Bu gün Topaz Premyer Liqasında 23-cü tura start veriləcək.
Sport24.az saytının redaktoru Mehman Süleymanov “Yeni Sabah”a açıqlamasında turla bağlı gözləntilərini şərh edib. O, mövsümün sonuna yaxınlaşdıqca mübarizənin daha da gərginləşdiyini və bunun da maraq doğurduğunu bildirib:
“Premyer Liqamızda mövsüm sona yaxınlaşdıqca mübarizə daha da gərginləşir. Bu gün start veriləcək 23-cü turun qarşılaşmalarının da maraqlı, gərgin olacağı gözlənilir. Şərikli liderlər olan "Neftçi"ylə "Qarabağ"ın bu turdakı rəqibləri Avropa Liqasına düşmək uğrunda mübarizə aparan komandalardır”. pizza mizza
Mehman Süleymanov ilk olaraq, 7 aprel keçiriləcək “Qəbələ” – “Qarabağ” oyunu haqqında fikirlərini bölüşüb:
"Qəbələ" ukraynalı baş məşqçisi Roman Qriqorçukun dövründə Ağdam klubuna çempionluq mübarizəsində əsas rəqib idisə, onu az məğlub etmirdisə, cari mövsümdə fərqli mənzərədir. Təsadüfi deyil ki, "Qəbələ" bu çempionatda "Qarabağ"a hər 3 oyunda uduzub. Buna görə, Qurban Qurbanovun komandasının Sumqayıtdan sonra Qəbələ səfərindən də 3 xalla ayrılmaq şansı böyükdür”.
Jurnalist bu gün baş tutacaq “Neftçi” – “Zirə” oyunundan danışarkən qonaqların heç də asan rəqib olmadığını söyləyib:
"Neftçi" isə bu turda evdə oynasa da, cari mövsümdə ən arzuolunmaz rəqiblərdən biriylə görüşəcək. Çünki "Zirə" "ağ-qaralar"la son 2 oyunda heç-heçə edərək, ondan vacib 4 xalı alıb. "Neftçi” yalnız ilk dövrədə məğlub etsə də, bu, heç də asan olmayıb - 2:1. Buna əsasən demək olar ki, Roberto Bordinin komandasının işi heç də asan olmayacaq. Üstəlik, "Zirə" avrokuboklar zonasından aralı düşməmək üçün çempionatda daha yuxarı pilləyə yüksəlməlidir ki, bunun üçün də qələbə vacibdir. Təbii ki, "Neftçi"yə də liderliyini davam etdirmək üçün. Meydan sahibləri görüşün favoriti olsa da, yenə büdrəyəcəyi istisna olunmur”.
M.Süleymanov bildirib ki, hazırda turnir cədvəlində son pillədə qərarlaşan “Sumqayıt” və ondan cəmi 2 xalla geridə olan “Keşlə” qarşılaşması həlledici görüş ola bilər.
Turun açılış matçında autsayderlər görüşsə də, bu da böyük maraq doğurur. Axı, Sumqayıtdakı qarşılaşma Premyer Liqada qalmaq mübarizəsində həlledici olmalıdır. Son pillədə olan "Sumqayıt" özündən irəlidə olan "Keşlə"ni qonaq edəcək. Komandalar arasında xal fərqinin 2 olması intriqanı artırır. Yəni, "Sumqayıt" qələbə qazanarsa, rəqibini keçərək son pilləni ona təhvil vermiş olacaq. "Keşlə" isə qalib gələrsə, xal fərqini 5-ə artıracaq ki, bununla da Premyer Liqada yerini qorumaq mübarizəsində böyük addım atmış olacaq. "Sumqayıt"ın ötən turda evdə "Qarabağ"dan aldığı 0:6 hesablı ağır məğlubiyyətdən sonra necə toparlanacağı maraq doğurur”.
Son olaraq, “Sabah” – “Səbail” matçını analiz edən jurnalist keçən ay “Səbail”ə keçidi böyük marağa səbəb olan Esyenin bu matçda debüt edəcəyinin gözlənilən olduğunu söyləyib:
“Tura yekun vuracaq "Sabah" - "Səbail" matçında ulduz futbolçu, "Çelsi"nin heyətində Çempionlar Liqasının qalibi olan, "Real", "Milan" kimi klublarda da çıxış etmiş Maykl Essyenin debüt edəcəyi gözləniləndir. "Səbail"in ötən ay transfer etdiyi bu təcrübəli qanalı yarımmüdafiəçinin milli çempionatımızda özünü necə göstərəcəyi böyük maraqla gözlənilir. Komandaların şanslarına gəlincə, ardıcıl 2-ci səfər matçına çıxacaq "Səbail"in avrokuboklara birbaşa vəsiqə verən, uzun müddətdir qərarlaşdığı 3-cü pillədə yerini qorumaq üçün qələbəyə böyük ehtiyacı var. "Sabah" isə uzun müddətdir qalib gələ bilmədiyindən, bu həsrətə son qoymağa çalışacaq”.
Naibə Məmmədova
Telegram kanalımız