Brüssel səfəri məqsədyönlü siyasətin böyük uğurudur 

Brüssel səfəri məqsədyönlü siyasətin böyük uğurudur 

Yazar

09 Aprel 2022 09:45 3069


“Bu gün biz Heydər Əliyev siyasətinə sadiq qalaraq bu siyasəti davam etdiririk. Bu illərdə biz Heydər Əliyev siyasətinin təntənəsini görürük, onun fiziki yoxluğu şəraitində bu siyasət yaşayır və yaşayacaqdır”.
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti

Dünyanın sürətlə inkişaf etdiyi bir zamanda ölkəmiz Azərbaycan öz inamlı və mütərəqqi gələcəyinə doğru daha sürətli şəkildə irəliləməkdədir. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Cənab prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən xarici siyasət strategiyası dünya birliyinə sıx inteqrasiya olunmaq xəttini seçmişdir. Bu seçimi həyata keçirmək üçün Azərbaycan dövləti özünün iqtisadi və siyasi inkişaf modelini müəyyənləşdirib öz milli maraqlarını qoruyaraq dövlətlərarası əlaqələrə qoşulur. Azərbaycan Respublikası Prezidentinin uzaqgörən və uğurlu siyasi kursunun nəticəsi olaraq dövlətimizin hər gün daha böyük uğurlara imza atdığının şahidi oluruq. Artıq heç kəsə sirr deyil ki, dövlət başçımız üçün bu illər ərzində ölkəmizin beynəlxalq nüfuzunun artırılması əsas prioritet məsələlərdəndir. Son illər Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər yeni inkişaf mərhələsinə yüksəlib, bunun nəticəsi olaraq Avropa İttifaqı birmənalı şəkildə ölkə başçımızın regionda liderliyi faktını qəbul edir.

Azərbaycanın xarici siyasətinin əsəs istiqaməti Avropa İttifaqı ilə qarşılıqlı hörmət və ortaq maraq prinsiplərinə əsaslanan münasibətlərin qurulması və daim inkişaf etdirilməsidir. Avropa İttifaqı ilə Azərbaycan arasındakı əməkdaşlıq sosial, siyasi, iqtisadi, nəqliyyat, enerji təhlükəsizliyi, investisiya, multikulturalizm kimi bir sıra vacib sahələri əhatə edir və daim inkişaf yolu keçməkdədir. Bu gün ölkəmiz Avropa üçün yeni enerji mənbəyi eyni zamanda Avropa ilə Asiyanı dəmir yolu vasitəsilə birləşdirən ölkə rolunu oynayır. Aprelin 6-da Belçika Krallığının paytaxtı Brüsseldə Avropa İttifaqı Şurasının sədri Şarl Mişellə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin baş tutmuş görüşü ölkəmizin milli maraqlarının təminatı istiqamətində həyata keçirilən siyasətin növbəti uğurudur. Bu görüşün yekunu olaraq artıq postmüharibə dövründə yeni bir formatın-Brüssel sülh gündəliyinin yarandığı tarixi fakt olaraq dəyərləndirilməlidir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin ədalətli sülh və torpaqlarımızın ərazi bütövlüyünün təmin edilməsi istiqamətində atdığı mühüm addımlar aprelin 6-da 4 saat yarımdan artıq davam edən növbəti görüşlə nəticələndi. Bu görüşdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqların başladılması və bununla əlaqədar olaraq işçi heyətin yaradılması qərara alınmışdır. Sözügeden sülh razılaşmasının əsas predmeti Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təkliflər paketidir. Təbii olaraq torpaqlarımızın ərazi bütövlüyü sülh razılaşmasında əsas məqam olaraq diqqət mərkəzindədir.

Ölkəmizin 44 günlük Vətən müharibəsindəki şanlı qələbəsi bu sülh danışıqlarında öz maraq və reallıqlarını diktə edən tərəf olaraq iştirakına rəvac verir. Əldə edilmiş razılığa əsasən bəyanatda Dağlıq Qarabağ ifadəsinin yer almaması Azərbaycanın məsələdə prinsipial mövqeyinin birmənalı şəkildə qəbul edilməsinin mühüm işarəsidir. Ümummilli lider Heydər Əliyev kursunun layiqli davamçısı cənab Prezident İlham Əliyevin Brüssel səfərinin nəticələri milli maraqların təmin olunması istiqamətində həyata keçirilən məqsədyönlü siyasətin uğurudur.

