Bakı gündən-günə gözəlləşir. Yollar salınır, yeni binalar tikilir. Müasirliklə yanaşı, qədimiliyini də qoruyub saxlayır. Dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına yenidənqurma işləri aparılır. Ələxsus da Bakı kəndlərinin bərpası bu siyahıda xüsusi çəkiyə malikdir. Balaxanı qəsəbəsi isə bu siyahıda ilk yeri tutur, çünki məhz bu kəndin bərpası ilə Balaxanıya münasibət dəyişdi. Formalaşmış mənfi fikirlər alt-üst oldu. Bakının hər yerindən, hətta xarici ölkələrdən bura axın başladı. Qəsəbə bir anda cənnətə çevrildi. Amma və lakin...
Balaxanı təkcə köhnə Balaxanıdan ibarət deyil. Yenisinə yerli əhali "Fazenda" deyir. Yeni olmasına baxmayaraq, problemləri köhnədir. Elə nəqliyyatdan başlasaq görərik ki, bir vətəndaş işə və evinə getmək üçün gün ərzində həm əsəbini itirir, həm də həyatını riskə atmış olur. Sınıq-salxaq və istismar müddətini çoxdan başa vurmuş avtobuslarla mənzil başına çatanda hər kəs şükür edir. Əgər bir işin çıxdısa və ya işdən gec gəlirsənsə işin düşür çətinə, çünki 9-dan sonra 1 avtobus belə işləmir. Məcbur pulundan keçib taksi sifariş etməlisən. Nəqliyyat vasitələri nasazlıq səbəbilə yollarda qalır və bəzən insanı bir sual maraqlandırır? Həqiqətənmi bu avtobuslar insan üçündür?
Ümumən Balaxanı 2 hissəyə bölünmüş şəkildədir. Bir hissəsi baxımlı, digər hissəsi isə diqqətdən kənar. Yollar da bu kateqoriyadandır. Bir hissəsində normal asfalt örtüyü olduğu halda, digər hissəsi asfalta həsrət qalıb. İllərdir yaşayış olan küçələrin sakinləri öz vəsaitləri hesabına yola müəyyən torpaq və daş qırıntıları ilə döşəsələr də, bir damla yağış kifayət edir ki, küçənin palçığını evlərinə daşısınlar. Burada asfalt örtük ancaq baş yoldadır ki, oradan da avtobus keçir. Bu haqda isə danışmağa belə dəyməz. Çökmüş hissələr yeni Balaxanının problemləri kimi günü-gündən dərinləşir. pizza
Yeni Balaxanıya addımını atarkən, sanki 2022-ci ildən çıxıb, 90-cı illərə keçid edirsən. Ərazisinin geniş olmasına, zibil tullantıları zavodunun qəsəbə ərazisində olmasına baxmayaraq, burada bir zibil qabına belə rast gəlmək olmur. Əhali isə tullantılarını ya şəxsi avtomobilləri ilə, olmayanlar isə qapısından asmaq məcburiyyətində qalırlar və zibil maşının nə zaman gələcəyi ümidinə qalırlar. Günlərlə qapıdan asılı qalan zibil torbaları isə küçələrə "ətir" verir.
Çətinliklər təkcə bunlarla da bitmir. Yaşayış məntəqəsinin böyük olmasına baxmayaraq, burada nə bir məktəb, nə bağça, nə tibb müəssisəsi, nə poçt, nə də park mövcuddur. Məktəbə getmək üçün uşaqlar üçün ya xüsusi avtobuslar tutulur, ya da ən azı avtobusla 20 dəqiqə uzaqlıqda yerləşən yolu qət etməli olurlar.
İnsanlar asudə və istirahət vaxtlarını bir parça, eni bir nəqliyyata kifayət edən yol üzərində o yan bu yana gəzişməklə təmin edə bilirlər ki, bu da əksər zamanlarda onların həyatına təhlükə yaradır.
Beləcə, iki hissəli Balaxanının acı reallığı yaranır. Bir hissəsində küçələri güllər və yaşıllıqlar, gözəlliklər bəzədiyi, küçələrdə saysız təmizlik işçiləri və bağbanlar olduğu halda, digər tərəfində inkişafdan kənar, yollarda zibil tayalarının olduğu, insanların mədəni istirahətinin olmadığı, məktəbsiz və bağçasız Balaxanı qarşılayır.
Diqqətə layiq bilinmək ümidilə...
Cavad SALMANLI
Telegram kanalımız