“Mən sevmişəm onun ala gözünü,
Nəsib ola bir də görəm üzünü,
Yoxsa danışırsız dilbər sözünü,
Veribsiniz nə baş-başa, durnalar?”
(Qasım bəy Zakir)
Deyir son 75 ilin ən aşağı təbii artım göstəricisi keçən il qeydə alınıbdır: Azərbaycanda hər 1000 nəfərə təbii artım cəmi 5,1 olubdur. Başqa nə gözləyirdik? Toylar qadağan edilib, toysuz doğulan uşaqlara vedrə bağlamaqda da uca millətimiz dünyada öndə gedir. Məsələn, o cür uşaqlara “bic doğulanlar” deyirlər. Məndən olsa günahsız körpələrə damğa vuran adamları “gic doğulanlar” adlandırardım. Bu haqda parlamentdə məsələ qaldıracağam, əgər növbəti seçkilərdə mənə səs versəniz.
Demoqrafik problemlərimizin bir ucu da ekologiyaya dirənir. Yox, suyun-havanın zəhərlənməsi-filanı nəzərdə tutmuram. Ortada sırf loqistik – daşımaçılıq problemi var. Biz yaxşı bilirik ki, təzə uşaqları leyləklər gətirir, onları da ərəb turistlər vurub öldürüblər. Deməli Ərəbistanın təbii artımımıza yaratdığı əngəllər təkcə toyların keçirilməsində, vətəndaşların nikah bağlamasında dini-mənəvi prosedurların çıxardığı hoqqalarla bağlı deyil.
Yeri gəlmişkən, azərbaycanlıların leylək quşuna hacıleylək deməsinin maraqlı kökləri vardır. Bu quşlar payızda isti ölkələrə uçub gedirlər, bizdən cənubda olan belə qışlaq yerlərindən biri Ərəbistan yarımadasıdır. Xalqımız qədim zamanlarda həcc ziyarətinə gedərkən o tərəflərdə leyləklərə rast gəlmiş, bir növ, onların da ziyarət elədiyini düşünüb “hacıleylək” adlandırmışdır. Bu baxımdan, şeyximizin 27 dəfə həcc səfərində olan qudası Hacı Qalibdən xahiş edirik ərəb turistlərin ov mövsümündə çox da ortalarda görünməsin. Bizdə ov zamanı qulaqları sonradan saymaq kimi pis adət var. Düzdür, o dovşana aid idi, ancaq ovçunun gözünü qan örtəndə baxmır ki, vurduğu kimdir? Sezar pizza
Ümumiyyətlə, bu hacıleylək teması siyasi baxımdan da təhlükəlidir, odla oynamaqdır, rəhmətlik Hacı Əbdül sağ olsa sözlərimi təsdiqləyərdi. Son olaraq onu yazmaq istəyirəm ki, biz gərək öz şeyximiz Allahşükür müəllimin qədrini bilək, ona qızıldan, gümüşdən, lap elə brilyantdan heykəl qoyaq. 40 ildir şeyxdir, bir sərçəyə daş atmayıbdır. Ərəb şeyxlərinin oyunlarını isə gördünüz. Hərçənd, bir ara bəzi qələmigöyçək jurnalistlər yazırdılar ki, guya bizim şeyx də ov üçün Çexiyanın Praqa, Karlovı Varı şəhrlərinə yollanır. Hamısı paxıllıqdan, inkişafımızı gözü götürməzlikdən irəli gəlirdi.
Təbii artımın aşağı düşməsi əhali arasında cinayətkarlığın çoxalmasına səbəb olur. Bir növ, kriminal ünsürlər yiyəsizliyə düşürlər. Bayram günlərində, lap dəqiq yazsam 18 martda ağır cinayət hadisəsinin üstü açılmışdı. İki nəfər gənc Yasamal qəbristanlığından gülləri oğurlayıb satırmış! Dəhşətdir. Məncə bu, korrupsiya, məmur rüşvətxorluğu, seçki saxtalaşdırma və sairə kimi cinayətlərdən daha ağır, daha iyrənc cinayətdir. Bu gün qəbristanlıqdan gül oğurlayıb satan, sabah vətəni də satar! Nə yaxşı hadisə isti izlərlə açılmış, güllər istintaq orqanları tərəfindən aşkar edilib götürülmüşdür.
Hələ bu harasıdır? Ondan cəmi 1 gün qabaq – martın 17-də isə (bunların hamısını dəqiq yazmalıyıq, çünki tarixçilik baxımından önəmlidir) Suraxanı rayonunda 3 gənc tutulmuşdu. Dövlət əmlakı olan 50 metr borunu kəsib, oğurlamaq istəmişdilər! Sanki yiyəsizlikdir. Belələrinə imkan yaratsaq sabah Bakı-Ceyhan borusunu, yaxud, Bakı-Ərzurum qaz kəmərini çırpışdırmaq fikrinə düşərlər. Boru oğurlamaq bizdə ən ağır cinayətlərdən sayılır. Hətta deputatlar təklif edirdilər o işi törədənlərə ölüm cəzası verilsin, müzakirələr bayrama düşdü, bilmədim axırı necə oldu. Məni deputat seçsəniz bu məsələyə də baxaram.
Hələlik bu qədər. Sonda qəbristanlıq mollasından aldığım dəyərli məsləhəti oxucularımızla bölüşürəm: qəbir ziyarətinə gül aparanda onun saplağını qırıb qoyun. Bu zaman oğrularda həmin gülləri oğurlamağa təbii maraq azalır.
Zamin Hacı
Musavat.com
Telegram kanalımız