Azərbaycan dünyada müxtəlif sivilizasiyaların kəsişdiyi, dinlər arasında qarşılıqlı etimad mühitinin mövcud olduğu məkan kimi tanınır. Çoxmillətli və çoxkonfessiyalı Azərbaycanda dini tolerantlığın inkişafına ölkəmizin yerləşdiyi coğrafi ərazi, əhalinin milli-etnik və dini tərkibi mühüm təsir göstərir.
Azərbaycanda tarixən bütpərəstlik, zərdüştilik, iudaizm, xristianlıq, İslam və digər dinlər yayılmışdır. Tolerant dəyərlərə bağlılıq ölkəmizdə yaşayan insanların həyat tərzini səciyyələndirən xüsusiyyətlərdən biridir.
Yenisabah.az-la söhbətində Milli Məclisin deputatı Ceyhun Məmmədov da təsdiqləyib ki, bu gün Azərbaycan dünyanın ən tolerant və multikultural ölkələrindən biridir. pizza mizza
Millət vəkili düşünür ki, tarix boyu Azərbaycanda həm şiələr, həm də sünnilər sülh və qarşılıqlı anlaşma şəraitində yaşayıblar və onların arasında heç vaxt heç bir qarşıdurma olmayıb:
“Deyə bilərik ki, bu, Azərbaycan xalqının tarixi uğurlarından biridir. Bu gün Azərbaycan əhalisinin bir hissəsinin şiə, digər bir hissəsinin isə sünni olmasına baxmayaraq, heç bir qarşıdurma yoxdur.
Bu gün bu ənənələr və dəyərlər yenə də dövlət səviyyəsində qorunur, ona sahib çıxılır və dövlətin siyasətində bu istiqamət prioritet məsələ kimi saxlanılıb.

Biz deyə bilərik ki, dövlət bu istiqamətdə davamlı olaraq tədbirlər həyata keçirilir. Yəni tarix boyu formalaşmış ənənələrin gücləndirilməsi və daha da möhkəmlənməsi üçün dövlət əlindən gələn addımları atır. Biz bunu dövlət siyasətinin bütün istiqamətlərində açıq şəkildə görürük”.
Deputat əlavə edib ki, məscidlərin inşası, təmiri, dini icmalara yardımların göstərilməsi və bu kimi tədbirlər davamlı olaraq görülür:
“Lakin dünyanın bir çox müsəlman ölkələrində biz sünni-şiə qarşıdurmasını görürük, lakin bu gün ölkəmizdə belə bir tendensiya mövcud deyil. Azərbaycan siyasətini uğurla yerinə yetirir və qarşıdurmalar baş verməməsi üçün zəruri olan bütün addımlar atılır. Bu baxımdan, Məhərrəmlik ənənələri də dinimizin qaydalarına uyğun həyata keçirilir. Məhərrəmlik dövründə də bu dəyərlərin necə təqdim olunması görünür”.
İlahiyyatçı Ağa Hacıbəyli isə qeyd edib ki, İslamın ruhuna endikcə, insan dünyanın ən zəngin və mənəvi bir mədəniyyəti ilə üzbəüz olur:
“Lakin nə qədər ki İslam Qurani-Kərim və Məhəmməd peyğəmbərdən (s.a.v) öyrənilmədiyi zaman insan böyük bir cəhalətin və fəlakətin uçurumuna gəlib çatmış olur. Çünki işin içərisində mənəvi dəyərlərə malik olan bir din var. Əgər o din öyrədilmirsə, deməli, onun xaricində dinəbənzər nələrsə təlqin edilir.

