Azad Vətən Partiyasının (AzVP) sədri Akif Nağının “Yeni Sabah”a müsahibəsi:
- Partiyanız artıq qeydiyyatdan keçib. AzVP-nin bu qədər sürətli qeydiyatdan keçməsi bəzi rəqib partiyalarda şübhələr doğurub. Çünki hələ də qeydiyyat gözləyənlər var...
- Bu sual yəqin ki, bizə ünvanlanmalı deyil. O biri partiyalar arasında da sürətlə qeydiyyatdan keçənlər çoxdur. Bilmirəm, onlarla bağlı sual niyə yaranmır. Amma biz, keçmiş QAT 30 illik bir yol keçib. QAT tanınan bir siyasi qurumdur. Şəhadətnamədə də göstərildi ki, AzVP QAT-ın varisidir. Ona görə də AzVP təcrübəsi, tarixi olan partiyadır. Digər partiyalar qeydiyyatdan keçəndə isə əlaqələrini və s. amilləri yoxlayırlar. Odur ki, indi AzVP-də nəyisə təzədən yoxlamağa ehtiyac yoxdur. Sezar pizza
- Haqqınızda çoxlu iddialar səslənir, o cümlədən sizi iranpərətlikdə ittiham edirlər. Bu da sizin rəqiblərin qısqanclığıdır?
- Bu, müəyyən mərkəzlərin qısqanclığıdır. Bəzi partiya rəhbərləri də belə fikirlər səsləndirib ki, “Tehran uşağı”, “Moskva uşağı” və s. Ümumiyyətlə, QAT olanda da haqqımızda müxtəlif fikirlər sələndirilirdi. Bizim isə yanaşmamız hər zaman belə olub ki, əgər onlara cavab vermək yolunu tutsaq, irəliyə gedə bilməyəcəyik. Biz işimizlə məşğuluq, işimizi görürük və işimizlə sübut edirik ki, doğrudan da dövlətə və millətə xidmət edən bir qurumuq. Bu, QAT-ın vaxtında da belə olmuşdu, indi də o yolu tutmuşuq. Ona görə də kimlərləsə mənasız diskusiyalara girmək, nəyisə sübut etməyə ehtiyac yoxdur. İstənilən məsələlərlə bağlı mövqeyimiz var. Bu, siyasi, iqtisadi, mədəni, dini, beynəlxalq münasibətlər, İran, İsrail, ABŞ, Türkiyə, Pakistanla münasibətlərin saxlanılması və s. amillərdir. Bunların hamısı ilə bağlı aydın mövqeyimiz var və əsas xətt də odur ki, bütün ölkələrin hamısı ilə Azərbaycanın dövlət maraqlarına uyğun olaraq münasibət saxlanılmalıdır. Yoxsa filankəslər əbədi düşməndir, yaxud dostdur – o prinsip beynəlxalq münasibətlərdə işləmir. Konkret şəraitdə və vaxtda dövlət maraqlarımıza uyğun olaraq münasibət qurulacaq. Ən düzgünü budur. Ona görə də o adamlar ki, ittiham səsləndirirlər, demək istəyirəm ki, QAT və AzVP heç kəsin “uşağı” deyil, Azərbaycanın kişiləridir. Kim haranın “uşağı”dırsa, getsin öz uşaqlığını etsin.
- Partiyanın siyasi yönümü necə olacaq? Kimlərlə əməkdaşlıq edəcəksiniz? Kimlərə özünüzü yaxın bilirsiniz?
- Qərar vermişik ki, partiyaların hamısı ilə normal münasibət saxlayaq. Prinsipimiz odur ki, biz heç bir partiyanı özümüzə düşmən hesab etmirik. Eyni zamanda, ümid edirik ki, heç kəs də bizi özünə düşmən saymayacaq. Siyasi rəqabət ola bilər, amma partiyalararası dialoq da olmalıdır. Baxacağıq vəziyyətə. Çünki Azərbaycanın siyasi mühitini bilirik.
