“Siyasi partiyalar haqqında” qanunun 11 yanvar 2023-cü ildə təsdiq edilməsindən sonra Azərbaycanda dövlət qeydiyyatından keçən 59 siyasi partiyadan 15-i artıq öz fəaliyyətini dayandırıb.
Partiyaların özünü buraxmasından sonra bir sıra analitiklər hesab edirlər ki, yeni qanun layihəsi ölkədə siyasi fəallığı artıracaq.
Xatırladaq ki, “bir papkası, bir özü” olan partiyaların 5 min üzv həddini keçməməsinin nəticəsi olaraq, hazırda 44 siyasi partiya öz mövcudluğunu qoruyub saxlayıb. Lakin onlardan bəzilərinin də yaxın günlərdə özünü buraxacağı istisna edilmir. Toyuqlu pizza
Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən Ağ Partiya başqanı Tural Abbaslı söyləyib ki, siyasi mühitdə partiyaların sayının çox olmasının siyasi fəaliyyətdəki inkişafa və rəngarəngliyə heç bir aidiyyəti yoxdur:
“Mənim haradasa 23 illik partiya təcrübəm var. 18 yaşından etibarən isə Azərbaycanda partiya fəaliyyətində olmuşam. Tam əminliklə deyə bilərəm ki, partiyaların aktivliyinin və siyasi fəaliyyətinin fəallığının artmasının partiya sayına qətiyyən heç bir aidiyyəti yoxdur”.
Partiya sədrinin fikrincə, biz Azərbaycanın siyasi cəhətdən yüksək olduğu dövrləri analiz etsək, görərik ki, həmin zamanlarda partiyaların sayı kifayət qədər çox olub:
“Amma elə dövrlər də ola bilər ki, partiyaların sayı minimuma ensin, amma siyasi aktivlik və yaxud da ki, siyasi fəallıq çox aşağı səviyyədə, partiyaların öz durumları isə acınacaqlı vəziyyətdə olsun.
Bu, partiyaların sayı ilə bağlı deyil. Bu gün Gürcüstan və Ermənistanda 100-dən artıq siyasi partiya var. Yaxud ABŞ-ın özündə 2 böyük – “Demokratlar” və “Respublikaçılar” partiyaları mövcuddur. Onların siyasi fəaliyyətləri o qədər güclüdür ki, digərlərini kölgədə qoyub, amma ABŞ-da da yüzlərlə partiya var”.

“Ola bilsin, kimlərsə düşünür ki, Azərbaycanda partiya sayı azalanda kəmiyyət-keyfiyyət münasibətində artım olacaq. Düşünürəm ki, əgər biz partiyaların keyfiyyətinin, səviyyəsinin və fəaliyyətinin artırılmasını istəyiriksə, bunu qanunvericilikdə nəzərdə tutmalıyıq. Partiyalara fəaliyyət mühiti yaradılmalı, partiyaların maliyyələşmə məsələsi öz obyektiv həllini tapmalı, rəqabət sistemi olmalıdır. Ədalətli seçkilər də olmalıdır ki, partiyalar öz güclərini nümayiş etdirə bilsinlər”, – əlavə edib.
T. Abbaslı təklif edib ki, partiyaların siyasi prosesə təsir imkanları yaradılmalıdır ki, insanların partiyalara inamı olsun, partiyalara gəlsinlər, üzv olsunlar, perspektiv görsünlər:
“Bu nüanslar təmin olunmasa, Azərbaycanda 2 partiya qalsa da, partiya sistemi olmayacaq.
Bu gün Azərbaycanda bütün maddi və insan resurslarına malik olan ən güclü partiya Yeni Azərbaycan Partiyasıdır (YAP). Onların 700 min üzvü var və MSK-ya verdiyi hesabatda da məlum olur ki, illik 15 milyondan artıq büdcəsi mövcuddur”.
“Bu isə o deməkdir ki, partiyaların indiki fəaliyyəti mühiti münbit deyil. Doğrudur, son 2-3 ildə yaradılan şərait Əli Həsənov dönəmindən qat-qat yaxşıdır. Məsələn, nisbətən ofislərin verilməsi, dövlət strukturlarının partiyalara loyal yanaşması, güc strukturlarının partiyalara təqibi və təzyiqlərinin azalması – bunların hamısı müsbət haldır. Amma qaneedici səviyyədədirmi, bu, artıq müzakirə predmeti ola bilər”, – söyləyib.
“Hər halda partiyaların 5 min üzv limitini keçə bilmədikləri üçün öz fəaliyyətlərini dayandırması da bir prosesdir. İndi gözləyək, görək, bu proses bitəndən sonra dövlətin qanunvericilik və digər sahələr üzrə bu məsələyə yanaşması necə olacaq. Biz onda deyəcəyik ki, bu proses partiyaların güclənməsinə və siyasi fəallığın artmasına xidmət etdi. Düşünürəm ki, bir az gözləmək lazımdır ki, proses yekunlaşsın”.
Rafi MÜSLÜMOV
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti üzrə hazırlanmışdır.

Telegram kanalımız