Azərbaycanda partiyalar arasındakı siyasi mədəniyyət: Savaşdan barışa...

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda partiyalar arasındakı siyasi mədəniyyət: Savaşdan barışa...

Siyasət

09 Avqust 2022 15:20 1311


70 illik sovet əsarətindən sonra müstəqilliyini əldə edən Azərbaycan birdən-birə təkpartiyalı sistemdən çoxpartiyalı sistemə keçid etdi.

90-cı illərdə ölkə siyasi səhnəsinin əsas aktorlarına çevrilən AXCP, Müsavat Partiyası və YAP müstəqil Azərbaycanda yeni eranın başlanmasına qədəm qoydular.

Lakin bu məsələdə baş verən proseslər partiyalararası münasibətlərin kəskinləşməsinə və düşmənçilik tendensiyasının yaranmasına səbəb oldu. pizza sifarişi

İllərdir bir-birinə düşmən kəsilən müxalifət-iqtidar münasibətlərinin son 2 ildə tənzimlənməsi, barışmaz rəqiblərin eyni avtobusda Şuşaya səfər etməsi onun göstəricisidir ki, Azərbaycan dünyada yaranmış yeni geosiyasi reallıqlara qarşı fərqli addımlar atmaq niyyətindədir.

Artıq görünür ki, bir zamanlar qatı düşmən olan müxalifət-iqtidar cütlüyü son dönəmlər əsas bir məsələyə – ölkənin suverenliyi və ərazi bütövlüyü məsələsinə önəm verirlər.

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə də eyni rəyi bölüşür.

DİP sədri hesab edir ki, bu istiqamətdə ölkədə rəngarəng siyasi və demokratik sistem formalaşdırmaq üçün siyasi partiyaların xüsusi rolu var.

Rəngarəng siyasi sistem

“Siyasi sistem formalaşdıraraq hər şey yüksək siyasi mədəniyyət çərçivəsində olmalıdır, qarşılıqlı anlaşma, yəni partiyalararası fikir ayrılığı hansısa bir münaqişəyə səbəb olmamalıdır; normal diskussiya mədəniyyətinin olması vacibdir”.

Gənclik yeni siyasi mədəniyyəti öyrənməlidir

“Burada məişət mədəniyyətinin səviyyəsini də önəmli hesab edirəm. Bilirsiniz ki, bütün postkommunist, postsovet, qısacası, təkpartiyalı sistem təfəkkürü olan ölkələr də belə problemlərlə rastlaşıb və bu, indi də davam edir.

Bunun üçün də bu istiqamətdə çoxlu işlər görmək lazımdır, eləcə də müəyyən qədər siyasi partiyalar müvafiq təbəqələrin, xalqın istəklərini inkişaf naminə ifadə etməlidirlər. Bu sahədə yeni ənənələrin və mədəniyyətin yüksək səviyyəsinə böyük bir ehtiyac var. Ən əsası isə hesab edirəm ki, gəncliyin yeni siyasi mədəniyyət sistemi ilə bağlı bilikləndirilməsi mütləq şəkildə zəruridir”.

Prioritet məsələlərimiz nə olmalıdır?

“Dünyadakı geopolitik dəyişikliklərdən ölkəmizi qorumaq üçün iqtidar və müxalifət ilk növbədə, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyini qorumalıdır. Mənə elə gəlir ki, bu, ümummilli bir məsələdir. Həmçinin, bu, xalqımızın milli dəyəridir və hamımız bu istiqamətdə birləşməliyik”.

AĞ Partiya sədri Tural Abbaslı isə Azərbaycan siyasi səhnəsinin ilk illərinə – 90-lara ekskursiya edib:

Xalq düşməni kimlər idi?

“Əvvəla qeyd edim ki, Azərbaycan müstəqil olandan sonra çoxpartiyalı sistemə keçid etdi. 70 il təkpartiyalı sistemdə yaşayan insanlar birdən-birə çoxpartiyalı sistem anlayışı ilə üz-üzə gəldilər. Rəqabət və düşmənçilik, tənqid və təhqir – bunları qarışdırdılar. 

90-cı illərin əvvəllərində nümunə də yox idi bu barədə. Çünki bundan əvvəl iqtidarda olan bir kommunist rejimi var idi və o rejimə də qarşı çıxan xalq düşmənləri var idi. Əgər sən Kommunist Partiyasının dediyi ilə razı deyilsənsə, sən xalq düşmənisən, təxribatçısan. Yəni bizdə də bir az o düşüncə oldu ki, iqtidardakı partiya nə dedisə, o, olmalıdır, ondan başqa kim nə dedisə, xalq düşmənidir, məhv edilməlidir”.

