Azərbaycanın tarixi qələbəsi: Biz bu yolu necə keçdik?

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın tarixi qələbəsi: Biz bu yolu necə keçdik?

Siyasət

11 Oktyabr 2021 17:20 8268


44 günlük Vətən Müharibəsi istər Azərbaycan, istərsə də region üçün böyük reallıqlar yaratdı. Azərbaycan işğalda olan torpaqlarını azad edərək, regionda söz sahibi olan bir dövlətə çevrildi və bu reallıqlarla artıq bölgəni barışmağa məcbur etdi. 30 ildir erməni tapdağında qalan torpaqlarımızın çox hissəsini hərbi yolla azad etsək də, yerdə qalan ərazilərimiz qan tökülmədən, diplomatik yollarla azad olundu.

Müharibə dövründə bizə qarşı olan bir çox ölkələr, sonda Azərbaycanın haqq savaşı apardığını, başqasının torpağında gözü olmadığını və yalnız öz torpağında vuruşduğu gerçəkliyini qəbul etdilər. Müharibəyə qədər erməni tərəfi özünü miflərə inandırmağa çalışsa da, 44 gün ərzində Azərbaycan bu mifologiyanı darmadağın etdi.

Mövzuyla əlaqəli fikirlərini Yenisabah.az-la bölüşən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı düşünür ki, sentyabr ayının 27-si bir dönüş nöqtəsi oldu və bu hər birimizin uzun illərdən sonra gözlədiyi bir an idi: pizza hut

“Qarabağ Azadlıq Təşkilatı illərdir ki, o mövqeni müdafiə edirdi ki, məsələ yalnız hərbi yolla oluna bilərdi. Azərbaycanın gücü də kifayət qədərdir və müttəfiqlərimiz də var. Bu təbliğatı biz həmişə aparırdıq, amma hamı da bilirdi ki, müharibə yolu ağır və çətin yoldur. Şükürlər olsun ki, o qərar verildi və addım atıldı. 

Azərbaycan həm dövlət rəhbərliyi, həm ordu, həm də xalq səviyyəsində bu ağır sınaqdan uğurla çıxdı. Biz ağır bir sınağa girmişdik, çünki müharibə çox təhlükəli və şans məsələsidir. Nə qədər güclü olsan da, müharibənin nəticəsini heç kim əvvəlcədən deyə bilmir, amma Azərbaycan xalqının iradəsi və prezidentin həm daxili, həm də xarici siyasətdə etdiyi rəhbərlik, komandanlıq bizi qələbəyə apardı. Əsgərlərimiz rəşadətlə vuruşdular. Azərbaycan əsgəri öz gücünü, bacarığını və qüdrətini göstərdi bu savaşda”.

O, ermənilərin Gəncədə törətdiyi qanlı hücumlardan da danışıb: “Müharibənin başlamasının artıq ildönümü olub və hər gün də bu xatırlanır. Mətbuat da onu göstərir ki, bir il bundan öncə, bu gün hansı hadisə baş vermişdi və s. Bu gün məsələn mətbuatda ötən il Gəncədə baş verən faciədən danışılır. O hadisələrin hamısının canlı şahidiyik biz. 

Gəncəyə raket düşəndə biz ora getmişdik və insanların vəziyyətinə, əhval-ruhiyyəsinə nəzər yetirmişdik. Onu da görürdük ki, insanların arasında qətiyyən hansısa bir çaşqınlıq və yaxud da məyusluq yox idi. Orada biz yaslarda iştirak etdik, Gəncədə yaşayan insanlarla söhbətdə olduq, həlak olanların qohumlarıyla, yaxınlarıyla da danışdıq. Heç bir panika yox idi. 

Orada bizim ən çox eşitdiyimiz söz, “Azərbaycanın hər yeri ön cəbhədir” sözü oldu. O raketin Tərtər, Ağdam istiqamətində və yaxud da Füzuli tərəfdə əsgərlərimizin yaxınlığına düşmə ehtimalı varsa, elə bizim də üstümüzə düşə bilər. Azərbaycanın istənilən nöqtəsinə düşə bilər, çünki hamımız bir cəbhəyik və s. deyilirdi.”

