Bir cənub rayonunda: Masallı olduğu kimi - REPORTAJ

Bir cənub rayonunda: Masallı olduğu kimi - REPORTAJ

Turizm Veb saytların hazırlanması

07 Dekabr 2023 12:35 13219


Günəş yuxudan oyanmağa macal tapmamış əşyalarımı da götürüb evdən çıxıram. Çünki səhər saat 7:30-da Gənclik metrosunun yaxınlığında görüşməliyik.

Gecikmək vərdişim deyil... 

Bir qrup turizm işçisi və mətbuat nümayəndəsi olaraq mən Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin qrant müsabiqəsi çərçivəsində Masallıda yaradılmış 3 yeni aqroturizm təsərrüfatına yola düşməliyik. Uzaqdan gözəyarı baxanda görünür ki, 13-14 nəfər olacağıq. Yaxınlaşdıqca heç bir tanış sima görməmək məni bir qədər məyus edir.

Əşşi, həmişə jurnalistlərlə oturub-durası deyiləm ki?!  

Yol boyu “Masallı rayonunda aqroturizm sahibkarlıq fəaliyyətinin qurulması və təşviqi” layihəsi barədə qızğın söhbət edir, müzakirələr aparırıq, turizm işçiləri öz sahələrində son illər yaranan çətinliklər haqda məlumat verirlər. Avtobusa minməyimizdən cəmi 10 dəqiqə keçmiş olsa da, artıq qaynayıb-qarışır, bir-birimizlə zarafat edirik. 

Artıq Salyana çatmışıq. Maşında maraqlı atmosfer var. Hər kəs bildiyi lətifələrdən, başına gələn əhvalatlardan danışır. Başımız söhbətə necə qarışıbsa, 2 saatlıq yol çox qısa görünür. 

Masallıya çathaçatdayıq, yarımsəhralıqları yaşıllıqlar, bir də uzaqdan görünən dağlar əvəz edir. 

Bizi “Masallı” otelin baş koordinatoru Salih Moral qarşılayır. Ardınca isə otelin restoranında səhər yeməyi yeyirik. Türkiyə vətəndaşı olan Salih bəy Masallıdakı iri turizm obyektlərinin fəaliyyətindən, otellərin turist qəbul etmək imkandan, rayonun potensialından danışır, turizmçilərlə qızğın müzakirələr aparır.

Aqro və Kənd Turizm üzrə mütəxəssis “Ulduz Tourism” DMC şirkətinin rəhbəri Həmid Cahedi Korabbaslı ölkədə aqrar turizmin inkişafı üçün çox böyük imkanların mövcud olduğunu deyir və bu imkanları tanıtdırmağın vacibliyini vurğulayır. 

Səhər yeməyindən sonra Ərkivan qəsəbəsində yerləşən “OBAL Aqroturizm Təsərrüfatı”na yollanırıq. 10 hektarlıq sahəsi olan təsərrüfat kənd təsərrüfatı məhsullarının istehsalı və satışı ilə məşğul olur. Təsərrüfatın əsasını arıçılıq təşkil edir. Bundan başqa sahədə alça, nar və digər qarışıq meyvə ağacları da var. Təsərrüfatda balıq ovu, at gəzintisi kimi bir çox fəaliyyətlər mövcuddur. Aramızda bacarığı olanlar at çapmaq fürsətini əldən vermirlər. 

Təsərrüfatın sahibi Asim Quliyev və anası Qönçə xanım bizim üçün bir süfrə açmışdı ki, gəl görəsən... Açığı, indiyədək eşitdiyim “cənub mətbəxi zəngindir” ifadəsini məhz həmin an hiss etməyə başladım. Ləvəngi, ləvəngi-plov, əvəlik yarpağına bükülmüş dolma, feyxoa kompotu bir-bir təqdim olunurdu. 

Layihə komandası Nemət Əliyev və Rafət Şirəliyev aqroturun məqsədinin Masallı rayonunda kənd təsərrüfatı və turizm sektorlarını birgə fəaliyyətə cəlb edərək, aqroturizm təsərrüfatları yaradıb sahibkarlığın təşviqi və iş yerlərinin yaradılmasını sürətləndirmək olduğunu vurğulayırlar. 

Daha sonra Tüklə kəndinə - “UĞUR Aqroturizm Təsərrüfatı”na yollanırıq. Təsərrüfat kənd təsərrüfatı məhsullarının istehsalı və satışı ilə məşğul olur. 15 hektar sahəsi olan təsərrüfatın əsasını giləmeyvəçilik təşkil edir. Bura yerli və xarici sort böyürtkən, çiyələk və digər giləmeyvə növləri daxildir. 

Burada çiyələklərin dadı bizi-bizdən aldı desək, yanılmarıq. Təsərrüfatın sahibi Əbdül İsmayılov deyir ki, giləmeyvələrin bu qədər dadlı olmasının səbəbi bu aylarda heç bir dərmandan istifadə edilməməsidir. 

Təsərrüfatda balıq ovu, at gəzintisi, piknik və kamp etmək kimi bir çox fəaliyyətlər də mövcuddur. 

Sahədən traktor qoşqusunda çıxmaq isə hər kəs üçün günün ən yaddaqalan və ən şən hadisəsi oldu desəm, yanılmaram... 

Sonuncu dayanacağımız isə “SEYRANGAH Aqroturizm Təsərrüfatı” oldu. 38 hektarlıq nəhəng sahəsi olan təsərrüfatın əsasını kivi və sitrus bağları təşkil edir. Bundan başqa çayçılıq, gilas və digər qarışıq meyvə ağacları da var ki, bura yerli və xarici sort şaftalı, gilas və digər qarışıq meyvə ağacları daxildir. Təsərrüfatda balıq ovu, piknik üçün geniş sahə var. Təsərrüfat sahibi Seyran Nəcəfov gəzintidən sonra bizi ləzzətli çay süfrəsinə dəvət edir, süfrədə olan hər şeyin təsərrüfata məxsus olduğu deyir. Soyuq havada odunla qaynayan çay, dünyanın ən ləzzətli çayı imiş. 

Çay süfrəsi arxasında Dövlət Turizm Agentliyinin əməkdaşları rayonlarda bu günə qədər görülən və görüləcək işlər barədə məlumat verir. Süfrədə aqrar sahənin və turizmin daha da inkişaf etdirilməsi ilə bağlı xeyli maraqlı fikirlər səsləndirirlər. İnanırıq ki, növbəti səfərimizdə bu fikirlər də artıq görülmüş işlər sırasına əlavə olunacaq. 

Gəzəcəyimizi gəzdik, görəcəyimizi gördük. Yola düşmək zamanıdır. Təsərrüfat sahibləri, layihə komandası bizi yola salanda bir də gəlməyimizi xahiş edir. Təbii ki, yenidən gələcəm. Bu sözümü mütləq yerinə yetirəcəm. Bu dəfə görülən yeni işləri işıqlandırmaq üçün...

Əsmətxanım Rzazadə

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!