Biz hardayıq, irəlidə, yoxsa, çox geridə?...

saytların hazırlanması

Evə çatdırılma

Biz hardayıq, irəlidə, yoxsa, çox geridə?...

Siyasət

19 İyun 2022 09:59 1755


Yarımçıq olmaq ağırdır. Biz hamımız toplum olaraq yarmçıq yaşadıq. Nə qul kim qul ola bildik, nə də azad insan olaraq bu azadlığı duya bildik. Bu, bizim xarakterimizdən, altşüurumuzdan qaynaqlanır. Spartak bu coğrafiyada kölə olsa idi, heç vaxt üsyan etməzdi. Sezar da bu sərhədlər daxilində özünü azad saymazdı. Hər ikisi həyatını yaşayardı. Sadə desək, başlarını aşağı salıb işlərini görərdi...

Bu coğrafiyada təfəkkür fərqlidir. Düşüncə fərdidir. Köləlik qabulolunandır. Hökmranlıq şahsevərlik və ibadətdir. Dindarlıq ənənədir. Şairlik möcüzədir. Yazıçılıq baş əyməkdir. Sərkərdəlik sadəcə əfsanədir. Yaşamaq isə sənin iradən daxilində deyil, yaradanın istəyidir.  

Bütün bunların hamısı da tam deyil. Yarımçıqdır. Əgər sözünü deyə bilirsənsə, bu, sənin xidmətin deyil, kiməsə borclusan. Əgər pul qazana bilirsənsə, bu sənin fərasətin deyil, sənə yaradılan imkanla bağlıdır. Əgər nərdivanın hansısa pilləsinə ayaq qoya bilirsənsə, bu da kiminsə icazəsi ilədir. Kimsən ki sən?! Qələt edib, başını da daşa döyərsən... pizza

Sən tam ola bilməzsən. Bədbəxtliyin də, köləliyin də tam ola bilməz. Hətta sən sufi olsan da, yolunu şeytanlar kəsər. Sən şeytanla bazarlıq etməlisən, şərik olmalısan ki, öz mənəvi dünyanda yaşaya biləsən. Mənəvi dünya da sənin üçün tam açıq deyil. Yarımçıqsan. Şəriksən. Tək başına heç kimsən. Bədbəxtsən...

Bunu qəbul etdik. Biz buyuq...

Qəbul etdik ki, xoşbəxt olan adam həmişə xoşbəxt olan adam deyil. Bu an məsələsidir. Bununla təskinlik tapdıq. 

Hətta onu da qəbul etdik ki, xoşbəxt adam hər yanda bədbəxtlik olanda xoşbəxt olmağı bacara biləndir. Bu, fəlsəfədir. Biz bu fəlsəfəni hər şeyə göz yumaraq qəbul etdik. Anlamağa çalışdıq. Bildik ki, xoşbəxt adam həyatı başa düşən və onun bütün ziddiyyətlərini qəbul edəndir. Və onu da balaca ağlımızla bilirik ki, həmişə xoşbəxt olmaq istəyinin özü axmaq bir arzudur. Həyatın dəniz dalğası olduğunu da anladıq. Bilirik ki, həmişə xoşbəxt olmaq xülyasında yaşamaq sonda bədbəxtlik yaradır, həyat isə sürprizlərini hər an qarşımıza çıxarır. Arzuladığımız həyata çatmadığmız müddətcə daha çox bədbəxt oluruq. Bu, bizim tamahkarlığımızdan başqa bir şey deyil. Olsun! Mental şərtlər elədir ki, arzular da məhdud olmalıdır. Burada təxəyyülə yer yoxdur. Hər şey real, hər şey dəqiq olmalıdır. Reallıq hissini itirmək səfehlikdir.

Yuxularda da azad ola bilmirsən. Sayaqlaman səni ələ verir bəzən. Sənin sayaqlaman məhkəmə salonlarında dəlil olaraq təqdim oluna bilər. Biz bütün dünyadan çox irəlidəyik. Dünya hüquq sistemi hələ də hipnoz altında alınan ifadənin sübut kimi qəbul edilib-edilməməsi üzərində baş sındırdığı bir zamanda biz sayaqlamanı cinayət faktı kimi qəbul edirik...

Biz hardayıq?! İrəlidə, yoxsa, çox geridə?...

Ümumiyyətlə, hansı hüquq, fəlsəfi və teoloji sistemdəyik? Bizdən kim baş aça bilər ki? Biz bir möcüzəyik...

Elnur Məmmədli


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!