Azərbaycan ilə ABŞ arasında iqtisadi və ticarət əlaqələrinin gələcək inkişaf istiqamətləri diqqət mərkəzindədir. İqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəf ölkəmizdə səfərdə olan ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, Avropa və Regional Təhlükəsizlik Əməkdaşlığı üzrə Alt Komitəsinin sədri, senator Stiv Deynsin rəhbərlik etdiyi nümayəndə heyəti ilə geniştərkibli görüş keçiriblər.
İqtisadiyyat Nazirliyindən “Yeni Sabah”a verilən məlumata görə, dialoq zamanı hər iki dövlətin rəhbərlərinin siyasi iradəsi və qarşılıqlı etimadı sayəsində formalaşan strateji tərəfdaşlığın uğurlu nəticələri yüksək qiymətləndirilib.
Müzakirələrin əsas oxunu ənənəvi ticarət və investisiya qoyuluşları ilə yanaşı, müasir dövrün çağırışları olan süni intellekt, rəqəmsal iqtisadiyyat, kritik mineralların hasilatı və emalı, həmçinin enerji, sənaye, nəqliyyat və turizm sektorlarında tərəfdaşlığın daha da dərindən qurulması təşkil edib. pizza sifarişi
Görüşdə beynəlxalq ticarət zəncirinin təhlükəsizliyi, qlobal iqtisadi inteqrasiya və regional bağlantıların gücləndirilməsi baxımından "Orta Dəhliz" və "TRIPP" marşrutu təşəbbüslərinin oynadığı mühüm rol xüsusi vurğulanıb.
Tərəflər iki ölkə arasındakı Strateji Tərəfdaşlıq Xartiyasına əsaslanan İqtisadi Dialoq mexanizminin effektiv bir institusional platforma olduğunu qeyd ediblər. Sonda qarşıdakı dövrdə reallaşdırılması nəzərdə tutulan müştərək layihələrin yol xəritəsi ətrafında fikir mübadiləsi aparılıb və perspektiv fəaliyyət planları nəzərdən keçirilib.
Cəlalə Cəlalqızı
Telegram kanalımız