Ötən gün gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən verilən məlumata əsasən, Ermənistan silahlı qüvvələrinin diversiya qrupları müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirib.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Mənsum İbrahimov bildirib ki, ermənilərin sülh niyəti yoxdur: Dördpendirli pizza
“Bunlara heç vaxt inanmaq olmaz, bütün təxribatlar onu göstərir ki, onlar sülh istəmirlər. Onlar nə istəyirlər heç özləri də bilmirlər. Bir neçə gün öncə 5 hərbçilərini özlərinə qaytardıq. Biz çox çalışırıq ki, sülh olsun, Zəngəzur yolu açılsın, kommunikasiya xəttləri açılsın, amma görünür, bunların məqsədi başqadır. Onlar Qarabağda gedən sürətli tikinti-quruculuq işlərini görürlər, gözləri bunu götürmür, prosesləri ləngitmək istəyirlər. Təəssüflər olsun ki, bütün bu təxribatlar dünyanın gözü qarşısında baş verir. Dünya bunu görmür, yaxud görmək istəmirlər…
Hər bir halda, Azərbaycan 44 gün ərzində öz ərazi bütövlüyünü bərpa etdi. Düşünürəm ki, Azərbaycan bu təxribatların da qarşısını uğurla alacaq. Bu təxribatlar onlara baha başa gələcək. Hər dəfə ordumuz “qisas əməliyyatı” həyata keçirir, əminəm ki, bu dəfə də ermənilərin itkisi çox olub. Tezliklə ordumuz bunların qarşısı alacaq və sülhə məcbuetmə tədbirləri həyata keçiriləcək. Nəticədə ərazi bütövlüyümüz bərpa olacaq və bayrağımız Xankəndidə də dalğalanacaq. Mən buna inanıram. Onlar havadarlarına arxalanırlar, Paşinyanın ilk zəng etdiyi Rusiya və Fransa olub, çünki havadarlarını orada axtarır, kömək istəyir, amma köməyə heç kəs gələ bilməyəcək. Çünki onlar haqsızdırlar, bu torpaq Azərbaycanındır.
Şəhidlərimizə görə çox üzüldüm, hər bir əsgərin itkisi bizim üçün ağırdır. Allah şəhidlərimizin ruhunu şad eləsin, amma təxribatın qisası alındı, inanıram ki, bundan sonra daha yaxşı işlər olacaq”.
Sənətçi bildirib ki, bu cür təxribatlarla azərbaycanlıları qorxutmaq mümkün deyil:
“Mən düşünürəm ki, belə təxribatlarla azərbaycanlıları qorxutmaq mümükünsüz bir şeydir. Zəngilanda - Ağalıda bizim əhalimiz məskunlaşıb. Artıq Şuşada tikinti-quruculuq işləri başlayıb, Ağdamda tikinti başlayır. İkinci hava limanımız istifadəyə verildi. Gələn il inşallah, Laçındakı hava limanı istifadəyə veriləcək. Bu təkcə hava limanının açılışı deyildi, biz həm də göstərdik ki, lazım olan anda sizin təpənizdə olacağıq! Çünki onlara inam yoxdur, hər zaman ayıq-sayıq olmalıyıq. Mən bütün xalqdan xahiş edirəm ki, dezinformasiyalara inanmasınlar, onları sosial şəbəkələrdə yaymasınlar. Çünki bu gün hər birimiz əsgərimizə dəstək olmalıyıq. Təxribatlara uymaq olmaz”.
Əsmətxanım RZAZADƏ
Telegram kanalımız