Azərbaycanda rüşvətxorluğa qarşı mübarizə: Bu gün tutub sabah buraxırlar...

Azərbaycanda rüşvətxorluğa qarşı mübarizə: Bu gün tutub sabah buraxırlar...

Sosial

04 Dekabr 2022 12:41 1519


İmran Ağayev adlı vətəndaş tanıyırsınız? 

Yaddaşınızı azca gücə salın, bu ad sizə tanış gələcək.  

Bəli, həmin adamdır! Həkimdir!

Cənab Ağayev Fövqəladə Hallar Nazirliyinin Tibb Baş İdarəsinin ZIĞ Modul Tipli Xəstəxanasının baş həkimi olub. Koronavirus xəstələrindən rüşvət aldığı üçün 2021-ci ilin aprelində həbs olunub. Və cinayəti sübuta yetirildiyi üçün Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Ağayev 8 il 3 ay müddətə azadlıqdan məhrum edilib.

İttiham aktının kiçik bir həssəsi ilə tanış olaq:

“İmran Ağayev Hospitala müxtəlif yerlərdən Təcili Tibbi Yardım avtomobilləri ilə gətirilən koronavirus xəstələrini boş otaqların olmamasını əsas gətirərək ya qəbul etməyib, ya da qəbulunu ləngidib.

Amma özünün direktoru olduğu “Medi Style” MMC-yə məxsus Təcili Tibbi Yardım avtomobilləri ilə xidmət haqqı ödənilməklə gətirilən xəstələrin qəbulunu tezləşdirib, onlar üçün yer problemi yaşanmayıb.

İmran Ağayev baş həkim vəzifəsini icra edən zaman 140 nəfər xəstədən özünə məxsus klinikanın təcili yardımları ilə Hospitala aparılması üçün 300-1500 manat olmaqla cəmi 51.599 manat pul alıb”.

Bəs sonra nə baş verib? 

Sonra İmran Ağyevin vəkilləri Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apellyasiya şikayəti verib. Onun şikayətinə hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə baxılıb. Nəticədə sabiq baş həkimin cəzası 4 ilə endirilib. 

Bu hələ hamısı deyil. 

İmran Ağayev onun barəsində çıxarılan hökmdən növbəti dəfə apellyasiya şikayəti verib. Onun şikayətini bu dəfə Ali Məhkəmənin hakimi Ələsgər Novruzov araşdırıb. Nəticədə İmran Ağayevin cəzası 4 ildən 3 ilə endirilib. 

Bəs siz Pərviz Abbasov adlı adam tanıyırsınız? 

Tanımayanlar üçün yazıram: Pərviz həkim koronavirus xəstələrinin müalicəsini həyata keçirən "Yeni Klinika"nın baş həkimi olub. O da rüşvət üstündə saxlanılıb. Sonra məhkəməsi olub və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il 6 ay azadlıqdan məhrum edilib. Pərviz doktor da həmkarının yolu ilə gedib. Bir müddət sonra o da barəsəində çıxarılan məhkəmə qərarından apellyasiya şikayəti verib. Onun şikayətinə Bakı Apellyasiya Məhkəməsinin hakimi İlqar Murquzov baxıb. Bu dəfə də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Nəticədə Pərviz Abbasovun cəzası 5 il 6 aya endirilib. 

Bu yazdıqlarım rüşvət və korrupsiya ittihamı ilə həbs olunan keçmiş nazirlərə, nazir müavinlərinə, icra başçılarına da aiddir. Hətta onların çoxu bu yolla cəzalarını "çəkib qurtarıb". 

Bax, Azərbaycanda rüşvət və korrupsiyaya qarşı mübarizə belə aparılır: Bu gün tuturlar, sabah buraxırlar. 

Buna görə də heç kim rüşvət almaqdan, korrupsiyaya bulaşmaqdan qorxmur. Amma mən bu sətirləri yazanda qorxuram. Axı pulum yoxdur ki, tutulanda verib cəzamı “yüngülləşdirim”...

Seymur VERDİZADƏ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!