QAT sədrinin sözlərinə görə, bu bir il ərzində Azərbaycan uğurlarını daha da möhkəmləndirdi:

“Azərbaycan imkan vermədi ki, düşmən və onun havadarları azad olunmuş torpaqları geri qaytarsınlar, prosesləri öz xeyirlərinə döndərsinlər və s. Qalib gəlmək bir çətin məsələdir, o qələbəni ayaqda saxlamaq və möhkənləndirmək isə başqa bir çətin məsələdir. Hesab edirəm bu istiqamətdə də ciddi uğurlarımız var”.

Həmsöhbətimiz qələbəmizdən sonra azad edilmiş torpaqlarda həyata keçirilən təmir-bərpa işlərininin effektivliyinə də toxunub:

“Bizim işğaldan azad edilmiş torpaqlarımızda abadlıq işləri də gedir. Baxmayaraq ki, maliyyə cəhətdən çox ağır işdir bunlar. Ermənilərin 30 ildə törətdiyi vəhşilikləri, dağıntıları bərpa etmək həddindən ağır bir işdir. Heç bir dövlət bunun öhdəsindən demək olar ki, təkbaşına gələ bilməz, amma Azərbaycan bunu həyata keçirdir və heç kimə müaricət etmir. 

Təbii ki, xarici dövlətlər və şirkətlər bölgəyə investisiya qoyurlar, amma Azərbaycan özünü qətiyyən çaşdırmadan həmin abadlıq işlərini həyata keçirdir, yol çəkir, tikinti işlərinə davam edir və s. Yəni əsas nəticələr hesab edirəm ki, budur. Digər əsas nəticə də odur ki, bu bir il ərzində xalqın birliyi qorundu və saxlandı. Biz daha irəliyə baxırıq və daha ciddi nəticələrin əldə olunması istiqamətində düşünüb və hərəkət edirik”.

Akif Nağı düşünür ki, bu qələbə bizim üçün çox böyük əhəmiyyətli bir hadisədir:

“Son 200 il ərzində təssüf ki, Azərbaycan qələbəyə həsrət qalmışdı. Təkcə son 30 ili demirəm. 1800-cü illərdə Rusiya İmperiyası bölgəyə daxil olduğu dövrdən, Azərbaycan çətin vəziyyətə düşməyə başladı. Torpaq itkisinə məruz qalırdı Azərbaycan və elə bil ki, məğlubiyyət Azərbaycanın alnına yazılmışdı. 

O dövrdə Azərbaycanın tək üstünlüyü o oldu ki, biz Azərbaycanı qoruyub, saxlaya bildik, amma qələbələrimiz yox dərəcəsində idi. Ona görə də, bu, tarixi baxımdan Azərbaycanın tarixində bir dönüş nöqtəsidir ki, hansı ki, artq burada qələbələr tarixi başlayır. Azərbaycan dünya millətləri içərisində öz yeri, mövqeyini olduğunu sübut etdi. Müasir şəraitdə, müasir texnikayla arxasında çox güclü qüvvələr olan düşmənə qarşı olan müharibədən qalib çıxdı.”

Analitik hesab edir ki, bu tək hərbi qələbə deyil, həmçinin də hərtərəfli qələbədir:

“Ermənilər çox iddialı davranırdılar və mənəvi cəhətdən də Azərbaycanı sıxmağa çalışırdılar. Bütün dünyada Azərbaycana qarşı onların mənəvi-psixoloji hücumları var idi. Bu savaş onun qarşısını aldı. Bu məsələnin mənəvi tərəfi də var, əlbəttə. 

