Azərbaycanın ali məktəblərinin "yüzdə 80-nin keyfiyyətli təhsil vermək potensialı yoxdur" və hazırda tələbələrdən tələb olunan təhsil haqları "əsaslandırılmalıdır", millət vəkilləri belə düşünür.
Təhsil məsələləri üzrə təhlilçilər də "ali məktəblərdə təhsil haqqı kimi ödənilən vəsaitin təhsilin keyfiyyətinə uyğun olmadığını deyirlər".
Bəzi tələbələr oxuduqları ali məktəblərdə praktiki dərslərin keçirilməməsindən, ümumilikdə isə həmin qurumlarda mövcud olan tədris metodikasından narazıdırlar. Pepperoni pizza
Azərbaycanın ali təhsil müəssisələrində "təhsil haqqının məbləği ilə verilən təhsilin keyfiyyəti arasında uzlaşma varmı?" sualı zaman-zaman sosial şəbəkələrdə də müzakirə mövzusudur.
Hazırda Azərbaycan universitetlərində isə illlik təhsil haqqı min manatdan 9 min manata qədər dəyişir. Rəqəmlər ölkədə fəaliyyət göstərən dövlət və özəl ali məktəblərin saytlarından götürülüb.
"Azərbaycanın bəzi universitetlərinin bir illik təhsil haqqı ilə qonşu Türkiyədə bir il həm də bir tələbənin yaşam xərclərini də qarşılamaq mümkündür", təhsil məsələləri üzrə təhlilçi Kamran Əsədov deyir. O əlavə edir ki, Türkiyə universitetlərinin əksəriyyətində təhsil haqqı "Azərbaycan pulu ilə" 100-500 manat arasında dəyişir.
"Yəni siz burada 2500 manat təhsil haqqı ödəmək yerinə, Türkiyədə bu pula həm də yaşam xərclərinizi qarşılaya bilərsiniz. Üstəlik, orada təhsilin keyfiyyəti daha yüksəkdir, tanınma daha yüksəkdir. Tələbə yataqxanası var və qiyməti 50-150 manatdır.
Burada isə ən pis evdə kirayə haqqı 300 manatdır. Yemək məsələsi də orada daha ucuzdur, orada tələbələr universitet yeməkxanalarında daha ucuz nahar edə bilirlər. Yaşam şərtləri ucuzdur".
Kamran Əsədov "Türkiyədə təhsil alan azərbaycanlıların sayının 15 min"ə çatmasının əsasən bununla bağlı sayır.
Digər bir təhsil məsələləri üzrə təhlilçi Nabatəli Qulamoğlu isə bildirir ki, təhsil haqqı məsələsini bütün dünyada təhsil bazar müəyyənləşdirir, Azərbaycanda isə bu "bazar qiymətə təsir etsə də, keyfiyyətə təsir eləmir".
"Hansı ixtisasa ehtiyac çoxdursa, həmin ixtisasa axın da çoxdur, o axına uyğun olaraq da qiymət müəyyənləşdirilir. Ancaq bir şərt də odur ki, ali məktəb ödənilən vəsaitə uyğun bilik verməlidir", Nabatəli Qulamoğlu deyir.
Ancaq o əlavə edir ki, Azərbaycanda "bazardan asılılıq qanunu işləyir".
"Bazar tələb edir ki, təhsil bazarı axının çox olduğu sahənin qiymətini qaldırsın. Qiymət qaldırılır qaldırılmağına, ancaq təhsil vermirlər. Məsələ bundadır. Başqa ölkələrdə isə bu iki faktorun ikisi də işləyir", deyə təhlilçi bildirir ki, bunun səbəbini ali məktəblər arasında rəqabətin aşağı olmasında görür.
Millət vəkili Fazil Mustafa hesab edir ki, ölkənin ali məktəblərinin yüzdə 80-i yaxşı, keyfiyyətli təhsil vermək potensialına "malik deyil".
"Belə bir vəziyyətdə özlərinin istədiyi qaydada qiymət qoymaq, qiyməti artırmaq, özlərinin istədiyi qaydada ali məktəbi ayaqda saxlamaq yanlış siyasətdir. Bir çox ali məktəblərdə əsasən, iki əsas gəlir mənbəyi olur. Bunun biri təhsilin haqqıdır, ikincisi isə dərsə gəlməyən tələbələrdən əldə etdikləri gəlirlərdir".
Fazil Mustafa hesab edir ki, ödənişli təhsil sahəsində daha uğurlu yol tapılmalıdır. "Dövlət sifarişi ilə təhsil alanların sayının artırılması zahirən yaxşı görünür, çunki pulsuz təhsil almaq imkanlarını genişləndirir. Ancaq bu keyfiyyətli təhsil olacaqmı? İnandırıcı gəlmir, çünki ali məktəblər bunun üçün keyfiyyətli müəllimə lazımi səviyyədə ödəniş edə bilməlidir. Ali məktəbin özünü ayaqda tutmaq imkanı olmadıqda, bunu edə bilmir".
Millət vəkili hesab edir ki, bu "daha fundamental islahatlar tələb edən" məsələdir və indiki şərtlərdə "problemli sahə"dir.
"Ali məktəblər keyfiyyətli təhsilə görə pul qazanmağı bacarmalıdırlar. Bu pul da tələbəyə bu və ya digər formada keyfiyyətli təhsil kimi qaytarılmalıdır. Belə bir mexanizm olmalı və işləməlidir".
Millət vəkili onu da əlavə edir ki, ali məktəblər təyin etdiyi təhsil haqqının məbləğin "nəyə əsasən müəyyənləşdirildiyini əsaslandırmalıdır". "Bunu mütləq əsaslandırmaq lazımdır. Əsaslandıranda həm ali məktəbin cəlbediciliyini artırır, həm də tələbəni-sifarişçini aldatmadığı ortaya çıxır”.
Ali təhsil müəssisələrinin tətbiq olunan əsaslandırma məsələsini millət vəkili, Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Asim Mollazadə də vacib hesab edir. Mollazadə bildirib ki, tələbələrin təhsil haqları reallığı əks etdirməlidir. "Təhsil Nazirliyi və aidiyyatı qurumlar ciddi araşdırma aparmalıdırlar. İxtisaslar üçün təyin olunmuş təhsil haqları əsaslandırılmalıdır". Millət vəkili həm də təhsil haqlarının azaldılmasını təklif edib.
BBC Azərbaycan
Telegram kanalımız