“Son aylar ərzində Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı bir sıra təkliflər, gah ABŞ, gah Avropa İttifaqı, gah da Rusiyadan gəlir. Amma görünən odur ki, İrəvan Moskvaya tərəf getmir və guya Rusiya onun maraqlarını zərbə altına qoyur”.
Bu sözləri Yenisabah.az-ala söhbətində politoloq Samir Hümbətov deyib.
Analitik ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Braynın Azərbaycana edəcəyi səfəri şərh edib. Dördpendirli pizza
S. Hümbətova görə, Azərbaycana gəldikdə isə ölkəmiz Aİ və ABŞ-ın tutduğu anti-Azərbaycan mövqeyindən ehtiyat edərək protest olaraq Qərbdə danışıqların olmasını seçmir və nəhayət Bakı iki tərəf arasında qalır; yəni ya sərhəddə, ya da Gürcüstanda bu görüşün keçirilməsi:
“Ceyms O’Brayn Konqresdə dinləmələr keçirilən zaman Azərbaycana qarşı sərt ritorika ilə çıxış edərək düşmən mövqeyində açıqlamalar verdi. Daha sonra “907-ci düzəliş” ilə bağlı məsələnin gündəmə gəlməsi, eyni zamanda açıq şəkildə Ermənistana dəstək verilməsi ilə bağlı fikirlərin səsləndirilməsini gördük. Belə olan halda Azərbaycan da eyni qayda ilə ABŞ rəsmilərinə həmin qadağanı tətbiq etdi və noyabrın sonunda ABŞ-da keçirilən görüşdən imtina etdi”.
Politoloqun fikrincə, əslində, Azərbaycan bir növ ABŞ-ın cavabını verdi:
“Lakin düşünürəm ki, ABŞ buradan rahatlıqla əl çəkməz. Çünki bölgə geostrateji baxımdan çox vacib bir əhəmiyyətə malikdir. O baxımdan, Ceyms O’Braynın gəlişinin səbəbi boşuna deyil və hər halda ABŞ-ın təklifləri var. Görünür ki, ABŞ-ın sülh müqaviləsi kontekstindən təklifləri olacaq. Aydın məsələdir ki, ABŞ Rusiyanın, Rusiya isə ABŞ-ın Cənubi Qafqazda olmasını istəmir. Amma, hər halda, Ceyms O’Braynın Bakıya səfərindəki diqqət edilməli əsas məsələ Ermənistanın və Azərbaycanın nə istədiyi yox, ABŞ-ın nə istədiyidir ki, Ceyms O’Braynın təkliflərində bu var”.
Analitikə görə, Azərbaycan bunu qəbul edəcəkmi, bu, artıq sual altındadır:
“Təbii ki, Azərbaycan öz milli maraqlarını kənara atıb ABŞ-ın maraqlarını güdəsi deyil. Hesab edirəm ki, Ceyms O’Braynın səfəri gərgin bir səfər olacaq. Bu, həmçinin kifayət qədər müzakirə olunacaq bir məsələdir. Məncə, Ceyms O’Brayn sülh müqaviləsinə dair bir sıra təkliflər verə bilər. Lakin bu təkliflərinin Azərbaycanı qane edib-etməyəcəyi məsələsini biz görüşdən sonra verilən açıqlamalardan biləcəyik”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız