Azərbaycan müstəqillik əldə etdikdən bəri dövlətin qarşısında duran əsas vəzifələrdən biri də xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi olub. Ötən illər ərzində diaspor quruculuğu Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi önə çəkilib.
Xaricdəki diasporlarımıza qarşı son günlər bir sıra erməni təxribatlarının baş verməsi bu məsələni yenidən gündəmə gətirib. Xaricdəki diasporlarımızın, habelə səfirliklərimizin hücuma məruz qalması, radikal erməni şovinizminin bariz nümunəsini bir daha göstərdi.
Türk Ağsaqqalları Birliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məsələ ilə bağlı Yenisabah.az-a açıqlamasında deyib ki, Ermənistanın sərhəddə törətdiyi son təxribatlara qarşı Azərbaycan diasporu və icması öz etirazlarını sivil şəkildə ortaya qoydular: Marqarita pizza
“Bir sıra ölkələrdə etiraz aksiyaların keçirilməsi diasporumuzun ayıq-sayıqlığından xəbər verirdi. Ümumiyyətlə, son illər Azərbaycan diasporu kütləvi etiraz aksiyaları sistemli şəkildə təşkil etməyi bacarır və Ermənistanın işğalçılıq siyasətini peşəkar səviyyədə ifşa edirlər.
Bir məsələni qeyd edək ki, Azərbaycan diasporu erməni diasporundan fərqli olaraq heç bir təxribata getmir. Biz bunu heç bir zaman müşahidə etmirik.
Azərbaycan icması tərəfindən Ermənistanın sərhəddə törətdiyi təxribatları ilə bağlı aksiyaların təşkil olunması diaspor fəaliyyətimizin düzgün aparılmasından xəbər verir.

Etiraz aksiyaları ilə yanaşı, Ermənistanın təxribatlarına cavab olaraq xəbərlər xarici mətbuatda da öz əksini tapıb. Bu, effektiv və düzgün strategiyadır. Çünki xarici mətbuatda, sosial şəbəkələrdə düşmənin təxribatlarını ifşa etmək müasir effektiv mübarizə üsullarından biridir”.
Müsahibimiz əlavə edib ki, Azərbaycan diasporu bu məsələdə də fəallığı ilə seçilir:
“Biz istər Tovuz hadisələrində, istərsə də Vətən müharibəsində şahidi olduq ki, Azərbaycan xalqı düşmənin bütün təxribatlarını sosial şəbəkələrdə ifşa etməyi bacardı.
Ermənistanın və erməni diasporunun planları fiaskoya uğrayırdı. Ayıq-sayıqlıq Azərbaycan diasporu üçün daim prioritet təşkil etməlidir.
Eyni zamanda Azərbaycan diasporu siyasi-ictimai dairələrlə, parlamentlərlə, beynəlxalq təşkilatlarla əlaqələri sıxlaşdırmalı və baş verənlərlə bağlı onları məlumatlandırmalıdırlar. Düzdür, bu istiqamətdə xeyli işlər görülür. Daima olaraq onların sosial şəbəkə hesablarına, poçtalarına məlumatlandırıcı informasiyalar ötürülür. Yenə də imkan verilməməlidir ki, erməni diasporu yalanları ilə beynəlxalq ictimaiyyətə çaşdıra bilsin”.
Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə isə söyləyib ki, son dövrlərdə Fransada ekstermist ermənilərin fəallığı artıb:
“Bildiyimiz kimi, erməni radikallar ötən ay Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyinə və Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzinə hücum ediblər. Erməni radikallar Azərbaycan Səfirliyinin binasına yaxınlaşaraq binaya zərər verməyə çalışıblar.
Bundan sonra isə onlar Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzinin binasına isə yalnız rəngli boya atmağa nail olublar.

Onu da qeyd edim ki, ermənilər bu kimi radikal fəaliyyətlərini müxtəlif formalarda həyata keçirirlər. Bu günlərdə isə erməni fanatiklər Fransanın bir sıra şəhərlərində anti-Azərbaycan və anti-Türkiyə əleyhinə divarlara yazılar yazıb və afişalar vurublar. Hətta bəzi küçələrdə yerə, yol keçidlərinə belə afişalar vurulub.
Bir gecədə Fransanın 18 şəhərində 2000-dən artıq afişa vurulduğu deyilir. Afişalarda Azərbaycan və Türkiyənin imicini gözdən salan sözlər yazılıb”.
DFJDİB sədri aydınlaşdırıb ki, bu ekstermist qüvvələr demək olar ki, hər gecə Parisdə Türkiyə və Azərbaycan əleyhinə şüarlar səsləndirir:
“Biz Fransada yaşayan fəal diaspor üzvləri ilə mütəmadi əlaqə saxlayırıq. Əlbəttə ki, onlardan aldığımız məlumatlar narahatlıq doğurur. Diaspor üzvlərinin verdikləri məlumata görə, bu radikal erməni qrupları əsasən gənclərdən ibarətdir.
Fransada bu istiqamətdə əsas üç assosasiya aktivlik göstərir: onlardan biri “Daşnaksütyun” partiyasının və beynəlxalq səviyyədə terror təşkilatı kimi tanınan ASALA-nın ideoloji tərəfdaşları və davamçıları olan “FRA Nor-Seround” (Ermənistan İnqilabi Federasiyasının Yeni Nəsli) qrupunun üzvləridir. Digərləri isə “Şarjum” (Charjoum) və CCAF erməni ekstremist təşkilatlardır.
Səfirliyə hücum edənlər isə “Fra Nor Seround”un üzvləri olub. Mədəniyyət Mərkəzində isə “Charjoum”un üzvləri təxribat yaradıblar. Hazırkı vəziyyətdə “FRA Nor-Seround”un nisbətən fəallığı azalıb, amma “Charjoum” daha da aktivləşib. Məqsədləri eyni olsa da bu qruplaşmarın hamısı kontrolsuzdurlar”.
Rafi MÜSLÜMOV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” istiqaməti üzrə hazırlanmışdır.

Telegram kanalımız