Dövlət Baytarlıq Xidməti bildirir ki, cari ilin tədbirləri başlayandan indiyə kimi Biləsuvar Rayon Baytarlıq İdarəsi tərəfindən rayonun 23 kənd və 1 şəhərində vətəndaşların mülkiyyətində saxlanılan 41200 baş iribuynuzlu, 138800 baş xırdabuynuzlu, 1000 baş təkdırnaqlı heyvan, 4 min baş sahibli it və 400 min baş ev quşuna baytarlıq xidməti göstərilir. Heyvanlara göstərilən xidmətlər Biləsuvar Rayon Baytarlıq İdarəsinin 20 sahə baytarlıq məntəqəsi vasitəsi ilə həyata keçirilir.
“Yeni Sabah” xəbər verir ki, cari ilin müvafiq dövrü ərzində yerli baytarlıq xidməti tərəfindən 38554 baş iribuynuzlu, 1075 baş təkdırnaqlı heyvanda qarayara, 3884 baş sahibli itdə quduzluq, 170028 baş quşda nyukasl xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri aparılıb.
Həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə 1095 baş iribuynuzlu, 18 baş xırdabuynuzlu heyvanlardan qan nümunəsi alınaraq seroloji müayinə edilib. Eləcə də iribuynuzlu və xırdabuynuzlu heyvanlarda parazitlərə qarşı (işlənmə) baytarlıq-sanitariya tədbirləri aparılaraq 20610 kvadratmetr sahədə dezinfeksiya işi görülüb. pizza sifarişi
Fevraldan isə Biləsuvar rayonunda heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Artıq 26610 baş iribuynuzlu və 36977 baş xırdabuynuzlu heyvanda bu tədbir aparılıb. Ümumiyyətlə, rayonun təsərrüfatlarında heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir.
Biləsuvar rayonunda bundan sonra isə ev quşları arasında nyukasl, iribuynuzlu heyvanlarda bruselyoz, leptospiroz xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, leptospiroz xəstəliklərinə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq. Həmçinin həssas heyvanlar arasında bruselyoz və epididimit xəstəliyini aşkar etmək, xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə qoçlardan qan nümunələrinin alınması, eləcə də iribuynuzlu heyvanda vərəmə və təkdırnaqlı heyvanda manqoya görə diaqnostik müayinələrin aparılması nəzərdə tutulub.
Telegram kanalımız