Üstəlik, QAT ictimai təşkilat kimi yox, ictimai-siyasi təşkilat kimi fəaliyyət göstərib, bütün siyasi proseslərin içərisində olub, digər partiyalarla birlikdə fəaliyyət göstərmişik. 1998-ci ildən başlayaraq Qarabağ ətrafında müxtəlif koalisiyalar yaratmışıq: Qarabağ Koordinasiya Şurası, Azad Qarabağ Uğrunda Alyans, Qarabağ Komitəsi və s. Yəni biz o partiyalarla birlikdə olmuşuq və onların səviyyəsini, mövqeyini, gücünü bilirik. Ona görə də onların konkret fəaliyyətlərinə, bizə münasibətinə və Azərbaycanın dövlət maraqlarına uyğun münasibət qurulacaq. Amma hələlik hansısa bir koalisiyaya girmək, ittifaq bağlamaq fikrimiz yoxdur.
AzVP-nin gücü, üzvləri, strukturu, rayon şöbələri var, halbuki bu, bir çox partiyada buna rast gəlinmir. Biz böyük gücümüz və daxili potensialımız ilə hərəkət edəcəyik. Siyasi kursumuz da sol mərkəzçi bir xətt olacaq, ona uyğun da işlərimizi quracağıq.
- Sizi daha çox QAT rəhbəri kimi tanımışıq. Qarabağ mövzusu bundan sonra partiyanızın fəaliyyətində necə əks olunacaq və ümumiyyətlə, əks olunacaqmı?
- Bəli, əlbəttə. Hətta biz bir neçə istiqamətləri müzakirə etmişik. Orada bir istiqamət də Qarabağ, Zəngəzur və digər ərazilər üzrə əhatələnmiş istiqamətdir. Yəni Qarabağ və Zəngəzurda tam qələbənin təmin olunması əsas məqsədlərimizdən biridir və partiyamız ona nail olmalıdır. Eyni zamanda, beynəlxalq aləmdə erməni yalanlarının ifşa olunması istiqamətində fəaliyyəti daha da genişləndirəcəyik.
- Prezident Administrasiyasının siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşə dəvət edilmisinizmi? Dəvət gəlsə, getmək fikriniz var?
- Yəqin ki, gedəcəyəm. Çünki partiyaların hamısının rəhbərləri onunla görüşüb və bu, normal haldır. Fikrimcə, son bir neçə ildə partiyaların fəaliyyəti üçün yaxşı şərait, normal bir münasibət yaradılıb. Buna heç kəs qısqanclıq etməməlidir. Sabah Ədalət Vəliyevlə, yaxud YAP nümayəndəsi ilə görüşürəmsə, bu, o demək deyil ki, partiyanın xətti dəyişdi, yaxud kimdənsə asılı vəziyyətə düşdük. Bizim öz xəttimiz var və siz bunu görəcəksiniz. Normal münasibətlər saxlayacağıq. Yeri gələndə yanlış siyasəti də tənqid edəcəyik. Odur ki, əgər Prezident Administrasiyasına dəvət olunaramsa, hesab edirəm ki, burada heç bir qəbahət yoxdur.
- O biri partiyaların çoxuna Şuşa səfərindən sonra “avtobus müxalifəti” deyirlər. Siz bu damğadan qorxmursunuz?
- Fikrimcə, o cür adları ortaya qoyanlar köhnə, 1990-cı illərin bolşevik təfəkkürü ilə yaşayırlar. Məgər hakimiyyət təmsilçiləri ilə bir avtobusda oturmaq “avtobus partiyası” olmaq deməkdir?! 90-cı illərin cəngəllik əhval-ruhiyyəsindən bəzi partiyalarımız xilas olmalıdır. Əgər Şuşaya gedirsənsə, bütün dünyaya Azərbaycanın siyasi spektrının bir yerdə olduğunu göstərirlərsə, bunda pis şey var?!
Rafi MÜSLÜMOV
Telegram kanalımız