YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
Biz Cəbrayılı gözüyaşlı tərk edəndə hamının gözü kor olmuşdu...

Biz Cəbrayılı gözüyaşlı tərk edəndə hamının gözü kor olmuşdu...

Yazar

13 Avqust 2022 12:25 5311


Cəbrayıl şəhəri avqustun 23-də işğal olunsa da, Arazboyu kəndlərin sakinləri gündəlik qayğıları ilə məşğul idi. Kolxoz sədri işləyən rəhmətlik əmim Həsən Verdiyev nəslimizdən bircə zənən xeylağının da kəndi tərk etməyinə icazə vermirdi. Dünyagörmüş adam idi, bilirdi ki, soyadını təmsil edən bir nəfər kənddən çıxsa, üç-dörd gündən sonra yurd yerlərimizdə çaqqallar ulaşacaq...

Ermənilər günbəgün işğal coğrafiyasını genişləndirirdilər. Anam danışır ki, 1993-cü ilin oktyabrında kənddə üzüm yığanda düşmənlə aradakı məsafə cəmi 2 kilometr olub. Söhbət ən yaxın tarixdən getdiyi üçün aramızda həmin günlərin yüzlərlə canlı şahidi var.

İkimərtəbəli, bağlı-bağatlı evimiz vardı. Cəbrayılda belə mülklərə topdağıtmaz evlər deyilirdi. Nəhayət, bir gün əşyalarımızı qonşu Beyləqan rayonuna daşımağa qərar verdik. Kənddə maşın adına təkərləri üç-dörd yerdən yamanmış köhnə bir traktor qalmışdı. Ata-anam gah evə, gah traktora baxırdı. Nə götürək, nə qalsın? Bu evdə bütün əşyalar bizimçün əziz idi. Atamın minə yaxın kitabı vardı. Seçim edə bilmirdi. Anamın dibçəkdə böyütdüyü güllər göz oxşayırdı. Neçəsini aparaq, neçəsi qalsın? Naxışları göz oxşayan rəgbərəng xalılar, kilimlər... Ömründə bircə dəfə yatmadığımız neçə dəst yorğan-döşək... Mən hələ məişət əşyalarından danışmıram.

Əl damında yüzlərlə banka mürəbbə, kampot, turşu vardı. Hamısı qaldı ermənilərə. O köhnə traktorun “lapet"inə pal-paltarımızı, bir-iki dəst də yorğan-döşək yükləyib əmioğlu Elnurla üz tutduq Beyləqanın Qaralar kəndinə. Həmin vaxtdan də qara günlərimiz başladı...

Biz Cəbrayılı gözüyaşlı tərk etdik. Ən azı 1 ay ata-anamın gözünün yaşı qurumadı. Min bir zülmlə Arazdan o taya keçib Bakıya gəldilər. Hər dəfə İrana gedəndə Arazın o tayından bu tayına boylanıb evimizin xarabalıqlarına tamaşa edib için-için ağlayırdılar.

Düz 27 il hamılıqla göz yaşı axıtdıq. Bu gün Laçını tərk edən ermənilərə yas tutan böyük dövlətlər, beynəlxalq təşkilatlar bircə dəfə də kədərimizə şərik çıxmadılar. Göz yaşlarımızı görən, silən olmadı. Sanki hamının gözü kor olmuşdu. Yurd-yuvasından didərgin düşən 1 milyon azərbaycanlıya özgəsinin torpağında məskunlaşan bir ovuc erməni qədər diqqət ayrılmadı. Hamı özünü karlığa, korluğa vurdu. 

Noooldu, neçə-neçə insan erməninin əlinə düşməmək üçün Arazın sularına qərq olanda bircə dəfə sızlamayan vicdanınız indimi ağrımağa başladı?

Olmayan şey necə ağrıyır?..

Seymur VERDİZADƏ


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!