Son zamanlar qanunsuz erməni silahlı qüvvələri tərəfindən Ordumuzun mövqeləri atəşə tutulur, işğaldan azad olunmuş bölgələrdə təxribatlar törədilir.
Qarabağa məhz sülhü qorumaq üçün gələn, bu missiyasını üzərinə götürən sülhməramlıların fəaliyyəti isə qənaətbəxş deyil. Sülhməramlı kontingentin fəaliyyəti həm cəmiyyət, həm də rəsmi qurumlar tərəfindən bəyənilmir. Dəfələrlə Azərbaycan Müdafiə Nazirliyi baş verənlərlə bağlı sülhməramlılara çağırış edib. Sülhməramlıların erməni təxribatları haqqında rəsmi məlumat yaymaması, təxribatların qarşısını almaması, çağırış və müraciətlərə etinasız yanaşması davam edir.
Eyni zamanda, Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatlarında yaşayış məntəqələrimizin adları hələ də uydurma erməni toponimləri ilə qeyd olunur. Bununla bağlı da Müdafiə Nazirliyi Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun yaşayış məntəqələrinin Azərbaycan toponimlərinə uyğun adlı siyahısı və xəritəsi Rusiya Federasiyasının Müdafiə Nazirliyi, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin əvvəlki və hazırkı komandanlığı, eləcə də Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinə Azərbaycan tərəfindən rəsmi qaydada göndərilmiş və məlumatlarda məhz bu adlardan istifadə olunması barədə dəfələrlə müraciət edildiyini bildirib. pizza
Bu gün Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının XİN başçısı Sergey Lavrov arasında görüş keçirilib. Görüşdəki müzakirələrin əsas mövzusu münaqişədən sonrakı məsələlər, həmçinin üçtərəfli bəyanatların müddəalarının icrasıdır.
Bu görüşdən sonra sülhməramlıların fəaliyyətində müsbət dəyişiklik gözlənilirmi? Eyni zamanda, toponimlərlə bağlı məsələ öz həllini tapacaqmı?
Mövzu ilə bağlı Cebhe.info-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib ki, bu məsələlər öz həllini tapmalıdır:
“Doğrusu, toponimlərlə bağlı hələ məlumat yoxdur. Amma problemlərin olması heç də toponimlərin istifadəsindən az problem deyil. Problemlərin müzakirəsi vaxtı artıq gəlib çatıb. Bu məsələlərin bəziləri barəsində məlumatlar var ki, onlar öz həllini tapacaq. Hər halda Laçın yolunda sərhədə aid qurumların fəaliyyəti bərpa olunacaq. Doğrusu, mən inanmıram ki, bu məsələ nazirlərin görüşü nəticəsində əldə olunub. Əminəm ki, bu, daha yüksək səviyyədə müzakirə olunan məsələdir. Biz görürük ki, bu məsələlərin bir hissəsi öz həllini tapıb. Ümumiyyətlə, sülhməramlıların fəaliyyətində ciddi dönüş olmalıdır, çünki onlar beynəlxalq təcrübəyə uyğun olaraq bu fəaliyyətdə təkcə təhlükəsizliyin dərdini edib, bu mövzuda fəaliyyət göstərməlidirlər. Sərhəd funksiyaları, “Azəriqaz”, “Azərişıq” və digər qurumların funksiyalarını həyata keçirə bilməzlər. Bu baxımdan bu məsələ geniş müzakirə olunub öz həllini tapmalıdır”.
Diplomat sülhməramlılar haqqında rəsmi sənədin olmadığını vurğulayıb:
“Biz bilirik ki, sülhməramlıların mandatı yoxdur. Yəni buna aid rəsmi bir sənəd qəbul olunmayıb. Amma beynəlxalq təcrübə sülhməramlıların fəaliyyəti ilə bağlı aydındır və təcrübəyə uyğun olaraq sülhməramlıların fəaliyyəti bu və ya digər dövlətin suveren hüquqlarını əvəz edə, mənimsəyə bilməz.
Sadəcə olaraq təhlükəsizliyə nəzarət eləməlidir. Sadə desək, əgər problemlər varsa, “Azəriqaz” və “Azərişıq”ın işçiləri ilə bərabər sülhməramlılar da gəzib, təhlükəsizliyi təmin eləməlidir. Bütün qurumların işini hərbçilər görə bilməzlər. Azərbaycan qanunlarına uyğun giriş-çıxış qaydaları var, iqtisadi mühitin qorunması, gömrük fəaliyyəti, hər bir ölkədə fitosanitar təhlükəsizliyi, epidemiya vaxtı sərhəddə xüsusi postların qurulması və s. Bu baxımdan onlardan bu fəaliyyəti gözləmək və tələb eləmək düzgün deyil. Azərbaycan dövlətinin qurumları bu işlərlə məşğul olmalıdırlar”.
Telegram kanalımız