Bakı beynəlxalq yarışa ev sahibliyi edəcək

Bakı beynəlxalq yarışa ev sahibliyi edəcək

İdman Saytların hazırlanması

26 Aprel 2019 17:30 678


Bu ilin 16-22 sentyabr tarixlərində Bakıda baş tutacaq bədii gimnastika üzrə 37-ci Dünya Çempionatının biletləri bu gün satışa çıxarılıb.

“Yeni Sabah” xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyası daha bir mötəbər yarışın hazırlıqlarını davam etdirir. Belə ki, 14 ildən sonra paytaxtımız bədii gimnastika üzrə Dünya Çempionatına ev sahibliyi edəcək.

Qeyd edək ki, 7 gün davam edəcək bu çempionat Olimpiya Oyunları 2020-ə  lisenziya xarakteri daşıyır. Yalnız medalçıların deyil, Olimpidaya yeni namizədlərin adlarının da müəyyənləşəcəyi yarışda dünyanın ən nüfuzlu gimnastları öz performanslarını nümayiş etdirəcəklər. Çempionatın təntənəli açılış mərasimi isə 16 sentyabr tarixində baş tutacaq.

Yarışa biletlərin hər kəsə əlçatan olması üçün satış nöqtəsi olaraq, 28 Mall və Gənclik Mall alış-veriş mərkəzləri seçilib. Bundan əlavə gimnastika izləyiciləri biletləri onlayn və arenanın kassasından da əldə edə biləcəklər. Biletlərin qiyməti isə 10, 15 və 20 manat təşkil edir.

Xatırladaq ki, bu gün 39 ölkənin iştirakı ilə artıq ənənəvi olan bədii gimnastika üzrə Dünya Kuboku start götürür. Bu yarışdan sonra isə zərif gimnastlarımız öz güclərini Avropa Çempionatında (16-19 may) sınayacaqlar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!