Azərbaycanda məhkəmə islahatları: İnam Kərimov nə etməlidir?

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda məhkəmə islahatları: İnam Kərimov nə etməlidir?

Siyasət

12 Aprel 2023 16:14 1486


Hər bir dövlətin müstəqilliyini şərtləndirən, onu əbədiləşdirən amillər, ilk növbədə, qanunların aliliyinin təminatından, məhkəmə-hüquq islahatlarının həyata keçirilməsi keyfiyyətindən və ədalət mühakiməsinin beynəlxalq tələblərə uyğunlaşdırılmasından asılıdır.

İnkişaf etmiş demokratik ölkələrin təcrübəsi göstərir ki, ictimai-siyasi həyatın bütün sahələri üzrə hüquqi bazanın möhkəm təməllər üzərində qurulması, ədalət mühakiməsi prinsiplərinə ciddi şəkildə riayət olunması həmin dövlətdə sabitliyin, vətəndaş həmrəyliyinin və dinamik iqtisadi inkişafın başlıca təminatlarından biridir.

Yenisabah.az-a açıqlamasında tanınmış hüquqşünas, Milli Məclisin sabiq deputatı Çingiz Qənizadə deyib ki, Azərbaycanda məhkəmə sistemi üçpilləli olduğu üçün İnam Kərimov sadəcə bu pillələrdən birinə rəhbər təyin olunub: Toyuqlu pizza

“Bu isə o demək deyil ki, İnam müəllimin Ali Məhkəməyə sədr təyin edilməsi ilə bütün məhkəmə sistemində istədiyimiz nəticəni əldə edə bilərik.

İnam müəllimin özünün Ali Məhkəməyə sədr təyin olunmasını təbii ki, müsbət dəyərləndirirəm. İnam müəllimin bundan öncə işlədiyi sahələrdəki bacarığı, qabiliyyəti və eyni zamanda uzun müddətdir ki, yüksək vəzifələrdə işləməklə hər hansı bir neqativ hallarda – korrupsiya və rüşvətdə adının çəkilməməsi və cəmiyyətdə ona qarşı münasibətin bu sahədə müsbət olmasını nəzərə alsaq, hesab edirəm ki, bu, uğurlu bir təyinatdır. Mən ona bu sahədə uğurlar arzu edirəm.

Amma birinci instansiya məhkəmələri, yəni yerli məhkəmələr və ikinci instansiya məhkəmələri – apelyasiya məhkəmələrində buraxılan səhvlərin hamısının Ali Məhkəmə tərəfindən düzəldiləcəyi, ləğv ediləcəyi və yenidən baxılacağı ilə bağlı məsələlərdə təbii ki, müəyyən qədər çətinliklər ola bilər”.

“Mən bütün məhkəmə sisteminin islahatlara çevrilməsini və yeni tələblərə uyğun formalaşmasını arzulayıram. Doğrudur, müəyyən addımlar atılıb. Cənab Prezidentin 2019-cu ilin aprel ayında “Məhkəmə sahəsində və hüquq-mühafizə orqanlarında islahatların daha da dərinləşdirilməsi” ilə bağlı imzaladığı fərman var. Lakin hələ də o fərmanın tələbləri tam icra olunmayıb və müəyyən boşluqlar və çətinlik var.

Son illər isə məhkəmə sisteminə qəbul olunan gənclərin və müəyyən imtahan vermiş şəxslərin fəaliyyətində uğurlu addımları görürük. Bu gün qəbul etmədiyim odur ki, məhkəmələr və hakimlər müstəqil olmalıdır. Lakin hakimlər müəyyən qərar qəbul etməmişdən öncə, əgər işlədiyi məhkəmənin sədrləri ilə bir qayda olaraq işi müzakirə edib sonra qərar qəbul edəcəklərsə, onda biz səsləndirdiyim müstəqilliyi əldə edə bilmərik. Tutaq ki, Apelyasiya Məhkəməsinin sədri orada olan20-30 hakimdən savadlı və ağıllı ola bilməz. Nəyə görə hakimlər son qərarı elan etməmişdən 1-2 gün öncə bu işlə bağlı sədrlə müzakirə aparırlar? Bu işə son qoyulmalı və hətta belə müzakirələr olduqda müəyyən cəzalandırma tədbirləri olmalıdır”, – vurğulayıb.

O, hesab edir ki, Məhkəmə-Hüquq Şurasının fəaliyyətini bir az artırmaq və onun tərkibinə yenidən baxmaq lazımdır:

“Hətta onun tərkibində müstəqil hüquqşünasların sayı artırılmalıdır. Tutaq ki, ali məktəb professorları, yaxud ictimaiyyətdə və digər hüquq-mühafizə orqanlarında çalışmayan hüquqşünaslar da oraya təyinat almalıdır ki, orada müzakirələr zamanı hakimlərin təyinatında rol oynayan şəxslərin özlərinin də cəzalandırma prinsipində rolu azaldılsın. Həm də ki, bu, bir ictimai nəzarət funksiyası olsun ki, bilavasitə təyinatla məşğul olmayan şəxslər hakimlərin fəaliyyətinə qiymət verərkən daha müstəqil olacaqlar”.

“Düşünürəm ki, ümidləri üzmək olmaz. Fikrimcə, Azərbaycan Respublikasının Ali Məhkəməsinə – hansı ki, Konstitusiya Məhkəməsini kənara qoysaq, Ali Məhkəmə sonuncu instansiya məhkəməsidir. Çünki Konstitusiya məhkəməsi qəbul edilmiş qərarların Konstitusiyaya uyğunluğu ilə bağlı məsələyə baxır – ümidlər var ki, aşağıda buraxılan səhvlərin böyük əksəriyyəti onlar tərəfindən həll ediləcək. Amma tək bir insanın hansısa bir idarəyə təyin edilməsi ilə orada tamamilə uğurların əldə olunması olduqca çətindir”, – əlavə edib.

“Arzu edərdim ki, Ali Məhkəmənin hazırda fəaliyyətdə olan hakimləri yeni tələblərə və qaydalara uyğunlaşsınlar və İnam müəllimə dəqiq, obyektiv və qanunauyğun şəkildə işlərin müzakirəsi zamanı mövqeyini ortaya qoymaqla Azərbaycan vətəndaşlarının məhkəmə hakimiyyətinə olan inamın artırılması istiqamətində addımlar atsınlar.

Nə qədər ki cəmiyyətdə ədalətli mühakimə və məhkəmə yoxdur, o cəmiyyətdə böyük problemlər olur. Eləcə də ölkəyə xarici investorların və xarici vətəndaşların gəlib iş qurmasında da müəyyən çətinliklər olur ki, sonda məhkəmə vasitəsilə onlar istədikləri nəticələri əldə etməkdə şübhəli olurlar. Hesab edirəm ki, mütləq və mütləq Azərbaycanın ədliyyə və hüquq sahəsində islahatları daha da dərinləşdirmək lazımdır”, – yekunlaşdırıb.

Rafi MÜSLÜMOV

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” istiqaməti üzrə hazırlanmışdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!