Texnologiya inkişaf etdikcə, istər dünyada, istərsə də Azərbaycan cəmiyyətində kitaba qarşı olan maraq getdikcə azalır.
İctimai nəqliyyatda kitab oxuyanların sayı isə barmaqla sayılacaq qədər azdır. Valideynlərimizin gənclik dövründə oxuduğu bestseller əsərlərin yeni çapdan çıxmış variantları kitab mağazalarında qalaq-qalaq qalsa da, istər kitabların qiymətlərindəki bahalığın özünü büruzə verməsi, istərsə də sosial şəbəkələrin həyatımıza sirayət etməsi insanlarımızı kitablardan uzaqlaşdırıb.
Maraqlı əsərlərin çoxluq təşkil etməsini isə istisna etmək olmaz. Belə ki, bir sıra nəşriyyatlar Azərbaycan və dünya ədəbiyyatının ən populyar və ən çox oxunan əsərlərini oxucuya təqdim edirlər. pizza sifarişi
Bəs problem nədədir? Kitablarda? Sosial şəbəkələrdə? Ya, oxucu kütləsinin olmamasında?
Mövcud problemi qabartmaq üçün bir neçə yazara müraciət etdik.
Məsələ ilə əlaqədar yazıçı Şərif Ağayar Yenisabah.az-a açıqlamasında bu fikri qəbul etmədiyini dilə gətirib:
“Mən insanların kitab oxumaması fikri ilə razı deyiləm. Buna nümunə olaraq da sonuncu II Milli Kitab Sərgisini göstərə bilərəm. Bu kitab sərgiləri bir daha Azərbaycanda kifayət qədər oxucunun var olmasını göstərdi.

Xüsusən şənbə-bazar günləri kitab sərgisi ilə bağlı olduqca çoxlu növbə var idi. Yalnız insanların gəlməyi yox, onların kitab alması və bu məsələyə xüsusi qayğı göstərməsi olduqca diqqətçəkən idi”.
Ş. Ağayarın sözlərinə görə, son dövrlərdə bahalaşma məsələlərinə və insanların maddi durumlarının elə də yüksək olmamasına baxmayaraq, kitab alqı-satqısında çox yüksək səviyyədə alış gedib:
“Mənim zənnimcə Azərbaycan xalqının oxumaması fikri bizə atılan böhtandır. Sanki kitabın oxunmasını istəməyən adamlar bu fərziyyəni daha çox ortaya atır.
Düzdür, müasir zəmanədə kitab oxuma səviyyəsi lazımi dərəcədə deyil. Amma bütün bunlara baxmayaraq, insanlar cəhd göstərir.
Xüsusilə vurğulamaq istəyirəm ki, bizdə kitab şəbəkəsi yoxdur. Biz Azərbaycan xalqına ilk növbədə, kitabı təqdim etməli, sonra isə onun oxunub-oxunamasına diqqət yetirməliyik. Azərbaycanın bölgələrində kitab mağazaları yox dərəcəsindədir.
Dünyada bir sıra məsələlər irəli sürülür ki, texniki avadanlıqlar artdıqca, insanlar kitaba zaman ayıra bilmir. Amma Azərbaycanda bu məsələni müzakirə etməyin hələ ki vaxtı deyil. “Bu gün sosial şəbəkələr kitab oxunmasına mane olur” probleminə onu misal gətirə bilərəm ki, bu səpkili müzakirələri, ancaq Fransa kimi ölkələrdə edə bilərlər”.
Yazıçı Azərbaycanda kitab sənayesinin olmamasından da gileylənib:
“Bütün bunlara baxmayaraq, Bakı və Sumqayıtda vəziyyət o qədər də faciəvi deyil. Amma bölgələrimizdə isə durum cansıxıcıdır. Bu işdə mətbuat olduqca aktiv olmalıdır. Məsələn 2 sərgi keçirildi. Biz onu nə qədər işıqlandırdıq?
Ən azı bir sıra mətbuat orqanı bu məsələ ilə bağlı oraya şəxsən gəlməli və reportaj keçirməli idi. Bir mətbuat orqanı var ki, heç kitab sərgisinin xəbərini qoymur, amma yazır ki, kitab oxuyan yoxdur.
Mən şəxsən özüm Milli Kitab Sərgisində iştirak etdim və kimlərin gəlib gəlmədiyinə də şahid oldum. Mətbuat və efir kitab məsələsinə olduqca biganə yanaşır. Bizim Rusiyaya birləşməyimizin tək yaxşı tərəfi o oldu ki, bizdə az-çox oxu mədəniyyətini formalaşdırdılar. Yenə deyirəm, günümüzdə kitab oxunur, amma kitaba qarşı böyük bir tərbiyəsizlik var”.
Əməkdar jurnalist və yazıçı Elçin Şıxlı isə məsələyə fərqli kontektsdən yanaşıb.

O, səbəbləri belə izah edib:
“Kitab oxunmamasının başlıca səbəbini insanların günümüzdə internet resurslarından olduqca çox istifadəsində görürəm. İnsanlar məlumat almaq üçün kitaba yox, sosial şəbəkələrə üstünlük verir.
Müasir zəmanədə ədəbiyyata maraq olduqca azlıq təşkil edir. İnsanlar kitab oxuma vərdişinə gərək uşaqlıqdan başlasınlar. Onlarda kiçik yaşlarından kitaba maraq və sevgi olmalıdır. Əks təqdirdə, kitaba maraq olduqca azalır”.
“Ali və Nino” mağazalar şəbəkəsinin rəhbəri Nigar Köçərli isə söyləyib ki, insanlar kitab oxumağa uşaqlıqdan başlamalıdır:

“Uşaqlıqda həm kiçiklər özləri kitaba vərdiş göstərməli, həm də valideynlər övladlarını daim kitab mağazalarına aparmalıdır.
İnsanlar bir-birinə daim kitab hədiyyə etməli və hər hansı məclisdə yığışarkən qeybət əvəzinə kitabdan, yaxud ədəbiyyatdan söhbət açılmalıdır.
Əgər bu cür kiçik addımlarla fəaliyyətə başlasaq, kitaba münasibət olduqca dəyişəcək”.
Həcər ƏMİRASLANLI
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti üzrə hazırlanmışdır.

Telegram kanalımız