Rəqabətdə qalib gəlinir, düşmənçilikdə isə məhv edilir

“Belə bir ənənə formalaşdı və sonradan da 1992-ci ilin hadisələri, iqtidar dəyişikliyi və bu dəyişikliyin gətirdiyi əlavə aqressiya, üstəgəl, həmin illərdə aparılan Qarabağ müharibəsi və digər amillərin hamısının müstəqilliyimizdəki siyasi mədəniyyətin formalaşmasında neqativ təsirləri oldu. 

Formalaşma da belə başladı; artıq tənqid yox, təhqir olundu rəqiblər, rəqabət yox, düşmənçilik aparıldı, bir-birinə qalib gəlmək yox, məhv etmək istədilər və nəticə də faciəvi bir duruma gəldi çıxdı.

O zamanlar bütün müxalifətçilər işdən qovuldu, müxalifətçilik terrorçuluqla müqayisə olundu, müxalifətin nə özü, nə də ailəsi normal yaşaya bilmədi. Eynilə də iqtidara münasibət elə oldu ki, hakimiyyətdəkilərin hamısı satqındır, rüşvətxordur, korrupsionerdir və s. Bu da təbii ki, cəmiyyətin inkişafını, siyasi münasibətlərin formalaşmasını geri saldı, çoxpartiyalı sistemi aradan qaldırdı, demokratiyanın inkişafını sıradan çıxardı”.

Vəziyyətimiz çox bərbad idi, lakin artıq iqtidar anlayır ki...

“Vəziyyət o hala gəlmişdi ki, Azərbaycanda iqtidar-müxalifət dialoqunu ATƏT təşkil edirdi. Hansı ki, Qarabağ danışıqları üzrə Azərbaycan-Ermənistan dialoqunu da ATƏT həyata keçirirdi. 

Eynilə də müxalifət-iqtidar dialoqları da belə idi. Yəni iqtidarla müxalifət özü bir araya gəlib hansı məsələləri müzakirə edə bilməyəcək bir səviyyəyə gəlmişdilər. Bu da bizi gətirib çox bərbad bir vəziyyətə salmışdı. 

2 il öncəki islahatlardan qabaq partiyalar sıradan çıxmışdı, rəqabət yox idi, hətta YAP belə partiya kimi fəaliyyət göstərə bilmirdi, çünki rəqabət olmayan mühitdə inkişaf mümkünsüzdür. Bu da gətirdi təkpartiyalı sistemə çıxardı. 

Amma indi yavaş-yavaş bu məsələlər aradan qaldırılmağa çalışılır. Artıq iqtidarın özü də anlamağa çalışır ki, bu sistem onların özünə də ziyandır, çünki çoxpartiyalı sistemin sıradan çıxması cəmiyyətin, xalqın müqavimətini və dirənişini sıradan çıxardır. 

Bu da üçüncü – kənar qüvvələrin Azərbaycanda istədiyi təxribatı törədə bilməsi, eləcə də istədiyi konfiqurasiyaları qurması üçün şərait yaradır”.

Rusiyanın, İranın və ABŞ-ın adamları iqtidara gələrsə

“Məsələn, biz YAP-ın iqtidardan getməsini istəyirik, amma onların iqtidardan gedib, əvəzinə Rusiyanın, İranın, yaxud ABŞ-ın adamının gəlməsini də istəmirik. Çünki dövlətçilik anlayışı da var. Bunun da formalaşması üçün iqtidar anladı ki, əgər daxili müqavimətin yaranması üçün heç olmasa münbit şərait yaratmasa, sabah bu, ona da problem yaradacaq. Ona görə də iqtidar yavaş-yavaş bu islahatlara start verdi”.

Hakimiyyət və müxalifət daxilindəki dirənişin səbəbi nədir?

“Hələlik başlanğıc səviyyədəyik, lakin mən düşünürəm ki, bu proses davam etsə, ilk növbədə, dövlətə və dövlətçiliyə faydası olacaq. Belə bir zamanda cəmiyyətin müqaviməti və dayanıqlı bir siyasi sistem olmalıdır. Güman edirəm ki, bu sistem qurulacaq. Doğrudur, indi hakimiyyət və müxalifət daxilində bu sistemə qarşı dirəniş var, çünki qurulmuş sistemin dağılmasını istəməyən, illərdir bundan çörək yeyən insanlar çoxluq təşkil edir. Onlar da bu məsələyə çörək kimi baxırlar. Amma hər iki tərəf qətiyyətli olsa, normal münasibətlər sisteminin formalaşcağına inanıram və Azərbaycan da buna görə nəhayət ki, normal dövlətlər sırasına qalxacaq”.

Rafi MÜSLÜMOV

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti üzrə hazırlanmışdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!