Martın 1-də “Milli Dəstə” azad azarkeş qrupunun 3 yaşı tamam olub. Bu münasibətlə “Yeni Sabah” qrupun yaradıcılarından olan Şamil Mustafayevdən qısa müsahibə alıb.
Həmin müsahibəni təqdim edirik.
- Əvvəlcə sizi “Milli Dəstə”nin 3 yaşı münasibəti ilə təbrik edirik. “Milli Dəstə”ni yaratmaq qərarına necə gəldiniz? Pepperoni pizza
- Çox sağ olun. "Milli Dəstə" ilə bağlı qərar 2015-ci ilin dekabrında keçirilən "Anderlext"-"Qarabağ" matçında yarandı. Ora çoxlu azarkeş gəlmişdi və biz də Azərbaycanda fərqli azarkeş qruplarından, təcrübəmizdən istifadə edib kütləni aktiv tutmağa çalışırdıq. Bəzi azarkeşlər biletləri çətinliklə əldə etməsindən, bəstələri və şüarları bilməməsindən şikayət edirdilər. Elə o matçdan sonra düşündük ki, belə bir azarkeş qrupu yarada bilərik. Əsas məqsəd də həm millimizi, həm də klublarımızı Avropada keçirilən turnirdə dəstəkləmək olacaqdı. Elə də oldu. Yanvarın sonuna yaxın futzal üzrə Dünya Çempionatının pley-of mərhələsinə püşk atıldı. Azərbaycan millisi Hollandiya millisə ilə düşdü və beləcə işlərimizi sürətləndirdik. Təcili ad düşünməli idik. Sonda "Milli Dəstə" adını seçdik. Düşünürdük ki, seçilən adda “milli” sözü olsun, ancaq yanına nə qoyacağımızı bilmirdik. 2 həftə sonra bir anda köhnə Azərbaycan çempionatının adına rast gəldik - "Güclülər Dəstəsi" və elə düşündük ki, "Milli Dəstə" qoyaq. Daha sonra da simvol fikirləşdik. Döyüş ruhlu birini axtarırdıq və uzun müzakirələrdən sonra Babəki seçdik.
- Sizin üçün bu illərdə ən yadda qalan oyun hansı olub?
- Şəxsən mənə müsbət cəhətdən ən çox təsir edən oyun "Kəpəz"in Moldovadakı zəfəri oldu. Mənfi tərəfdən isə Kosovodakı matç. Düzdür, hər ikisində çox az sayla təmsil olunurduq, ancaq hər ikisi emosiya cəhətdən fərqlənirdi. Güclü tribuna baxımından Şimali İrlandiya - Azərbaycan və Almaniya - Azərbaycan matçlarını qeyd etmək olar. Sırf keyfiyyət baxımından isə Azərbaycanda gəldiyimiz yeganə matçı qeyd edərdim. Bizə 150-ə yaxın tribuna uşağı qoşulmuşdu və 90 dəqiqə sadəcə mükəmməl idilər.
- Azarkeşlərin millinin oyunlarında çoxluq təşkil etməməsinin əsas səbəbi nədir?
- Azarkeşlərin millinin oyunlarında çoxluq təşkil etməməsinin əsas səbəbi nəticədir. Təəssüflər olsun ki, əksəriyyət nəticəyə görə stadiona gəlir. Bir tərəfdən də qınamaq olmur. Nə qədər dəstək göstərməyimizə baxmayaraq, seçmədə 2-3 qələbə qazanırıq və digər matçlarda bərbad çıxış edirik. Nə vaxta kimi vecsiz oyunçulara, vecsiz milliyə dəstək olacağıq? Sadəcə bəxtləri gətirib ki, köynəklərində Azərbaycan bayrağını daşıyırlar. Yoxsa əminəm ki, stadiona heç kəs gəlməzdi.
- Gələcək üçün nə kimi yeniliklər planlaşdırırsınız?
- “Milli Dəstə” olaraq gələcək üçün bir neçə ideyalarımız var. Açığı, onları demək istəmirik. Hər kəs üçün sürpriz olaraq qalsın. Sadəcə əmin ola bilərsiniz ki, bir neçə böyük layihələrimiz olacaq. Yetər ki, millimiz də layiqli oynasın. Nəticələr şəxsən bizim üçün önəmli olmasa da, meydançaya qələbə əzmi ilə çıxmaqları önəmlidir.
Naibə Məmmədova
Telegram kanalımız