Azərbaycan Prezidenti İ. Əliyevin də ifadə etdiyi kimi Azərbaycan Avropa İttifaqının regiondakı əsas ticari tərəfdaşıdır. Azərbaycanla Avropa İttifaqı arasında mövcud olan qarşılıqlı əlaqələr Cənubi Qafqazın gələcəyi üçün böyük əhəmiyyət kəsb edir. Vətən müharibəsindən sonra Aİ-nın Cənubi Qafqaz regionuna, məhz Azərbaycana olan marağı daha da artmışdır. Xüsusilə qeyd etmək istərdik ki, postmüharibə dövründə regionda gedən proseslər Aİ – Azərbaycan münasibətlərinin daha yüksək mərhələyə keçidini təmin etdi. Bütün bunlar ikitərəfli əlaqələri gücləndirməklə yanaşı, Azərbaycan iqtisadiyyatının inkişafını da sürətləndirəcək.

Brüssel şəhərində keçirilən görüş bir Azərbaycan ziyalısı kimi qəlbimi qürur hissi ilə dolduran hadisədir. Böyük sevinc hissi ilə bildirirəm ki, Azərbaycan xalqının iradəsini ifadə edən İlham Əliyev müstəqil Azərbaycanın prezidenti, həm də dünya azərbaycanlılarının lideridir.

Avropa İttifaqının prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilən görüşdə prezidentimiz İlham Əliyevin tutduğu mövqe və onun yeritdiyi siyasət ölkəmizin necə sülhsevər mövqeyə malik olduğunu dünyaya göstərdi. Dövlətimizin başçısı Azərbaycanın təqdim etdiyi baza prinsipləri, o cümlədən ərazi bütövlüyünün qarşılıqlı tanınması və iddialarından imtina edilməsi şərtləri daxil olmaqla sülh müqaviləsinin hazırlanması və bu sahədə işçi qrupunun yaradılması, eyni zamanda sərhədlərin delimitisiyası üzrə komissiyanın təsis edilməsi haqqında öz mövqeyini nümayiş etdirmişdir. Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycanın yerləşdiyi coğrafi məkan onun qonşu dövlətlər arasında körpü rolu oynadığını göstərir. Nəinki qonşu dövlətlər, həmçinin Avropa İttifaqına üzv dövlətlərin Azərbaycanla siyasi və iqtisadi münasibətləri inkişaf etdirmək marağı çox böyükdür. Səbəb yenə də Azərbaycanın əlverişli strateji mövqeyidir. Avropa İttifaqı ilə qarşılıqlı hörmət və maraq prinsipləri əsasında münasibətlərin qurulması və inkişaf etdirilməsi Azərbaycan dövlətinin xarici siyasətinin əsas istiqamətidir. Belə ki, böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabər hüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında əlaqə qurması onun necə hərtərəfli siyasət apardığının göstəricidir. 

Avropa İttifaqı bölgədə, Cənubi Qafqaz regionunda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsində Azərbaycanın rolunu yüksək qiymətləndirmişdir. Eyni zamanda prezidentimiz İlham Əliyevin bu sahədə gördüyü işə çox yüksək qiymət vermişdir. Qeyd edilmişdir ki, Azərbaycan sülhə sadiqliyini həmişə nümayiş etdirmiş və verdiyi vədə xilaf çıxmamışdır. Dünyada heç vaxt əbədi müharibə olmamışdır. Dünya xalqları daim sülhə, sadiqliyə can atmış, dinc yaşamaq arzusunda olmuşlar. Bu baxımdan Brüssel görüşü Cənubi Qafqazda, eləcə də Azərbaycanımızda sülhün qorunması, dinc yaşamaq prinsiplərinə əməl edilməsində mühüm rol oynayacaqdır.

Buna görə də böyük fərəh hissi ilə demək olar ki, ölkə başçımızın yeritdiyi siyasət, diplomatik səylər böyük səmərə verir və Azərbaycan dünyanın sayılıb-seçilən bir ölkəsi olaraq tanınır. Brüssel görüşündə qeyd edilmişdir ki, regionda sülhü, təhlükəsizliyi, sabitliyi təmin etmək üçün mümkün qədər tez bir zamanda dayanıqlı sülhə, razılaşmaya nail olmaq lazımdır. Sülhə nail olunsa çox böyük müsbət nəticələr əldə etmək mümkündür. "Azərbaycanın yeritdiyi sülhsevər siyasət həmişə Avropa İttifaqı tərəfindən dəstəklənəcək". Bu sözləri Avropa İttifaqının sədri Şarl Mişel qeyd etmişdir. Bu bizdə daha da böyük uğurların əldə olunacağına inamı artırır.

VƏFA BAĞIROVA,
S.S.AXUNDOV adına 172 nömrəli tam orta məktəbin direktoru


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!