Dünyanın hansı fəlsəfəsi olursa, olsun, dinin yerinə qoyulduğu zaman onun bəlası bir müddət sonra ortaya çıxır. Xalqımızın dinə olan gerçək inamı, eləcə də Əhli-Beytə olan məhəbbəti, eləcə də Qurana olan münasibəti tolerantlıq prinsiplərinə uyğundur deyə, bu, həmçinin, dövlət prinsipləri kimi də mənimsənildi.
Son illərdə aparılan proseslərdə gördük ki, bu millət bir yumruq kimi birləşməyi bacarır. Xüsusilə də 44 günlük savaş bunu göstərdi ki, məzhəbindən asılı olmayaraq, böyüyündən kiçiyinə qədər hər kəs bir bayrağın kölgəsi altında toplaşmağı bacarır”.
Müsahibimizə görə, burada dini dəyərlərimizin də çox böyük rolu var:
“Çünki şəhid zirvəsinə gedən yolun qapısı İslamla açılır. Ona görə də bu müqəddəs kəlmələrlə yanaşı, qüdsi ifadələri zaman-zaman dillərində və könüllərində bəstələr halına gətirən insanlarımız yeri gəldiyi zamanda bu istiqamətdə addımlarını atdılar.
Artıq Məhərrəm ayı gəldi və bu ay özü ilə bərabər bir hüzn və dərd gətirir. Çünki peyğəmbərimizə qədər (s.a.v) tarixdə Məhərrəm ayında çox böyük hadisələr baş verir. Hətta Adəm peyğəmbərdən tutmuş, ta Hz.Məhəmməd Mustafaya qədər çox böyük tarixi hadisələr baş verib.
Məsələn, İbrahim peyğəmbərin atəşdən qurtulması, Yusif əleyhissəlamın quyudan çıxarılması, Yunus peyğəmbərin balığın qarnından xilası, eyni zamanda Musa əleyhissəlamın firondan qurtuluşu kimi bir çox belə hadisələrin şahidi olmuşuq, xüsusən də Aşura günündə”.
“Lakin İslam tarixində, yəni peyğəmbərimizin İslamiyyəti təbliğindən sonra 680-cı ildə baş verən İmam Hüseynin Kərbəla vaqiəsi sanki özündən öncəki bütün peyğəmbərlərin başına gələn hadisələrdən daha fərqli bir qapı açdı, bir şəhadət məktəbinə çevrildi. Doğrudur, bu məktəbdən də fərqli şəkildə istifadə edənlər var, amma bu gün ölkəmizdəki məscidlərdə minbərlərə çıxan din xadimlərin çoxu daha tolerantdır.
Bu insanlar Azərbaycan türkcəsində danışan, bu millətin qəlbinə xitab edən insanları bir araya gətirirlər deyə, bu insanlar hazırda məscidlərimizdədir. Çünki hər kəs bir dildə, millətin dilində, millətin dərdindən və ümmət ətrafından danışır”, – ilahiyyatçı fikirlərini bölüşüb.
“Biz bu birliyi görürük və dövlət də bunu həssaslıqla idarə edir. Çünki bu addımları atmaq vacibdir. Görün bizi bu gün nə hala gətiriblər ki, sünni-şiə ifadəsi ilə böyük ümməti 2 böyük yerə ayırıb aramıza təfriqələr salıblar. Qurani-Kərimdə nə sünni, nə də şiə sözü var. Peyğəmbərimizin mədəniyyətində 1 İslam var. Bunlar Cəfəri, Hənəfi, Şafi, Maliki və digər məzhəblərdir.
Məzhəblər isə hüquq məktəbləridir. Böyük alimlərimiz isə qardaş olublar. Məsələn, İmam Cəfər Sadiq əleyhissəlamla Əbu-Hənifə həzrətləri çiyin-çiyinə dini təbliğ ediblər. Hətta Əbu-Hənifə kimi bir alim ondan dərs alıb. Yaxud əhli-sünnə məzhəbinin böyük alimlərindən biri olan İmam Malik belə, İmam Cəfər Sadiq əleyhissəlamla Mədinədə eyni dövrdə yaşayıb və İslamı çiyin-çiyinə təbliğ edib insanları İslama dəvət ediblər. Ona görə də bu ayrılığı, təfriqələri və cəhaləti yenidən xortladıb gənc nəslin önünə çıxarmağın bir mənası yoxdur” – A. Hacıbəyli yekunlaşdırıb.
Rafi MÜSLÜMOV
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır.

Telegram kanalımız