Prezident İlham Əliyevin “Biz postmüharibə dövründə hər şeyi ardıcıllıqla etmişdik, bir addım əvvəlki addımın məntiqi davamı idi . Biz hədəfə doğru gedirdik və gedirik, bir çox hədəflərə çatmışıq. Bəzi hədəflər var ki, biz hələ onlara çatmamışıq, amma onlara da çatacağıq” çağırışı keçilən yolun, eyni zamanda, Azərbaycanın hər bir hədəfə zamanında nail olmasının təqdimatıdır.
Yenisabah.az xəbər verir ki, bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, dövlət başçısı İlham Əliyev bu kimi məsələlərlə bağlı Azərbaycanın mövqeyini bir daha bugünlərdə 49 ölkədən 150 qonağın iştirak etdiyi Şuşa Qlobal Media Forumunda açıqladı. Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsinin qoyulmasını postmünaqişə dövründə mühüm mərhələ kimi dəyərləndirən Prezident İlham Əliyev beynəlxalq hüquqa əsaslanan bu mühüm addımın atılmasını şərtləndirən amilləri də diqqətə çatdırdı. Marqarita pizza
Reallıq budur ki, Azərbaycanın öz suveren ərazisində Laçın sərhəd-buraxılış məntəqəsini qurması qanunsuz silah daşınmasının qarşısını almaqla yanaşı, terrorçuların qanun qarşısında cavab verməsini də təmin edəcək. Bunu son günlərin hadisələri də təsdiqləyir. Aprelin 23-də yaradılan buraxılış keçid məntəqəsindən istifadə iyunun 15-də Ermənistanın növbəti təxribatı nəticəsində bir Azərbaycan hərbçisinin yaralanmasından sonra dayandırıldı.
Baş redaktor onu da əlavə edib ki, Qarabağa humanitar yardım aparan Beynəlxalq Qızıl Xaç Komitəsinin Laçın sərhəd-buraxılış məntəqəsindən istifadəsi isə iyulun ortalarında qaçaqmalçılıq faktlarına görə məhdudlaşdırılıb. Hazırda Azərbaycan tərəfi yalnız xəstələrin daşınması üçün Laçın keçid məntəqəsini açıq saxlayır. İyulun 29-da ABŞ Dövlət katibi Antoni Blinkenin dövlət başçısı İlham Əliyevə telefon zəngində də əsas müzakirə olunan məsələ Azərbaycanla Ermənistan arasında sülh prosesi üzrə danışıqlar və bölgədə son vəziyyət oldu. Prezident İlham Əliyev bildirdi ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın suveren ərazisində qanunsuz olaraq qalmaqda davam etməsi bölgədə hərbi gərginlik mənbəyidir.
Vüqar Rəhimzadə bildirib ki, bunları qeyd etməkdə məqsədimiz bəllidir. Bu gün Ermənistanın “humanitar vəziyyət”, “blokada” kimi şoularına dəstək verərək Azərbaycanın haqqa, ədalətə söykənən mövqeyini arxa plana keçirməyə çalışan bəzi qüvvələrə ermənilərin zaman-zaman azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri xatırlatmaq məcburiyyətindəyik. XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı, onun davamı olaraq 44 günlük İkinci Qarabağ müharibəsi zamanı döyüş meydanında məğlubiyyətləri ilə barışmayaraq Azərbaycanın digər ərazilərini - Gəncə şəhərini, Bərdə və Tərtər rayonlarını raket atəşinə tutaraq törətdikləri terror hadisələrini xatırlasalar daha yaxşı olar.
Vüqar Rəhimzadə bu günlərdə Beynəlxalq Qırmızı Xaç Komitəsinin müşahidəsi ilə müalicə üçün İrəvana getmək istəyən, terrorçu Vaqif Xaçaturyanın Laçın keçid məntəqəsində saxlanılmasına münasibətində bildirib ki, bu, bir daha 30 ildə azərbaycanlılara qarşı qətliamlar törədənlərin hər birinin cəzalandırılacağını göstərir. Azərbaycan 44 gündə 30 ilin işğalına son qoymaqla, eyni zamanda, növbəti mərhələlərdə Ermənistanda baş qaldıran revanşist qüvvələrə “Qisas”, “Qətiyyətli cavab” əməliyyatları ilə dərs verməklə gələcək üçün mesajlarını çatdırdı. Azərbaycana və azərbaycanlılara qarşı törədilən vəhşiliklərin, təxribatların iştirakçıları beynəlxalq hüquq çərçivəsində öz layiqli cəzalarını alacaqlar.
Telegram kanalımız