“Biri mərsiyə deyən, o biri də ağsaqqaldır. Ağızlarına gələni danışırlar” 

“Biri mərsiyə deyən, o biri də ağsaqqaldır. Ağızlarına gələni danışırlar” 

Din

15 İyul 2022 21:02 47774


“İslam dinində xüsusi tədbirlərin keçirilməsiylə bağlı insanın şəxsi fikirlərinə önəm verilir və şəxsə təkliflər irəli sürülür. Misal üçün, bir insan özünə şənlik təşkil etmək istəyir, hər hansı özəl bir gün seçir. Bunun üçün pozitiv gün seçir ki, şənlik əməlli-təməlli, hamılıqla gözəl baş tutsun. Məhərrəmlikdə isə bu əhvali-ruhiyyə olmur. Məhərrəmlik xalqımızın tarixi keçmişindən bu günə gəlib çıxan beynəlxalq hüzndür. 20 Yanvar, Xocalı faciəsi, Qarabağ müharibələrini əsrlər keçsə də matəm günləri olduqları üçün unuda bilməyib toy etmədiyimiz kimi, digər matəm günlərinə də toy, şənlik salmaq  adekvat deyil”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında ilahiyyatçı Təyyar Hüseynli deyib.

O, deyib ki, tarix boyu məhərrəmlik matəm kimi qeyd olunub. “İndi də məhərəmlik qeyd etmək qadağasıyla bağlı təzə fikirlər çıxıb. Deməli ağsaqqallarımız bu ritualı götürdüklərinə görə ağılsız olub?

Şənlikləri, sevincli günlər seçməklə etmək olar. Qurban, Fitr bayramı, dini həftənin günlərindən Cümə günü  və ya anasının ya özünün ad günü, əlamətdar bayramı bayrama qatıb sevinci sevincə qatıb toy etmək olar. Məhərrəmlikdə toy etdikdə isə cəmiyyətin də buna münasibəti adekvat olmayacaq.

Aşura faciəsi zamanı İmam Hüseyn (əs)-ın 57 yaşı var idi. Onun Qasim adında qardaşı oğlu var idi. O müsibətlər içində Qasimə toy otağı bəzədilər. Onun bununla bağlı münasibəti belə idi ki, imamımız o şəxslərə lazım olmadığını düşünürdü. Onu da deyirdi ki, ətrafındakıların yaşam tərzi, onların həyatına  xoşbəxtliyinə onun bu əqidəsinin heç bir aidiyyəti yoxdur. O, bu dərəcədə suveren, təfəkkürlü bir şəxs idi”.

Təyyar Hüseynli bildirib ki, islam dini matəm yox, sevgi dinidir. Bir neçə insanın fikri islam dininin mövqeyi ola bilməz:

“İlahiyyatçı, millət vəkili, ictimai xadim kütlələrə geniş həcmli bir fikir münasibət bildirəndə dediklərinin absurd olmamasıyla bağlı düşünməlidir.

Mən ilahiyyatda təsadüfi adam deyiləm. İmamət məqamına, peyğəmbər şəxsiyyətini tutduğum uzunmüddətli ilahiyyat təfəkkürünə görə yaxşı bələd olduğuma görə, toy etmək üçün məhərrəmlik aylarını seçmək məsləhət bilmirəm.

Amma həmkarlarımın bəzilərinin fikirləri çox cılız, tipik və ya çox radikaldır. Məsələn Seyyid Taleh Boradigahinin dini təhsili yoxdur. Mən onu çoxdan tanıyıram. Bu insan dini oxşamalarla başladı, sonra fəaliyyətinə də dini mahnı oxumaqla davam etdi. İnsanın dini mövqedən fikir bildirməyi üçün balanslı, bazalı dini təhsili olmalıdır. Çoxsaylı insanlar şəxsi fikir bildirə bilərlər. Amma bunlar islam dininin mövqeyi deyil. Onun “Mən məhərrəmlikdə toy etmirəm, amma edənlərə də pis baxmıram” kimi neytral, ikili standartlı çıxışını qəbul etmirəm. Özümü məsləhət görmürəmsə, camaatı niyə mənəvi nöqteyi-nəzərdən azdırıram?

Hacı Surxay Məmmədli də  məhərrəmlikdə toy edənlərin uşaqlarının şikəst olacağını proqnoz verir. Bu qədər absurd fikir olmaz. İlahiyyatçılar milli-dini məfkurəni sadə şəkildə ictimaiyyətə ötürməlidirlər. Məhərrəmlikdə məsələnin mahiyyətini çatdırmaq lazımdır. Radikal, konkret, praqmatik, heç bir əsası olmayan fikirlər bildirmək olmaz. Bəlkə, toy elədi, uşaqları da elə olmadı. Bu halda, cəmiyyət bu fikrin nə dərəcədə doğruluğunu, hansı məqsədlə deyildiyi sual etməyəcək? Biri mərsiyə deyən dini təhsili olmayan, biri də dini təhsili olan ağsaqqaldır. Ağızlarına gələni danışırlar”.

İmamət İSMAYILOVA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!