Bakıda mənzildə sakinlər ola-ola bina sökülür? - İDDİA

Bakıda mənzildə sakinlər ola-ola bina sökülür? - İDDİA

Xalqın səsi Veb saytların hazırlanması

05 Oktyabr 2023 15:40 15252


Son dövrlər Bakının müxtəlif yerlərində “xruşşovka” layihəli binaların sökülməsinin şahidi oluruq. Yasamal rayonu ərazisində də belə proses gedir. Lakin Yasamal rayonu A.M. Şərifzadə və İ.Talıblı küçələrinin kəsişməsində yerləşən 192 saylı binanın sakini ilə tikinti şirkəti arasında narazılıq yaranıb.

Belə ki, binanı tərk etməyən sakinlərdən biri Dadaş Dadaşlı Yenisabah.az-a şikayətində “SmartDom" tikinti şirkətinin özbaşınalıq etdiyini iddia edib. 

Sakinin sözlərinə görə, şirkət sakinləri binadan köçürməmiş söküntüyə başlayıb:

“Biz heç kimdən artıq məbləğdə kompensasiya tələb etmirik. Özlərinə də dəfələrlə demişik ki, düz yanımızdakı birinci mərtəbəyə nə qədər pul vermisinizsə, bizə də ver, çıxıb gedək. Cavabında isə onların istisna olduğunu bildirirlər. 

Belə işlərdə istisna ola bilərmi?! Həmin evdə yaşayanlar nə professor, nə də alim deyil ki, deyək onların əziyyətləri bizdən qat-qat çoxdur. Onlar da bizim kimi sadə vətəndaşlardır. Bizim evimizin qabağı tikilidir, oranı bağlamışıq, faktiki olaraq ora mənim istirahət yerimdir. Kimsə gəlib orada özbaşınalıq edə bilməz. Bizim binanın yaxınlığında xeyir-şər evi var, bina tikilən vaxtda ora da tikilmişdi, daha sonra abadlıq işləri aparılanda İcra Hakimiyyətindən icazə alaraq kənarda birini də tikdik, amma bu gün şirkət deyir ki, onun yerinə sizə heç nə verməyəcəyik. Burada olan sənədsiz, balaca qarajlara görə belə 20 min manat ödəndi. Biz onlardan heç nə istəmirik, sadəcə deyirik ki, ta qədimdən burada xeyir-şər evi olub, yenə olsun. Xeyir-şər evi bütün bina sakinləri üçündür. 

“SmartDom" MMC  sakinlərin sakit yatdıqları vaxtda iri həcmli və yüksək səsli dağıdıcı qüvvəyə malik buldozerlə binanı sökməyə başlayır. Hazırda binada 2 ailə yaşayır – mən və Məhəmməd Kərimov.  Uçurulma nəticəsində mənzillərə ciddi ziyan dəyib.   

Yasamal rayon Məhkəməsinin 06.03.2023-cü il tarixli qərarı ilə məhkəmə qətnaməsi qanuni qüvvəyə minənədək binada hansısa bir işin aparılması "SmartDom" MMC-yə qadağan olunub. Şirkətsə buna məhəl qoymur. Biz haqqımızı tələb edirik, əlavə nə isə istəmirik”. 

Məsələ ilə bağlı "SmartDom" tikinti şirkətinin direktoru Eldəniz Əliyevlə əlaqə saxladıq. İcraçı direktor “Yeni Sabah”a açıqlamasında bildirib ki, sözügedən sakin iddialarında əsassızdır:

“Həmin binada bir sakin qalıb. Hazırda məhkəmə gedir. Biz Ali Məhkəmənin qərarını gözləyirik. Binada cəmi bir mənzildə yaşayış var, orada da Dadaş bəy və ailə üzvləri yaşayır. O biri də bizi məhkəməyə verib, məhkəmə nə qərar çıxararsa, gözümüz üstə yeri var. Hər şey qanun çərçivəsində gedir. 

Nəzərinizə çatdırım ki, sözügedən bina qəzalıdır, Fövqəladə Hallar Nazirliyi də bununla bağlı binaya baxış keçirib. Biz həmin sakinə dəfələrlə demişik ki, bina qəzalı vəziyyətdədir, gəl, sizi başqa yerə yerləşdirək. Amma binadan çıxmır, qəzalı vəziyyətdə olan binada yaşamağa davam edir, sabah nə isə bədbəxt bir hadisə baş verərsə, biz məsuliyyət daşıyırıq. Ona görə sakinin binadan çıxmağını istəyirik. 

Onlar 3 ailə üzvüdür və bu gün də  həmin mənzildə yaşamağa davam edirlər. 113 sakin bizimlə razılığa gələrək binadan çıxıb, 3 ildir ki, kirayədə yaşayırlar, bizim binaları tikib bitirməyimizi və evlərinə köçəcəkləri günü gözləyirlər. Onların içində qoca sakinlər də var, gəlib mənə deyirlər ki, görəsən, nə vaxt köçəcəyik, mən o günü görəcəyəmmi? Biz onların hər ay kirayə pulunu veririk, amma insanlara kirayədə yaşamaq heç də asan deyil. Başqalarını da düşünmək lazımdır, “Mən haqqımı qoruyuram, binadan çıxmıram” deməklə olmaz axı. Bu, prosesə də təsir edir, tikinti ləngiyir. Biz Şəhərsalmanın qayda-qanunlarına əməl edərək tikinti aparırıq, sərəncamımız da, icazəmiz də var. 

O ki qaldı, gecə vaxtı söküntü aparılır iddialarına, bu doğru deyil, binanın ətrafı sökülmür. Sadəcə binanın balkonları qəzadan uçub-dağılmışdı, onlar təmizlənilib. Bunu edəcəyimiz vaxt da müraciət etmişik ki, mənzili tərk edin, bina uça bilər, amma onlar binanı tərk etmir, orada qalmağa davam edir. Bina tam qəzalıdır. Gündüz vaxtı şəhərə buldozerlər, digər texnika girmir, nə iş görülürsə, ona görə gecə vaxtı aparılır. Biz həmin binanın yanında yeni bina tikirik, ona görə binanın həyətində buldozerin, kranın və digər maşınların olması normaldır, biz tikinti aparırıq”.    

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!