kanalımız