Bu il iyulun 1-dən sentyabrın 1-nə qədər Azərbaycanla (Naxçıvan) Türkiyənin quru sərhədinin bağlandığı bildirilir. Rəsmi orqanlar sərhəddə gediş-gəlişin məhdudlaşdırılmasına səbəb kimi koronavirus pandemiyasını göstərirlər. Halbuki, artıq qonşu ölkələr pandemiya ilə bağlı sərhəddə tətbiq etdikləri məhdudiyyətləri ardan qaldırırlar.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan yazıçı Əkrəm Əylisli quru sərhədlərin açılmasının vacib olduğunu bildirib:
“Yolların açılması yaxşı olardı. Ümumiyyətlə, bütün sərhədlərimizdə yolların açılması yaxşı olar. Bu mənim uşaqlıq arzum olub. O vaxt burdan qatara oturub gedirdim Ordubada, ordan da kəndlərə rahat getmək olurdu. İndi hər şey çox çətin olub. O vaxt mən deputat seçiləndə də görəcəyim işlər siyahısında da bunu arzu kimi yazmışdım. İstəyirdim ki, sərhədlər açılsın”.
Yazıçı qeyd edib ki, sərhədin bağlanması birbaşa xalqın güzəranına mənfi təsir edir:
“Yolları bağlayıb ancaq hava yollarını açıq saxlamaq dəhşətli bir şeydir. Bilirsiniz, bunun iqtisadi tərəfləri də var. Məsələn, ordubadlı birinin əlində hər hansı məhsulu var, gətirib onu satmaq istəyir, amma Türkiyədən bu tərəfə keçə bilmir, gərək Bakıya gəlib sonra Ordubada qayıtsın. Mən o vaxt tələbə olanda kənddən Bakıya gələndə özümlə 2 vedrə meyvə gətirib bazarda kiməsə verirdim ki, onu satsın. Tələbə idim, ehtiyacım olurdu, satırdım ki, qəpik-quruş çıxsın. Ona görə də insanları yaxşı başa düşürəm. Camaat yazıqdır, kömək etmək lazımdır. Belə şeylər siyasətə yox, əsasən, xalqın güzəranına işləyir. Yolların açıq və təhlükəsizliyi xalqa xeyirdir. Düşünürəm ki, bu məsələ tezliklə həll olunacaq, buna ümid edirəm”.
Əsmətxanım RZAZADƏ
Telegram kanalımız