“Çox güman ki, Ermənistanın kadastrı ilə bağlı problemlər var. Bu da bilavasitə torpaq sahələrinin konkret göstəricilərinin olmamasından irəli gələn bir məsələdir”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa deyib.
O, Ermənistanın Baş naziri Nikol Paşinyanın parlamentin iclasında səsləndiridyi fikirlərə münasibət bildirib. Pepperoni pizza
Xatırladaq ki, Baş nazir erməni torpaqları ilə bağlı çıxışında bildirib ki, biz elə bir yerdə yaşayırıq ki, bu torpaq üçün kadastr şəhadətnaməmiz yoxdur:
“Biz hamımızmı başa düşürük ki, 30 ildir sevimli vətənimizdə kadastr şəhadətnaməsi olmadan yaşayırıq. Erməni dövləti də özünün çoxminillik tarixində heç vaxt kadastr sertifikatına malik olmayıb. Əgər biz istədiyimizi edə bilsək, tariximizdə ilk dəfə olaraq kadastr sertifikatı əldə edəcəyik və torpağımızın təkcə “de-fakto” yox, həm də “de-yure” sahibi olacağıq”.
F. Mustafanın zənnincə isə Baş nazirin belə bir ifadəni səsləndirməsi Ermənistanın əvvəlki hakimiyyətinin buraxdığı mirasla bağlıdır:
“Baş nazirin bunu hansı kontekstdə söylədiyini deyə bilmərəm, amma bütövlükdə bu, həm də Ermənistanın içərisində sənədləşmə xaosunun yaşandığını göstərir. Çünki belə bir məsələni Baş nazirin etiraf etməsi açığı düşündürücüdür.
Əgər Nikol Paşinyan əlacsız bir vəziyyətdə bunu etiraf edirsə, deməli, Ermənistanın sabah sərhədləri ilə bağlı problemdə də eyni məsələlər ortaya qoyula bilər. Yəni konkret sənədlərin olmaması məsələsi gündəmə gələ bilər. Ona görə də bu məsələ bizim üçün də Ermənistanın içərisində baş verən prosesləri daha dərin anlamağımıza imkan yaradacaq səviyyədə olan məsələlərdir.
Məncə, Baş nazir bu ifadəni Ermənistanın daxilindəki dərəbəyliyi göstərmək üçün söyləyib və o, köhnə hakimiyyətə indeksli bir çıxış edib. Bunun sərhədlərlə xüsusi bir əlaqəsinin olduğunu düşünmürəm. Məncə, daxili auditoriya üçün vəziyyətin çətin, habelə torpaq islahatları ilə yanaşı digər məsələlərdə problem olduğunu nəzərdə tutaraq belə bir ifadə işlədib”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız