“Bəlkə Putin kimisə sevir və bu sevgi onu aqressivləşdirir?”

“Bəlkə Putin kimisə sevir və bu sevgi onu aqressivləşdirir?”

Yazar

27 Fevral 2022 09:01 1564


“Bizim sultan öz savaş gəmilərini Misirə göndərəndə, gəmilərdə özünə yer eləmiş siçanların çətinliyə düşəcəklərini düşünməyə borclu deyildir!”

Volter

Hər bir şüurlu varlığın mütləq oxumalı olduğu “Kandid” əsərindən.

Ivo Andriç “Drina körpüsü” əsərini İkinci Dünya Müharibəsinin ən şiddətli vaxtlarında yazıb. Əvvəllər düşünürdüm ki, görəsən İvo Andriç müharibənin ən şiddətli vaxtlarında, o soxhasoxda, o həngamənin içində necə əsər yaza bilib? Əli necə qələm tutub? Necə mövzuya köklənib? Təsəvvür edin, qan su yerinə axır, göydən od ələnir, insan insanın ətin yeyir, bütöv şəhərlər, qəsəbələr yer üzündən silinir, sən də oturub əsər yazırsan. Çox sonralar, yəni illər keçdikcə yavaş-yavaş İvo Andriçi təxminən başa düşməyə başladım. Başa düşdüm ki, növündən asılı olmayaraq hansısa bir qlobal hadisə baş verdiyi vaxtlarda insan öz balaca dünyasına daha rahatlıqla girir. Hansısa qlobal, böyük miqyaslı hadisə baş verəndə insan balaca dünyasında özünü daha rahat hiss edir. İnsanlar orada kütləvi halda “öz işləriylə” məşğul olurlar, sən də burada təmkinlə, həyacan keçirmədən, sakit-sakit “öz işini” görürsən.

Adi, banal və kiçik bir misal. Məsələn, son illərdə bayram günləri daha çox oxuyur, daha çox düşünür və daha çox yazıram. Ona görə yox ki, bayram günləri mənə ilham, enerji, həvəs gəlir. Ona görə ki, bayramlarda bilmirəm nə edəm. Hər hansı bir formada bayram keçirməyə gücüm, enerjim, həvəsim qalmayıb. Bayramlar mənim üçün ağır bir yükə çevrilib. Ona görə də bayram günlərində içində axmaq fikirlər fırlanan başımı soxuram kitabların arasına. Qarşıdan Novruz bayramı gəlir. Fikrim var bayram günlərində bir neçə hekayə yazım. Nə edim, yumurta boyayım, tonqal qalayım, yoxsa gedim papaq atım? Bəlkə aş dəmləyim? Heç nəyə bir qram da həvəs yoxdur.

***

Putin Luqansk və Donetsk respublikalarını tanıyan gündən bəri oturub İbrahim Tatlısəsin filmlərinə baxıram. Həm yaddaşım qıcıqlanır, həm də fikirləşmək adlı əzabdan xilas oluram. İbrahim Tatlısəsin filmlərində qəribə bir hal müşahidə etmişəm. Bu adam sevəndə ətrafındakı adamlara, dost-tanışına qarşı aqressivləşir. Ətrafındakı adamlara, dost-tanışına sərt sözlər deyir, qışqıraraq, bağıraraq onları otaqdan qovur, hətta bəzən şillələyir. Düzdür, sonra etdiyi hərəkətlərə, dediyi sözlərə görə it kimi peşman olur. Dalbadal siqaret çəkir. Amma çox təəssüf ki, onun sonradan it kimi peşman olması, dalbadal siqaret çəkməsi heç nəyi dəyişmir.

Görəsən İbrahim Tatlısəs sevəndə niyə aqressivləşir? Bilmirəm. Bu suala konkret cavabım yoxdur. Hərə bir ağılın yiyəsidir. Ola bilsin sevəndə aqressivləşmək İbrahim Tatlısəsin həyat fəlsəfəsindən, təbiətindən qaynaqlanır. Bəlkə də kimsə nə vaxtsa ona deyib ki, insan sevəndə aqressivləşməlidir. Aqressivləşmək sevginin vacib təzahürlərindən biridir. Bu fikir də onun ağlına batıb, beynində dərin və şaxəli köklər atıb. Ola bilsin sevəndə aqressivləşmək, ətrafdakı adamlara, dost-tanışa sərt sözlər demək, onları otaqdan qovmaq, şillələmək tamaşaçıların hisslərini istismar etməyə hesablanmış ucuz gedişlərdir.

Dünən oturub alma yeyə-yeyə İbrahim Tatlısəsin “Günah” filminə baxırdım. Filmdə İbrahim Tatlısəs avtobus sürücüsüdür. İş yoldaşlarının arasında yaxşı hörməti var. Alnının təri, əlinin qabarıyla bir tikə halal çörəyini qazanır. Başını aşağı salıb xudmani evdə qoca anasıyla sakit yaşayır. Heç kimin toyuğuna kiş demir. Kiçiklərin gözlərindən, böyüklərin əllərindən öpür. Reysdən qayıdanda küçələrindəki uşaqlara şirniyyat hədiyyə gətirir. Yel xəstəliyindən əziyyət çəkən qonşudakı qoca arvada dərmanlar alır. İşlədiyi şirkətin rəhbəri də mərifətli, zəhmətkeş İbrahim Tatlısəsin xətrini çox istəyir. Yetimçiliklə, çətinliklə böyümüş bir insana bundan artıq daha nə lazımdır? Kənardan baxanda hər şey qaydasında görünür. Müxtəsər, İbrahim Tatlısəs nümunəvi bir vətəndaş, nümunəvi bir insandır. Lakin onun sakit axan həyatında birdən təlatümlü hadisə baş verir. İbrahim Tatlısəs gecə klubunda rəqqasəlik edən, kilkə kimi arıq bir qıza vurulur. Kənddən qaçıb şəhərə gələn, gecə klubunda rəqqasəlik edən qızın sürətli metamarfozası (filmdə bədii həllini o qədərdə tapmasa da, filmin yaradıcı heyəti tərəfindən ciddi şəkildə əsaslandırılmasa da) məni bir qələm adamı kimi heyran etdi. İbrahim Tatlısəs sürətli metamarfoza prosesindən keçən qıza vurulandan sonra ara qarışır, məzhəb itir, it yiyəsini tanımır. Gecə klubunda rəqqasəlik edən qıza vurulan İbrahimin əli-qolu işdən soyuyur. Yol hərəkəti qaydalarını pozur, şirkətin avtobusundan şəxsi məqsədlər üçün istifadə edir. Şirkətin rəhbəri ona deyir ki, xətrini bir oğul kimi çox istəyirəm, amma belə məsuliyyətsiz hərkətlərinə davam etsən, səni işdən qovmağa məcbur olacam. Həqiqətən də sevgi insanı avaraçılığa, məsuliyyətsizliyə təhrik edir və insanı bayağılaşdırır. Söhbət təkcə İbrahim Tatlısəsdən getmir. İstənilən insan sevəndə bayağılaşır…

Digər filmlərdə olduğu kimi “Gunah” filmində də qıza vurulandan sonra İbrahim Tatlısəs aqressivləşməyə başlayır. Aqressivliyin dərəcəsi getdikcə artır. Ən nəhayət filmdə İbrahim Tatlısəs yaxın dostunun üstünə qışqırıb, ona sərt sözlər dediyi zaman qəfildən ağlıma bir fikir gəldi. Bəlkə Putin kimisə sevir və bu sevgi onu aqressivləşdirir? Bəlkə də indi Rusiyanın Ukraynaya hücum etməsi, müharibənin başlaması, günahsız insanların həlak olması Putinin kimisə sevməyinin təzahürüdür? Xahiş edirəm deməyin ki, belə şey qətiyyən ola bilməz. Tarixdə baş vermiş neçə-neçə qanlı, böyük hadisələrin arxasında banal, çox gülməli səbəblər dayanır. Bir Sibir kəndlisi (Rasputin) o boyda Romanovlar sülaləsinin anasını ağladıb, o boyda Romanovlar sülaləsini böyrü üstə qoydu…

Əlbəttə, bu yazıda böyük bir hikmət vardır. Anlayanlar bilər və gözünün ucuyla görənlər ibrət dərsi götürər.

Seymur Baycan

Azlogos.eu

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!