“Belə heyvanları dirçəltmək mümkün deyil”

“Belə heyvanları dirçəltmək mümkün deyil”

Sosial Veb saytların hazırlanması

25 Yanvar 2019 15:46 1049


Ötən gün əhaliyə verilən arıq inəklər parlamentdə müzakirəyə çıxarıldı. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin dünən keçirilən iclasında deputat Musa Quliyev müəyyən nöqsanlardan söz açaraq özünəməşğulluq proqramı çərçivəsində vətəndaşlara verilən heyvanlarla bağlı narazılıqların olduğunu qeyd edib: “Mətbuatda da bu barədə məlumatlar dərc olunur. Sosial şəbəkələrdə də qoca, arıq heyvanların fotolarını görürük. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu məsələ ilə bağlı operativ iş görməlidir”.

Deputat Araz Əlizadə isə yerdəki məmurların prezidentin əməyini yerə vurduğunu deyib.

Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov “Yeni Sabah”-a açıqlamasında  deputatlarla həmfikir olduğunu bildirib: “Biz bu məsələyə parlamentdən qabaq KİV vasitəsilə dəfələrlə münasibət bildirmişik. Bu yolla insanlar aldadılır, əhaliyə heyvanların veriləcəyi, iş yerlərinin yaradılacağı, gələcəkdə sosial durumlarını təmin etmək üçün fəaliyyət göstərəcəkləri ilə bağlı yalandan ümidlər verilir.  Bəzilərinə ümumiyyətlə, heç nə təklif olunmayıb. Yəni onlar siyahıya alınsalar da, uzun müddət gözləməli olublar. Digərlərinə  verilən mal-qara isə qoca, xəstədir. Bu da həmin insanlar üçün ciddi problem yaradır. Onlar kasıbdır, imkanları az olduğu üçün özlərini güclə dolandırırlar. Digər tərəfdən əhaliyə verilən heyvanların qoca, xəstə olması həmin heyvanların nə çəkilərində artım yaratmağa imkan verir, nə də heyvanlardan sağlam bala almağa. Beləliklə heyvanların nəslini artırmaq, əlavə gəlir əldə etmək mümkün olmur. Xəstə heyvandan həm də süd almaq  imkansızdır. Bu heyvanlar ən yaxşı halda çox yeyir, az fayda verir. Bu baxımdan heyvanları əldə edənlər ziyana məruz qalırlar. Təsəvür edin, baytar həkimi çağırmalıdırlar və onlar da inkidi halda ödəniş edilmədən heyvanlara baxmırlar. Heyvanların ölüm halı  baş verir, bunlar aktlaşdırılmalıdır və.s. Nəticədə əhali ciddi problemlərlə üzləşir. Əslində nazirlik yaxşı yox, pis mənada özlərini işə salıb”. 

Müsahibimiz qeyd edib ki, problemlə bağlı ölkənin müxtəlif regionlarından əhalinin çarəsiz müraciətləri olur: “Onlar  verilən heyvanların qoca, xəstə olduğunu deyirlər. Belə heyvanları dirçəltmək mümkün deyil. Necə olur ki, dövlət orqanı bu işlə məşğul olsa da, qeyd etdiyim heyvanlar imkansız insanlara təklif edilir? Ümumiyyətlə, bu heyvanlar çıxdaş olunmalıdır.

Nazirlik bu layihəni planlaşdıranda məqsədi işsiz adamların işlə təmin olunması deyildi. Yəqin 2011-2013-cü illəri xatırlayırsınız. Həmin zamanlarda belə pilot layihələr var idi. Hətta o pilot layihə çərçivəsində belə insanlara sağlam olmayan, qoca, fayda verməyən heyvanları vermişdilər və o zaman da insanları aldatmışdılar. Görünür, nazirlik həmin pilot layihələrdən arzularını dadmışdılar, indi də bunu daha geniş formada - ölkə üzrə davam etdirirlər. İndiki layihəni də eyni məqsədlə həyata keçirirlər. Bunu sizin, bizim düşündüyümüz kimi yaxşı mənada etmirlər”.

Ekspert qeyd edib ki, ölkədə mal-qaranın sayı kifayət qədərdir və getdikcə örüş, təbii biçənək sahələri azalır: “Yem bazası olmadığı halda, imkansız adamlara heyvan paylayıb, onların bu işlə məşğul olmasına imkan yaratmaq absurddur. İnsanlar hardan yem əldə edəcəklər, heyvanları hansı örüş sahəsinə çıxaracaqlar? Nazirlik də buna gözəl bələddir. Biz dəfələrlə ölkədə mal-qaranın sayının ifrat dərəcədə çox olduğunu demişik. Mal-qaranın sayını azaldıb, məhsuldarlığı artırmaq lazımdır. Layihələr isə buna imkan vermir. Əslində əhaliyə sağlam, cins mal-qara verilməli idi. Düşünürəm ki, hətta insanlara bu cür heyvanlar da verilsə, onlar  yaxşı qulluq edə bilməyəcəklər. Çünki qeyd etdiyim kimi ölkədə bu istiqamətdə imkan yoxdur”.

 Günay Rəsulqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!