“Biz riyakar adamlarıq, özümüzdən iyrənirik” - Baba Vəziroğlu

“Biz riyakar adamlarıq, özümüzdən iyrənirik” - Baba Vəziroğlu

Yazar Veb saytların hazırlanması

28 İyul 2022 16:10 6006


“Keyfiyyət texniki keyfiyyət və bədii keyfiyyət olmaqla iki cür olur. Təbii ki, indiki filmlər texniki keyfiyyət baxımından üstündür. At arabasıyla "Mercedes" necə müqayisə oluna bilər?! Amma o vaxt mahiyyət, bədii keyfiyyət, bədii kriteriyalar, meyarlar daha ciddiydi. Sənətə daha ciddi baxış, tamaşaçını düşündürmək var idi".

Bu sözləri Yenisabah.az-a açıqlamasında şair, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu deyib. Vəziroğlu bildirib ki, indi ciddi ədəbiyyatın da oxucusu yoxdur:

“Ədəbiyyat da, sənət də bazardır. Tələb olan yerə mal çıxarılır. Əgər, o mala tələb yoxdursa, kim onu edəcək?! Əgər, bu gün hırıltıya tələb varsa, bu günün gündəmi hırıltılı seriallar, filmlər olacaq. Bu gün Hindistan, İran melodiyaları varsa, “Sevgili canan"ı kim yazacaq?! Bu gün az-maz qalan səviyyəli bəstəkarlar da bayağı musiqilər yazmağa başlayıb. Bazar dəyişdiyinə görə, mal istehsal edən də bazara ucuz mal çıxaracaq”.

Şair bu məsələdə cəmiyyəti günahlandırıb. Deyib ki, tamaşaçının zövqünü yaradıcı adamlar özləri formalaşdırmalıdırlar:

"Biz Mirzə Cəlilin, Sabirin yazdığı yüz il əvvəlki nadanlarıq. Biz inkişaf etməmişik, kamilləşməmişik. Səviyyəmiz də artmayıb. Ələlxüsus da riyakarıq. Bu gün heç kəs deməyəcək ki, onun “cancana”dan xoşuna gəlir. Hamı “Koroğlu operası”nı dinlədiyini deyəcək. Amma sabah toyuna 20 min verib küçə müğənnisi gətirəcək. Biz sözümüzdə bir, əməlimizdə tamam ayrı adamlarıq. Çünki içimiz mənasız  şeylərlə doludur. Daxilimizdə kamillik, başımızda da elm yoxdur”.

Bəzən TV-ləri qınayırlar. Televiziya bu gün özümüzü göstərir. Özümüzə baxıb iyrənirik”.

Baba Vəziroğlu insanların baxışının dəyişməsini belə izah edib:

“Biz qılınc müsəlmanıyıq. Bir əlimizdə Quran olanda, bir əlimizdə qılınc olmalıdır. Sovet hökuməti məcburi oxutdurur, təhsil dalınca göndərirdi. Zorən işə düzəldirdi. 6 aydan çox işləməyən adamı həbs edirdilər. Dərslərində müvəffəqiyyətli olmayanı institutdan çıxarırdılar. Onu heç cür bərpa etmək mümkün olmurdu. Təhsil, səhiyyə pulsuz idi. Sonra Avropadan gələn saxta azadlıq verildi. Bundan sonra bu günün problemləri başladı.

Bizdə bir məsələ var: “Ölünü öz başına qoysan kəfəni yırtar”. Bura Şərqdir. Bir filmdə deyildiyi kimi, Şərq incə məsələdir. Şərqdə “Avropa qazanı”nda bişmiş prinsiplər keçmir. Bəzən bu, Avropanın özündə də keçmir. Təsəvvür edin, Avropanın qəbul edə bilmədiyi prinsiplər Şərqdə - administrativ rıçaqların güclə işlədiyi ölkələrdə həyata keçirilir. Biz bu gün pul veririk ki, uşağımız əsgər getməsin. Pul veririk ki, yaxşı təhsil almasın. Gələcəkdə bizi müalicə edən həkimlərin övladlarımızı öldürməsi üçün çalışırıq.

Bu rıçaqlar dövlətin əlində olduğu üçün onun da nəzarətində olmalıdır. Dövlət heç bir şeyi özbaşına buraxmamalıdır”.

İmamət İSMAYILOVA 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!