Eyni zamanda Ermənistan regionda təkcə Azərbaycana qarşı yox, digər dövlətlərə qarşı da təhlükə mənbəyi idi. Daim qonşu dövlətlərə ərazi iddialarında idi və istər Türkiyəyə, istərsə də Gürcüstana qarşı olan iddialarından ciddi şəkildə geri çəkilmək məcburiyyətində qaldılar. Azərbaycan bu mühairbədən sonra regionun liderinə çevrildi və Azərbaycanın liderliyi və bölgəyə gətirdiyi reallıqlarla hər kəs artıq hesablaşır. Region dövlətləri, o cümlədən Ermənistan da bu reallıqlarla hesablaşır artıq. Məsələnin əsas tərəfi isə budur ki, Azərbaycanın qələbəsi sayəsində çoxtərəfli və çoxsahəli bir nəticə əldə olundu”.

Konfliktoloq Teymur Məmmədli deyir ki, 1987-ci ildə Sovet İttifaqının dağılmağa başlaması, Azərbaycanın torpaqlarının işğal olunmasına gətirib-çıxardı: “1988-1994-cü illərdə biz Ermənistanla müharibə apardıq. Sonrasında 1994-cü ildə Bişkekdə atəşkəs imzalandı və 1994-cü ildən 2000-ci ilə kimi biz, ATƏT-in Minsk qrupu çərçivəsində özümüzün diplomatik-siyasi mücadiləmizi həyata keçirməyə çalışdıq. 

Hər gün, hər saat bizim əleyhimizə işləyirdi. Son zamanlar, 2018-ci ildən bu yana Qarabağ məsələsində apardığımız aktiv siyasət, ordumuzda islahatların həyata keçirilməsi və s. 2020-ci ildə öz nəticəsini Vətən Müharibəsi ilə verdi. Biz bir əvvəl, müharibədən öncə məğlub vəziyyətdə idik və zaman bizim əleyhimizə işləyirdi. Bununla yanaşı bir sıra dövlətlər, torpaqlarımızın işğaldan azad olunmasını istəmirdi”.

T. Məmmədlinin sözlərinə görə, Azərbaycanın  Vətən Müharibəsindəki qalibiyyəti, bizim üçün böyük əhəmiyyət kəsb edir:

“Birincisi, biz Azərbaycan xalqı olaraq vahid bir idealogiya altında birləşdik. İkincisi, yeddi rayonumuzu işğaldan azad etdik. Üçüncüsü, Qafqazda geopolitik durumu dəyişdik. Dördüncüsü, obyektdən, subyektə çevrildik.

Dünya dövlətləri, o cümlədən ətrafımızda olan regional oyunçular, artıq bizimlə müəyyən dərəcədə hesablaşmağa başlayıblar. Həmçinin onu da deyim ki, bizim 30 illik həsrətimiz bitdi. Birinci Qarabağ Müharibəsində, Xocalı soyqırımında və digər şəhidlərimizin qanı yerdə qalmadı. Biz türk dünyasına və dünya dövlətlərinə mesaj verdik ki, hər kəs özü ayağa qalxaraq, öz torpağını işğaldan azad etməlidir. Bunun üçün də güclənməli və düzgün siyasət aparılmalıdır.”

Teymur Məmmədli, son olaraq qələbəmiz haqqında bunları qeyd edib:

“Biz Vətən Müharibəsində, Birinci Qarabağ Müharibəsinə baxanda, orada etdiyimiz səhvləri etmədik və bu savaşı çox düzgün şəkildə apardıq. Azərbaycan, İkinci Qarabağ müharibəsində sadəcə 44 gündə qələbə qazandı. Azərbaycan dövləti – bütün cəmiyyət birləşdi. İqtidarı, müxalifəti, o cümlədən vətəndaşlarımız dəmir yumruq kimi birləşdi və biz bu savaşı apardıq. 10 noyabr bəyanatının imzalanmasına qədər Azərbaycan “Dəmir Yumruq” əməliyyatını uğurla həyata keçirdi və qalib gəldi. 10 noyabrdan sonra söz bizim diplomatiyamızın oldu. Ona görə ki, yerdə qalan problemləri bir başa diplomatik yollarla həll etmək olar. Bu həm hərbi, həm də diplomatik qələbə idi. Sırada duran əsas vəzifə isə budur ki, biz diplomatik gedişlərimizi düzgün aparaq.” – deyə o fikirlərini tamamlayıb.

Rafi Müslümov

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti üzrə hazırlanmışdır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!